Türkiyə aviasiyası tarixində ilk: HÜRJET və “Türk Ulduzları” 10 təyyarə ilə birgə uçuş həyata keçirdi

2026/06/1781267545.jpg
Oxunub: 245     16:31     12 İyun 2026    
Türkiyə aviasiyasında ilk dəfə olaraq 10 təyyarənin eyni düzülüşdə birgə uçuşu həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Türk Ulduzları”nın səkkiz təyyarədən ibarət qrupuna iki HÜRJET qoşularaq Türkiyə aviasiyası tarixində ilk dəfə 10 təyyarə ilə qrup uçuşu icra olunub.

Qurumun açıqlamasında qeyd olunub ki, yerli imkanlarla hazırlanmış HÜRJET-in “Türk Ulduzları” ilə eyni səmada uçması Türkiyə mühəndisliyinin və aviasiya sahəsində əldə olunan səviyyənin göstəricisidir.

Məlumata görə, TUSAŞ tərəfindən hazırlanan HÜRJET yalnız reaktiv təlim təyyarəsi deyil, eyni zamanda müxtəlif missiyalara uyğunlaşdırıla bilən platforma kimi inkişaf etdirilir.

Bu çərçivədə HÜRJET-in dəniz əsaslı versiyasının yaradılması istiqamətində də işlərə başlanılıb. “Mavi Vətən” konsepsiyasına uyğun hazırlanacaq variantın gələcəkdə aviadaşıyıcılardan və qısa uçuş-enmə zolağına malik insansız dəniz platformalarından fəaliyyət göstərə bilməsi nəzərdə tutulur.

Dəniz əsaslı versiyada gücləndirilmiş eniş qurğuları, konstruktiv təkmilləşdirmələr və göyərtə əməliyyatları üçün tutucu qarmaq sisteminin quraşdırılması planlaşdırılır. Platformanın həmçinin duzlu su və yüksək rütubət şəraitinə qarşı xüsusi mühafizə sistemləri ilə təchiz olunacağı gözlənilir.

HÜRJET beynəlxalq bazarda da uğur qazanıb. Türkiyə ilə İspaniya arasında imzalanan sazişə əsasən, HÜRJET-in İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi qərara alınıb.

“Airbus” ilə həyata keçirilən proqram çərçivəsində ilk təhvilin 2028-ci ildə başlaması, təyyarələrin 2029-2030-cu illərdə təlim fəaliyyətlərində istifadəyə verilməsi və 2030-2035-ci illərdə ümumilikdə 30 HÜRJET-in İspaniya inventarına daxil olması planlaşdırılır.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün daha əvvəl bu sazişlə bağlı açıqlamasında bunun bütün dünyaya elan edilən mühüm razılaşma olduğunu bildirmişdi.

HÜRJET proqramında son dövrdə mühərrik sahəsində də mühüm addım atılıb. TUSAŞ ilə GE Aerospace arasında HÜRJET-də istifadə olunan F404 mühərrikləri ilə bağlı yeni müqavilə imzalanıb.

TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu bildirib ki, bu saziş proqram üçün mühüm dönüş nöqtəsidir və GE “Aerospace” ilə uzunmüddətli əməkdaşlıq HÜRJET-in müasir, etibarlı və qlobal miqyasda rəqabətqabiliyyətli təlim platforması kimi inkişafını dəstəkləyir.

Mütəxəssislərin fikrincə, “Türk Ulduzları” ilə həyata keçirilən 10 təyyarəli birgə uçuş HÜRJET-in əldə etdiyi imkanları nümayiş etdirir və platformanın gələcək ixrac layihələri ilə daha geniş istifadə sahəsinə malik olacağını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HÜRJET   Aviasiya  


Bizi "telegram"da izləyin