Ordu.az xəbər verir ki, Türkiyənin “Baykar” şirkəti ilə İtaliyanın “Leonardo” şirkəti tərəfindən həyata keçirilən K-SWARM proqramı çərçivəsində insanlı və pilotsuz hava vasitələrinin birgə fəaliyyət imkanları sınaqdan keçirilib.
May ayında Çorludakı Uçuş və Sınaq Mərkəzində keçirilən testlərdə “Bayraktar” KIZILELMA, “Leonardo” şirkətinə məxsus M-346 Fighter Attack və İtaliya Hərbi Hava Qüvvələrinin T-346A təyyarələri iştirak edib.
Sınaqlar zamanı platformalar arasında qarşılıqlı fəaliyyət, vəzifə bölgüsü və sürü əməliyyatı imkanları yoxlanılıb. “Leonardo” və “Baykar” tərəfindən hazırlanmış yeni nəsil alqoritmlər sayəsində pilotlu və pilotsuz platformaların koordinasiyası real uçuş şəraitində qiymətləndirilib.
Sınaqlar zamanı KIZILELMA avtonom şəkildə taksiləmə və havaya qalxma əməliyyatlarını yerinə yetirib, daha sonra M-346 təyyarəsinin qanadında formasiya uçuşuna qoşulub. Sonrakı mərhələdə M-346 pilotsuz döyüş təyyarəsinin idarə edilməsini öz üzərinə götürüb.
Yeni pilotlu-pilotsuz idarəetmə sistemi vasitəsilə M-346 pilotları müxtəlif uçuş formaları yaradıb, KIZILELMA isə bu əmrləri avtonom şəkildə icra edib. Mövqe dəyişmələri, ayrılma və yenidən birləşmə manevrləri də daxil olmaqla müxtəlif ssenarilər uğurla yerinə yetirilib.
Şirkətlər bildiriblər ki, növbəti mərhələdə daha çox platformanın iştirak etdiyi, daha mürəkkəb və yüksək avtonomluğa malik əməliyyat ssenariləri sınaqdan keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az