Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Mandatları götürmək, yoxsa götürməmək?” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, “Güclü Ermənistanda” blokunun nümayəndəsi Narek Karapetyan seçkilərin nəticələrinin ləğv olunması tələbi ilə bu gün Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklərini açıqlasa da, Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvədə mandatların qəbul edilməsinin tərəfdarları da var.
“Xüsusilə hesab olunur ki, yenidən səslərin sayılması nəticəsində Çiçəklənən Ermənistan Partiyası parlamentə düşərsə, bu mövqe daha da güclənə bilər. Mənbənin sözlərinə görə, Samvel Karapetyan seçkilərdən sonra gələcək fraksiya üzvləri ilə bu məsələni hələ müzakirə etməyib. Narek Karapetyan və bir neçə nəfər istisna olmaqla, gələcək deputatlar onunla ümumiyyətlə görüşməyiblər.
Deputatlığa namizədlərin əksəriyyəti parlamentə getməyin tərəfdarıdır. Lakin Samvel Karapetyanın mövqeyi hələlik məlum deyil. Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunda da mandatların qəbul edilməsinə meyl olduğu bildirilir. Burada əsas arqument hakimiyyətin zəif mövqeyindən istifadə etmək və gələcəkdə Nikol Paşinyana etimadsızlıq göstərilməsi üçün imkan yaranacağı təqdirdə bundan yararlanmaqdır”, - deyə nəşr bildirib.
Qeyd olunur ki, mandatlardan imtina etmək çıxış yolu hesab edilmir. Nümunə kimi Gürcüstan göstərilir.
“Belə ki, müxalifət Avropanın güclü dəstəyinə baxmayaraq mandatları qəbul etmədi, lakin bu addım hakim partiya və hökumətin fəaliyyətinə ciddi təsir göstərmədi. Yekun və vahid qərar “Güclü Ermənistan” və “Hayastan” blokları tərəfindən birgə şəkildə veriləcək”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az