“Ermənistanın başqalarının hesabına Avropa İttifaqına yaxınlaşmaq cəhdi qəbuledilməzdir” - Zaxarova

2026/06/1782132388.jpg
Oxunub: 180     16:44     22 İyun 2026    
“Rusiya və Avrasiya İqtisadi Birliyindəki tərəfdaşları Ermənistanın onların hesabına Avropa İttifaqına inteqrasiya olunmağa çalışmasını qəbuledilməz hesab edir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Bir daha vurğulamaq istəyirəm ki, bizim üçün öz maraqlarımız hesabına Avropa İttifaqına doğru hərəkət etməyə yönəlmiş sırf istehlakçı yanaşma qəbuledilməzdir. Liderlərin bəyanatından da göründüyü kimi, Avrasiya inteqrasiyası üzrə tərəfdaşlarımız da eyni mövqedən çıxış edirlər”, - deyə Zaxarova qeyd edib.

O xatırladıb ki, Ermənistan parlamenti mart ayında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib və həmin sənəd aprel ayında prezident Vahaqn Xaçaturyan tərəfindən təsdiqlənib.

Zaxarova həmçinin Rusiya Prezidenti Vladimir Putinin Baş nazir Nikol Paşinyanla görüşü zamanı eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi ilə gömrük ittifaqında olmağın mümkün olmadığını bildirdiyini xatırladıb.

“Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə, təşkilata üzvlük nəticəsində əldə etdiyi bir sıra ticarət üstünlüklərini itirə bilər. Bunlara Birlik ölkələri üçün tətbiq olunan 5 faizlik vahid aşağı tarif dərəcəsi və bəzi hallarda malların gömrüksüz idxalı hüququ da daxildir”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zaxarova  


Bizi "telegram"da izləyin