“Eurodrone” proqramında tərəfdaş dəyişikliyi: “Dassault”un yerini “Liebherr” tutur

2026/06/1781248926.jpg
Oxunub: 249     11:24     12 İyun 2026    
Almaniyanın çoxsahəli “Liebherr” şirkətinin aviasiya bölməsi Almaniya, Fransa, İspaniya və İtaliyanın birgə həyata keçirdiyi “Eurodrone” proqramına qoşulacaq.

Ordu.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr məlumat yayıb.

Məlumata görə, “Liebherr” Fransanın “Dassault” şirkətinin MALE RPAS (Orta Hündürlükdə Uzun Mənzilli Uzaqdan İdarə Olunan Aviasiya Sistemi) layihəsində icra etdiyi mühüm iş paketlərini öz üzərinə götürəcək.

Əldə olunan məlumata əsasən, “Dassault” artıq “Eurodrone” layihəsində iştirak etmir. Proqramın əsas podratçısı olan “Airbus Defence and Space” və “Liebherr” isə məsələ ilə bağlı sualları cavablandırmaqdan imtina ediblər.

Bundan əvvəl “Dassault”un “Eurodrone” proqramı çərçivəsində üzərinə düşən vəzifələri gecikdirməklə yerinə yetirdiyi barədə iddialar səsləndirilmişdi. Həmin gecikmələrin şirkətin sənaye konsorsiumundan ayrılmasında rol oynayıb-oynamadığı isə hələ də məlum deyil.

Bu dəyişiklik “Airbus” və “Dassault” arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Hər iki şirkət yaxın vaxtlara qədər FCAS (Gələcəyin Döyüş Hava Sistemi) proqramında tərəfdaş idi. Lakin layihənin ən azı döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutan hissəsinin dayandırıldığı bazar ertəsi elan olunub.

“Airbus Defence and Space” şirkətinin Hava Gücü bölməsinin rəhbəri Jan-Bris Dümon Berlin şəhərində keçirilən ILA Beynəlxalq Aviasiya Sərgisində təşkil olunan mətbuat konfransında bildirib ki, şirkətin əsas vəzifəsi “Eurodrone” proqramını uğurla başa çatdırmaqdır və bu məqsədə nail olunacağına əmindirlər.

Dümon vurğulayıb ki, Fransa layihədə tərəfdaş kimi qalmağa davam edəcək.

Onun sözlərinə görə, Fransanın proqramdakı iştirakı gələcəkdə sistem üçün veriləcək sifarişlərdən asılı deyil. “Airbus” rəsmisi həmçinin bildirib ki, “Eurodrone” platformasının ilk uçuşunun ən gec 2029-cu ildə həyata keçirilməsi planlaşdırılır.

Dümonun sözlərinə görə, “Dassault” proqram çərçivəsində uçuş idarəetmə sistemi və iki alt sistemə cavabdeh idi. “Liebherr” isə sabitqanadlı təyyarələr və helikopterlər üçün tam uçuş idarəetmə və nəzarət sistemlərinin hazırlanması və istehsalı sahəsində ixtisaslaşıb.

Şirkətin mövcud təcrübəsi onun üzərinə götürəcəyi yeni iş paketləri ilə tam uyğunluq təşkil edir. Sənaye liderliyi “Airbus Defence and Space” tərəfindən həyata keçirilən böyük ölçülü pilotsuz uçuş aparatı daha əvvəl dəniz müşahidəsi və sualtı qayıqlara qarşı mübarizə missiyaları üçün də təklif olunmuşdu.

Layihə yalnız dörd tərəfdaş ölkənin deyil, digər dövlətlərin də marağına səbəb olub. Yaponiya artıq bir neçə ildir ki, proqramda müşahidəçi statusu ilə iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurodrone   Dassault   Liebherr  


Bizi "telegram"da izləyin