Çin orbital stansiyasını iki dəfə böyütməyi planlaşdırır

2026/06/1782129576.jpg
Oxunub: 189     15:57     22 İyun 2026    
Çin mühəndisləri “Tyanqun” milli orbital stansiyasının kütləsini iki dəfə artıraraq 180 tona çatdırmağı planlaşdırırlar.

Ordu.az xəbər verir ki, bu barədə Çin Kosmik Stansiyası Sisteminin baş konstruktoru Yan Hun məlumat verib.

Onun sözlərinə görə, stansiya altı modullu konfiqurasiyaya keçirildikdən sonra hazırkı 90 tonluq kütlə maksimum 180 tona yüksələcək.

Hazırda orbital kompleks “T” formasında birləşdirilmiş üç moduldan ibarətdir. Yeni genişləndirmə modullarının əlavə olunmasından sonra stansiyanın quruluşu dəyişəcək və daha böyük kompleksə çevriləcək.

Layihənin həyata keçirilməsi nəticəsində stansiyada eyni vaxtda daha çox elmi tədqiqat və eksperiment aparmaq mümkün olacaq.

Bundan əlavə, gələcəkdə stansiyada çalışan Çin kosmonavtlarının sayının da artırılması nəzərdə tutulur.

Təxminən 400 kilometr yüksəklikdə yerləşən “Tyanqun” orbital stansiyası üç nəfərlik ekipaj üçün nəzərdə tutulub. Ekipaj dəyişiklikləri zamanı isə qısa müddət ərzində altı nəfərə qədər kosmonavtı qəbul edə bilir.

2022-ci ildən tam fəaliyyətə başlayan stansiya hazırda beynəlxalq və milli elmi proqramların icrasında istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tyanqun  


Bizi "telegram"da izləyin