Yunanıstan hava və dəniz qüvvələrini gücləndirir

2026/06/1781268051.jpg
Oxunub: 185     16:40     12 İyun 2026    
Yunanıstan silahlı qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində yeni müdafiə satınalmaları paketini təsdiqləyib.

Ordu.az xəbər verir ki, Yunanıstan parlamentinin aidiyyəti komitəsi tərəfindən qəbul edilən paket yeni hərbi nəqliyyat təyyarələrinin, Pilotsuz Uçuş Aparatlarının (PUA), mini sualtı qayıqların alınmasını və döyüş gəmilərinin modernləşdirilməsini nəzərdə tutur.

Ümumi dəyəri təxminən 1,39 milyard dollar olan proqramın yekun təsdiq üçün Yunanıstanın ən yüksək müdafiə qərarvermə orqanı olan KYSEA-ya təqdim ediləcəyi gözlənilir.

Paketin ən diqqətçəkən hissələrindən biri Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal olunan C-390 “Millennium” hərbi nəqliyyat təyyarələrinin alınmasıdır. Yunanıstan köhnəlmiş C-130 “Hercules” və C-27 nəqliyyat təyyarələrini əvəz etmək məqsədilə üç ədəd C-390 “Millennium” tədarük edəcək.

Məlumata görə, ayrılan büdcənin təxminən yarısı təyyarələrin alınmasına, logistika və texniki xidmət fəaliyyətlərinə yönəldiləcək. Bundan başqa, proqram çərçivəsində Yunanıstanın insansız sistem imkanlarının artırılması da nəzərdə tutulur.

Bu məqsədlə İsrail istehsalı olan bir HERON PUA sistemi və ABŞ istehsalı 10 ədəd V-BAT şaquli qalxma və enmə qabiliyyətinə malik PUA alınacaq. HERON sistemi 1270 kiloqram maksimum qalxma çəkisinə və 470 kiloqram faydalı yük daşıma qabiliyyətinə malikdir. Platforma 45 saata qədər havada qala bilir və müxtəlif kəşfiyyat, müşahidə və hədəf aşkarlama tapşırıqlarını yerinə yetirə bilir.

Satınalma paketinə Böyük Britaniyada hazırlanmış 10 ədəd VICTA mini sualtı qayığının alınması da daxildir. Bu platformaların xüsusi təyinatlı qüvvələr tərəfindən gizli intikal və xüsusi əməliyyatlarda istifadə olunması planlaşdırılır.

Təxminən 12 metr uzunluğa malik VICTA iki nəfərlik heyətlə yanaşı altı xüsusi təyinatlı hərbçini daşıya bilir. Platforma suüstündə 40 düyündən artıq sürətə və 250 dəniz mili əməliyyat məsafəsinə malikdir. Müdafiə paketinin dəniz komponenti çərçivəsində Yunanıstan Hərbi Dəniz Qüvvələrinin inventarında olan dörd ədəd MEKO-200 sinfinə məxsus freqatın modernləşdirilməsi də nəzərdə tutulur.

Modernləşdirmə proqramı çərçivəsində gəmilərin radarları, döyüş idarəetmə sistemləri, radioelektron mübarizə və rabitə avadanlıqları yenilənəcək, onların istismar müddəti daha 15-20 il uzadılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ordu   Dəniz   PUA  


Bizi "telegram"da izləyin