"Serbiya" sözünə uyğun 144 nəticə tapıldı!

Azərbaycan HHQ MiQ-29-lardan imtina edəcəkmi?| Statistik göstəricilər (HƏRBİ EKSPERT)

2019/07/65427-1564120339.jpg
Oxunub: 6274     10:21     26 İyul 2019    
Azərbaycan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısının iyulun 24-də gecə təlim-məşq uçuşları zamanı qəzaya uğraması və pilot polkovnik-leytenant Rəşad Atakişiyevin itkin düşməsi hami kimi Ordu.az redaksiyasını da sarsıtdı. Təcrübəli pilotumuzun xilas ediləcəyinə hələ də ümidimizi itirmədən bu qırıcı təyyarələrin iştirakı ilə son illərdə baş verən qəzaların xronologiyasına diqqət yetirməyi qərara aldıq. Əvvəlcə MiQ-29 qırıcıları ilə bir az yaxından tanış olaq.

MiQ-29 Sovet İttifaqında hazırlanan iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən layihəsinə başlanılan bu qırıcı, öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb.


Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilən yüksək dəqiqlikli və uzun mənzilli “hava-yer” silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrildi.

Rusiya HHQ hazırda öz silahlanmasında olan mövcud qırıcıları MiQ-29SMT səviyyəsində modernləşdirmək istəsə də maliyyə çətinliklərinə görə bu plan tamamlanmayıb. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir. Sovet İttifaqının dağılmasından sonra Rusiya HHQ də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Əlcəzair, Banqladeş, Kuba, Eritreya, Macarıstan, Hindistan, İran, Qazaxıstan, Malayziya, Myanma, KXDR, Peru, Polşa, Serbiya, Şri-Lanka, Slovakiya, Sudan, Suriya, Türkmənistan, Ukrayna, Özbəkistan da bu təyyarələrdən istifadə edir.

1974-cü ildə hazırlanmasına başlanan ilkin MiQ-29A prototipi 1977-ci ildə ilk sınaq uçuşunu etdi. Sınaqların nəticəsi kimi yaradılan MiQ-29B prototipi 1982-ci ildə silahlanmaya qəbul edildi.


ABŞ-ın yüngül qırıcı təyyarə- F-16 ilə bağlı proqramını başlatması MiQ-29-ların layihələndirilməsinə ciddi təsir etdi: bahalı, ağır, yüksək radiuslu radarları olan F-15-ə qarşı Su-27, yüngül F-16-ya cavab olaraq MiQ-29 hazırlanmağa başlandı. Suriya, Misir HHQ-yə aid MiQ-lərin daima İsrail HHQ-yə məxsus qırıcılarla mübarizə apardığına nəzər salsaq, Sovet mühəndislərinin ABŞ qırıcılarına qarşı mübarizəsinin səmərəli olduğunu deyə bilmərik. 1989-cu ildə İsrail HHQ-yə aid 2 ədəd F-15C döyüş təyyarəsinin Suriya ordusuna aid 2 ədəd MiQ-29 qırıcısını məhv etməsini xatırlatmaq yetərlidir. Suriyanın MiQ-29 döyüş təyyarələri 2013-cü ilin oktyabrından etibarən, Suriya vətəndaş müharibəsində iştirak etsə də, hələki təyinatına uyğun ciddi bir döyüş uğuru ilə yadda qalmayıb.

MiQ-29 qırıcısının silahlanmasında iç asqılarda daşına bilən, orta məsafəli “hava-hava” tipli “Vımpel” R-27, idarəolunmayan bomba və raketlər daxildir. Bəzi qırıcı modelləri tək nüvə bombası da daşıya bilirlər. Yan asqılarda hava döyüşləri üçün R-73 və köhnə R-60 raketləri daşınıla bilər. Təkmilləşdirilmiş versiyaları lazer başlıqlı, elektro-optik və “hava-yer” tipli raketlər də daşıya bilir. Qanadlı raketlərin inteqrasiyası mümkündür.

Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 m olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla da təchiz edilir.

Qırıcıların təxmini dəyəri 40 milyon dollara yaxındır. Rusiyadan sonra ən çox istifadə edən ölkə Hindistandır. Almaniya Demokratik Respublikasına da 24 ədəd MiQ-29 mövcud olub. 1990-cu ilin noyabrında Almaniyanın birləşməsi ilə ADR-də olan bütün texnikalar kimi bu qırıcılar da, Qərbi Almaniya HHQ-yə (Lüftvaffe) daxil edildi. 2003-cü ilin sentyabrında Almaniyanın 23 ədəd qırıcısından 22 ədədi cəmi 1 avroya Polşa HHQ-yə satıldı.

Taktiki-Texniki Xüsusiyyətləri



Ümumi parametrlər
Heyət: 1
Uzunluğu: 17,37 m
Qanad açılmı: 11,4 m
Hündürlük: 4,73 m
Qanadının sahəsi: 38 m2
Boş çəki: 11,000 kq
Yüklü çəki: 16,800 kq
Maksimal qalxma çəkisi: 21,000 kq
Güc təminatçısı: 2 ədəd RD-33 Turbo Reaktiv Mühərrik, hər birinin dartı qüvvəsi 8,300 kq (8,14 kN)

Uçuş keyfiyyətləri
Maksimal sürət: 2,25 Max (2400 km/s)
Alçaq uçuşlarda: 1,25 Max (1500 km/s)
Maksimal uçuş məsafəsi: 2,100 km
Uçuş tavanı: 18,013 m
Qanad yüklənməsi: 440 kq/m2
Silahlanması: R-27, R-60, R-73 “hava-hava” tipli raketlər


Qəzalar

Dünyada heç bir aviasiya vasitəsi qəzadan 100% sığortalana bilməz. Qəzalar daim baş verib, verir və verəcək. Lakin qəzaların səbəblərinin araşdırılması, baş vermə səbəblərinin dəqiq təyin edilməsi və təkrar edilməməsi üçün tədbirlərin görülməsi vacib elementdir. Bu elementin icrasında kiçik bir diqqətsizlik belə qəzaya, bəzən isə böyük fəlakətlərə gətirib çıxarır.


Son 10 il ərzində MiQ-29 qırıcılarının yalnız istehsalçı ölkə ərazisində baş verən qəzaları və fəlakətlərinin xronologiyasına nəzər salaq. Ümumiyyətlə MiQ ailəsinə aid qırıcıların çoxsaylı qəzaları ilə tez-tez, xüsusən də Hindistan ərazisində rast gəlirik. 2008-ci ilin əvvəlindən etibarən, Rusiya Federasiyasının özündə belə MiQ-29 qırıcılarının müxtəlif modifikasiyaları 13 qəza ilə üzləşib. Qəzalarda 7 nəfər ölüb.

Bu qəzalardan bir neçəsinə nəzər salaq:

2008-ci ilin oktyabrın 17-də Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin 120-ci qırıcı aviaqanadının MiQ-29 qırıcısı (bort nömrəsi “11 ağ”) Çita vilayətinin Xadakta kəndi yaxınlığında bataqlıq ərazidə yerə düşdü. Qəzaya səbəb kimi korroziya və metal yorğunluq çatlamaları göstərildi. Pilot kapitan Mixail Polorotov katapult edərək sağ qaldı.


2008-ci ilin dekabrın 5-də Çita bölgəsindəki İnqoda kəndindən 700 metr şimal-qərbdə Rusiya Hərbi Hava Qüvvələrinin 120-ci qırıcı aviaqanadının MiQ-29 qırıcısı (bort nömrəsi “55 ağ”) qəzaya uğradı və pilot polkovnik-leytenant Valerian Kokarev həlak oldu. 17 oktyabrda bənzər bir hadisədə olduğu kimi, bu fəlakətə də səbəb kimi korroziya və metal yorğunluğu göstərildi.

2009-cu ilin iyulun 15-də Andreapol (Tver vilayəti) - Perm marşrutu ilə uçuşda, Rusiya Hərbi Hava Qüvvələrinin 28-ci qırıcı aviasiya alayının MiQ-29 təyyarəsinin buraxılış qapağının nasazlığı səbəbiylə kabin germetikliyi pozuldu. Pilot polkovnik-leytenant İqor Stepnov təyyarəni təyin olunan aerodroma endirməyə müvəffəq oldu, lakin enmədən bir neçə saat sonra hospitalda beyninə maye toplanmasından öldü.

2011-ci ilin iyunun 23-də Həştərxan vilayətinin Axtubinski rayonundakı Kabakovo kəndi ərazisində 929-cu Rusiya Hərbi Hava Qüvvələrinin Dövlət Sınaq Mərkəzinin MiQ-29KUB göyərtə qırıcısının (bort nömrəsi “927 mavi”) sınaq uçuşu zamanı fəlakət baş verdi. Qırıcı mühərrikləri maksimum rejimdə 2700 m yüksəklikdən enərək yarım halqa döngəni həyata keçirərkən toprağa çırpıldı. Ekipaj üzvləri polkovnik Aleksandr Krulalin və polkovnik Oleq Spiçka (2012-ci ildə hər iki pilot ölümündən sonra Rusiyanın Qəhrəmanı adına layiq görüldü) həlak oldular. Fəlakətin ehtimal olunan səbəbləri arasında qanadın bükülmə mexanizmində nasazlıq göstərildi.


2012-ci ilin sentyabrın 6-da Çita vilayətindəki Domna hava limanının yaxınlığında Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının 3-cü komandanlığının 412-ci aviabazasının MiQ-29 qırıcısı (bort nömrəsi “12 ağ”) aşağı hündürlükdə gecə uçuşunda pilotaj fiquru yerinə yetirərkən yüksəlmədən çıxa bilmədi və təpəyə çırpıldı. Beş il əvvəl yanan MiQ-29 təyyarəsini endirməyi bacaran pilot - polkovnik-leytenant Albert Haciyarov həlak oldu. Qəza versiyaları arasında idarəetmə və ya həyatı dəstəkləmə sistemlərinin nasazlığı, pilot səhvi və ya karbonmonoksit qazı ilə pilotun zəhərlənməsi yer aldı.

2014-cü ilin iyulun 27-də də Həştərxan vilayətinin Privoljsk rayonunun Streletskoe kəndi ərazisində planlı təlim uçuşu yerinə yetirərkən 185-ci Rusiya HHQ-nin döyüş hazırlığı və döyüş tətbiqi təlim Mərkəzinin MiQ-29 qırıcısı (bort nömrəsi “29 mavi”, qeydiyyat nömrəsi RF-47105) qəzaya uğradı. Pilot polkovnik-leytenant Aleksey Dvinyaninov həlak oldu. Qəzaya səbəb kimi texnikanın nasazlığı ehtimal edildi.


2014-cü ilin dekabrın 4-də Moskva vilayətinin Voskresenski rayonunun Çemodurovo kəndi ərazisindəki MiQ-29KUB göyərtə qırıcısı (qeydiyyat nömrəsi “204 qara”) təlim uçuşu zamanı Jukovskiydəki aerodroma qayıdan zaman yerə düşdü. Sınaq pilotları Sergey Rıbnikov və Vadim Selivanov katapult etdilər və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildilər. Dekabrın 6-da Rıbnikov xəstəxanada öldü. Qəzaya səbəb kimi qırıcının nasazlığı göstərildi. Təyyarə onu hazırlayan MiQ korporasiyasına məxsus idi.

2015-ci ilin iyunun 5-də Rusiya Hərbi Hava Qüvvələrinin MiQ-29UB qırıcısı (bort nömrəsi “15 mavi”, qeydiyyat nömrəsi RF-92191) Həştərxan vilayətindəki Aşuluk poliqonu ərazisində qəzaya uğradı. Pilotlar polkovnik-leytenat Viktor Tarola və kapitan Aleksey Titarenko katapult etsələr də xəsarət aldılar (birincisi çox ağır vəziyyətdə, ikincisi travmatik beyin xəsarəti və sınıqlar ilə orta ağırlıq vəziyyətində) və hospitala yerləşdirildilər. Qırıcı tamamilə məhv oldu. Qəzaya səbəb kimi texnikanın nasazlığı ehtimal edildi.

2015-ci ilin iyulun 3-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təlim-döyüş uçuşunu həyata keçirən MiQ-29 qırıcısı, Krasnodar diyarındakı Kuşçevskaya aerodromundan 8 km məsafədəki Nardeqin kəndi yaxınlığında sursatsız qəzaya uğradı. Pilot Rusiya Federasiyası Silahlı Qüvvələrinin Uçuş Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Aleksandr Berzan katapult edərək sağ qaldı və xəsarət almadı. Təyyarə tamamilə məhv oldu. Qəzaya səbəb mühərrikdəki yanğın göstərildi.


2016-cı ilin noyabrın 14-də Aralıq dənizində təlim uçuşları zamanı göyərtə qırıcısı MiQ-29K “Sovet İttifaqı Donanması admiralı Kuznetsov” ağır təyyarə daşıyan kreyserə enmə zamanı qəzaya uğradı. Pilot katapult etdi və xilas edildi.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub. Media isə əvvəlki təyyarənin enməsi zamanı gəmidə aerofinişerin qırılmasını və havadakı qırıcı pilotuna nasazlığın nəticələrinin aradan qaldırılmasına qədər gözləməyin əmr edildiyini iddia edir. Nəticədə, gözləmə zonasında uçan qırıcının yanacağı tam azalır və pilot məcburiyyətdən enməyə məcbur olur.

2017-ci ilin aprel ayında Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının 100-cü əlahiddə dəniz qırıcı aviasiya alayından olan MiQ-29K qırıcısı (bort nömrəsi “41 mavi”) Murmansk vilayətindəki sahil aerodromuna enərkən çevrildi. Pilot xəsarət almadı, təyyarə isə zədələndi.

2018-ci ilin oktyabrın 5-də M.M.Qromov adına Rusiya Uçuş Araşdırma İnstitutunun MiQ-29UB qırıcısı təcrübə uçuşu həyata keçirən zaman Moskva vilayətinin şərqində yerləşən Jukovski şəhərindəki Lİİ aerodromundan 50 km məsafədə qəzaya uğradı. İlkin məlumatlara görə, qəzaya mühərrikdə baş veən yanğın səbəb oldu. Ekipaj üzvləri sınaq pilotları Evqeni Krutov və Mixail Kondratenko təyyarəni boş bir əraziyə yönəldə bildilər və katapult etdilər. Kondratenko onurğalarından birinin sınığı ilə xəstəxanaya qaldırıldı, Krutovun isə tibbi yardıma ehtiyacı olmadı.


Azərbaycanda isə MiQ-29 qəzası ikinci dəfədir ki, baş verir. Azərbaycan 2005-2007-ci illərdə Rusiyada istehsal olunan 12 ədəd MiQ-29 və 2 ədəd MiQ-29UB təyyarəsini Ukraynadan ixrac edib.

Azərbaycanda ilk qəza 2008-ci ilin yanvarın 29-da Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin təlim uçuşu zamanı baş verib. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak oldular. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq hələ də mümkün olmayıb. 11 il əvvəl itirdiyimiz şəhid polkovnik-leytenant Fəxrəddin Əsgərovu dəfn etmədən eyni model qırıcıda ikinci polkovnik-leytenant Rəşad Atakişiyevi itirməyimiz ölkəmiz və ordumuz üçün, xüsusən də yaxınları və kollektivi üçün böyük itkidir. Bir pilotun bu rütbəyə və səviyyəyə qədər yetişdirilməsi üçün azı 20 il zaman, milyonlarla vəsait və dünya qədər zəhmət, enerji sərf edilir. Bu qəza ilə bağlı bütün detalların diqqətlə araşdırılacağına əminəm.

Fikrimcə, təyyarələrin müvəqqəti olaraq uçuşlarının dayandırılmasına, hadisələrin səbəblərinin dəqiq təyin edilməsinə, aviaparkın ciddi şəkildə və tam inventarlaşmadan keçirilməsinə, vasitələrin uçuşlara yararlılıq səviyyəsinin komissiya tərəfindən təyin edilməsinə, gərəkdiyində isə bəzi vasitələrin silahlanmadan çıxarılaraq yeni qırıcılarla əvəz edilməsinə ciddi ehtiyac yaranıb.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MiQ-29   Qəza   HHQ