Türkiyənin vitse-prezidenti MKE-nin Samsundakı yeni istehsal müəssisəsində olub

2026/06/45345-1781248487.jpg
Oxunub: 256     11:16     12 İyun 2026    
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz MKE tərəfindən Samsunda həyata keçirilən yeni istehsal müəssisəsi layihəsində aparılan işlərlə tanış olub.

Ordu.az xəbər verir ki, bu barədə MKE məlumat yayıb.

Səfər çərçivəsində müəssisədə görülən işlər barədə məlumat alan Yılmaz zavodun yenilənmə prosesi və planlaşdırılan istehsal fəaliyyətlərini yerində qiymətləndirib.

MKE Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfi istiqamətində strateji istehsal infrastrukturunu genişləndirməyə və milli müdafiə imkanlarını davamlı şəkildə artırmağa davam edir.

Bu məqsədlə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını yerli imkanlarla təmin etmək və xarici asılılığı azaltmaq üçün 2023-2027-ci illəri əhatə edən ümumilikdə 1,5 milyard dollarlıq investisiya proqramı həyata keçirilir.

Həmin proqramın mühüm layihələrindən biri olan Samsun müəssisəsində fəaliyyətini dayandırmış köhnə şəkər zavodu tamamilə yenilənərək strateji istehsal obyektinə çevriləcək.

Təxminən 10 milyon dollar sərmayə qoyulan müəssisədə MK seriyalı aviasiya bombalarının istehsalı həyata keçiriləcək. Zavodun istismara verilməsi ilə MKE-nin xüsusilə MK seriyalı aviasiya bombalarının istehsal gücündə ciddi artım əldə etməsi planlaşdırılır.

Yeni müəssisə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının daha sürətli və səmərəli şəkildə qarşılanmasına töhfə verməklə yanaşı, MKE-nin sursat istehsalı sahəsində strateji imkanlarını da gücləndirəcək.

Müəssisənin 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.

Layihənin MKE-nin son illərdə həyata keçirdiyi genişmiqyaslı investisiya proqramının mühüm hissələrindən biri olacağı və Türkiyənin müdafiə sənayesinin istehsal potensialına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MKE   Cevdet-Yılmaz  


Bizi "telegram"da izləyin