Qərbin seçkiqabağı “hədiyyələri” və TRIPP: Niyə bunlar Ermənistan tarixinin ən geosiyasi seçkiləridir?

2026/06/1780377920.jpg
Oxunub: 181     13:42     05 İyun 2026    
İyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistan Qərblə Rusiya arasında açıq geosiyasi qarşıdurmanın meydanına çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Qərbin seçkiqabağı “hədiyyələri” və TRIPP: Niyə bunlar Ermənistan tarixinin ən geosiyasi seçkiləridir?” başlıqlı məqaləsində yazıb.

Nəşrin yazdığına görə, Moskva seçki kampaniyası dövründə İrəvanın Avropa İttifaqına inteqrasiya siyasəti ilə bağlı ritorikasını getdikcə sərtləşdirir. Rusiya müxtəlif səviyyələrdə bəyan edir ki, “Ermənistan iki toyda birdən oynaya bilməz”. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da bildirib ki, əvvəlcə seçkilərdə kimin qalib gələcəyini görmək, yalnız bundan sonra qərar vermək və müvafiq addımlar atmaq lazımdır.

“Əgər qərbyönlü qüvvələr qalib gəlsələr, bu o deməkdir ki, Ermənistan Avropa İttifaqına doğru irəliləyir. Bu halda həqiqətən də müvafiq tədbirlərin görülməsinə ehtiyac yaranacaq”, - deyə o bildirib.

Məqalədə qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bütün bunların Ermənistanda keçiriləcək seçkilərlə əlaqəsinin olmadığını iddia edir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də özünəməxsus sərt üslubda verdiyi açıqlamalarla “geosiyasi xəyanətlərin” həmişə iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələrə səbəb olduğunu vurğulayıb.

“Ermənistanda bir çoxları Kremlin bu siyasi təzyiqlərinin açıq seçkiqabağı məzmun daşıdığını hesab edir. Seçki kampaniyasının əvvəlində Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, “Ermənistanın rusiyapərəst qüvvələrinin də seçkilərdə fəal iştirak edəcəyini və ölkənin inkişafına alternativ baxış təqdim etmək imkanı əldə edəcəyini gözləyirik”.

“Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindən sonra Rusiya tərəfindən sərt reaksiyalar başlayıb, eyni zamanda Ermənistan məhsullarının ixracında ciddi problemlər yaranıb ki, bu da iqtisadi rıçaqlardan istifadə kimi qiymətləndirilib. Bununla belə, Moskva münasibətləri tam qırmaqdan çəkinir. Belə ki, Putin bir neçə gün əvvəl Nikol Paşinyana zəng edərək onu doğum günü münasibətilə təbrik edib, daha sonra isə seçkilərdən sonra görüşərək bütün məsələləri müzakirə etmək barədə ilkin razılığın olduğu məlum olub”, - deyə nəşr bildirib.

Müəllifin fikrincə, Rusiyanın təzyiq mövzusundan ən çox Ermənistan hakimiyyəti və Qərb istifadə edir, bununla da hakimiyyət ətrafında konsolidasiyanı nümayiş etdirməyə çalışırlar.

Nəşr yazır ki, kollektiv Qərb Paşinyan hakimiyyətini dəstəklədiyini gizlətmir. Seçki kampaniyası dövründə ABŞ dövlət katibi Marko Rubionun İrəvana bir saatlıq səfəri ABŞ dəstəyinin ilk açıq siqnalı olub.

“Bir neçə gün sonra Rubio açıq şəkildə bəyan edib ki, “ruslar Paşinyanın bu seçkilərdə məğlub olmasını istəyirlər”. Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımı ilə Paşinyana şəxsi dəstəyini ifadə edib. Bu günlərdə Ermənistan ilə ABŞ arasında TRIPP (Trump Route for International Peace and Prosperity) çərçivə sazişi imzalanıb. Məqsədi Rusiya və İranı yan keçən yeni nəqliyyat və enerji marşrutu yaratmaq olan bu sənəd birgə müəssisənin nəzarət paketinin 74 faizinin Vaşinqtona verilməsini nəzərdə tutur”, - deyə müəllif yazıb.

Nəşrə görə, Avropa İttifaqı da öz növbəsində “əks-təzyiq” alətlərini işə salıb. Nikol Paşinyan ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında baş tutan telefon danışığı zamanı Avropa Komissiyasının rəhbəri Moskvanın addımlarını “qəbuledilməz iqtisadi təzyiq” adlandırıb.

Məqalədə bildirilir ki, Brüssel operativ dəstək paketi elan edərək Ermənistanın aqrar-ərzaq sektorunun dayanıqlılığının artırılması məqsədilə 50 milyon avro ayırdığını açıqlayıb. Eyni zamanda, Rusiya bazarında problemlərlə üzləşən erməni güllərinin ixracına dəstək göstərmək məqsədilə ilk böyük partiyanın Latviyaya göndəriləcəyi bildirilib.

Müəllif hesab edir ki, bunlar sistemli problemi həll etməyən, lakin Avropa İttifaqının vəziyyəti nəzarətdə saxladığı görüntüsünü yaratmağa xidmət edən kosmetik addımlardır.

“Beləliklə, seçkilərə cəmi üç gün qalmış Brüsselin 50 milyon avroluq təcili paketi və erməni gülləri üçün Latviya bazarının operativ açılması adi iqtisadi əməkdaşlıq kimi qiymətləndirilə bilməz. Bunlar Avropa İttifaqının Paşinyan hökumətinə təqdim etdiyi seçkiqabağı “hədiyyələrdir” və aydın siyasi məqsəd daşıyır.

Brüssel erməni seçicisinə göstərməyə çalışır ki, Avropa vektoru sürətli, hiss olunan və maliyyə baxımından sərfəli nəticələr verir. Bu isə birbaşa olaraq səsvermə öncəsi hakimiyyətin mövqelərinin güclənməsinə və qərbyönlü kursun cəlbediciliyinin artırılmasına xidmət edir”, - deyə məqalədə qeyd olunur.

Məqalə müəllifi vurğulayır ki, Qərb Rusiya bazarının mümkün itkilərinin Avropa maliyyə dəstəyi və yeni logistika marşrutları ilə kompensasiya edilə biləcəyini nümayiş etdirməklə Ermənistan cəmiyyətindəki iqtisadi narahatlıqları azaltmağa çalışır.

Nəşrin qənaətinə görə, seçki ərəfəsində Vaşinqtonla TRIPP sazişinin təcili şəkildə imzalanması da eyni siyasi məqsədə xidmət edir.

“Bütün bu geosiyasi jestlər Ermənistan hakimiyyətinin həyata keçirdiyi və ölkə daxilində ən çox tənqid olunan xarici siyasət xəttini seçicilərin gözündə möhkəmləndirməyə hesablanıb.

Bütün bu proseslər göstərir ki, Ermənistan tarixinin ən geosiyasi seçkilərinin astanasındadır. Böyük güclərin seçki prosesinə misli görünməmiş və açıq müdaxiləsi bunun əsas sübutudur. Moskvanın birbaşa çağırışları və iqtisadi eyhamları, eləcə də Vaşinqton və Brüsselin sürətli maliyyə və strateji “hədiyyələri” göstərir ki, iyunun 7-də erməni seçicisi xarici seçim qarşısında qoyulmağa çalışılır.

Son qərarı isə Ermənistan vətəndaşı verəcək. Bu ən geosiyasi seçkilərdə erməni seçicisi xaricdən diktə olunan gündəmlərlə deyil, öz daxili inamı ilə hərəkət etməlidir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TRIPP   Seçki  


Bizi "telegram"da izləyin