Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, 2024-cü ilin sentyabrından 2026-cı ilin aprel ayına qədər davam edən uçuş sınaqları inteqrasiya proqramında mühüm mərhələ hesab olunur.
Bildirilir ki, LRASM-in F-35C platformasına inteqrasiyası qırıcının xüsusilə yüksək təhdid mühitində dəniz hədəflərinə qarşı uzaqmənzilli dəqiq zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Aşağı radara görünmə xüsusiyyətlərinə malik olan LRASM düşmənin hava hücumundan müdafiə sistemlərinin təsir zonasına daxil olmadan döyüş gəmiləri kimi yüksək dəyərli hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Beləliklə, F-35C yalnız hava üstünlüyü və quru hədəflərinə zərbə missiyalarında deyil, dəniz əməliyyatlarında da daha effektiv rol oynayacaq. Sınaqların ilk mərhələsində F-35C-nin gövdəaltı asqılarında daşınan ağır sursatlarla bütün uçuş rejimlərində davranışı yoxlanılıb.
Uçuş sınaqları zamanı təyyarənin performansı, idarəetmə xüsusiyyətləri və aerodinamik göstəriciləri ətraflı təhlil edilib. Sınaqlarda həm LRASM, həm də AGM-158 JASSM raketlərinin sınaq nümunələrindən istifadə olunub. Bununla da hər iki raketin F-35 platformasına inteqrasiyası üçün ortaq məlumat bazası formalaşdırılıb.
“Lockheed Martin” şirkətinin Hava Hakimiyyəti və Zərbə Sistemləri üzrə vitse-prezidenti Con Hill bildirib ki, LRASM-in F-35-ə inteqrasiyası istifadəçilərə daha geniş əməliyyat imkanları və yüksək çeviklik qazandıracaq. Hazırda LRASM ABŞ Hərbi Hava Qüvvələrinin B-1B “Lancer” bombardmançıları və ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18E/F “Super Hornet” qırıcılarında istifadə olunur.
Raketin F-35C-yə inteqrasiyası ilə ABŞ Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq beşinci nəsil aşağı görünmə xüsusiyyətli qırıcıdan uzaqmənzilli gəmi əleyhinə zərbə endirmək qabiliyyəti əldə etmiş olacaq.
Mütəxəssislər hesab edirlər ki, proqramın tamamlanması F-35 platformasının həm dəniz, həm də quru hədəflərinə qarşı əməliyyat imkanlarını daha da genişləndirəcək.
Sevinc Əliyeva
Ordu.az