Ermənistan KİV-i: Kəndlilər ciddi itkilərlə üzləşə bilərlər

2026/04/1775489688.jpg
Oxunub: 251     14:19     05 İyun 2026    
Son günlər Ermənistandan Rusiyaya və Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə ixrac olunan məhsullara qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı məlumatlar artmaqdadır. Bu vəziyyət xüsusilə fermerlər və kənd təsərrüfatı istehsalçıları arasında narahatlığı gücləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Kəndlilər ciddi itkilərlə üzləşə bilərlər” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, məhdudiyyətlər kartof, badımcan, quru meyvələr, balıq məhsulları, güllər, eləcə də üzüm, gilas, ərik, gavalı, şaftalı, nektarin və digər kənd təsərrüfatı məhsullarını əhatə edir.

“Yaranmış vəziyyət ilk növbədə ixracla məşğul olan təsərrüfat subyektlərinə, fermerlərə və kəndlilərə zərbə vurur. Onların arasında narazılıq gündən-günə artır. Son günlər sərhəd-keçid məntəqələrində də gərgin vəziyyət müşahidə olunur”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, son iki gün ərzində Bavra və Baqrataşen keçid məntəqələrində mütəmadi olaraq sıxlıqlar və məhdudiyyətlər qeydə alınıb.

“Ermənistan-Gürcüstan sərhədində sürücülər, istixana təsərrüfatlarının sahibləri və fermerlər etiraz aksiyaları keçirərək məhsullarını Avrasiya İqtisadi Birliyi bazarlarına çatdıra bilmədiklərini bildiriblər.

Məlumatlara görə, narazılıq dalğası ölkənin müxtəlif bölgələrində də hiss olunur. Bir çoxları hesab edir ki, mövcud proseslər kənd təsərrüfatı sektoru üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Müxbirlərimiz Bavra keçid məntəqəsi ətrafı da daxil olmaqla müxtəlif yaşayış məntəqələrində fermerlərlə söhbətlər aparıblar. Onların əksəriyyəti mümkün təzyiqlər və problemlərlə bağlı narahatlıqlar səbəbindən adlarının açıqlanmasını istəməyiblər”, - deyə nəşr yazıb.

Fermerlərin sözlərinə görə, hakimiyyət nümayəndələrinin Avropa bazarlarına ixrac imkanları ilə bağlı açıqlamaları hələlik onları inandırmır.

“Bu proseslər praktiki mərhələyə keçənədək məhsulumuz xarab ola bilər. Bundan əlavə, bu həcmdə məhsulun hansı mexanizmlərlə və hansı müddətdə Avropa bazarına çıxarılacağı da aydın deyil”, - deyə nəşrin həmsöhbətlərindən biri bildirib.

Məqalədə qeyd olunur ki, kəndlilər və istehsalçılar dövlət qurumlarından dəqiq cavab ala bilmədiklərindən də şikayətlənirlər.

“Onların sözlərinə görə, vəziyyətin necə həll ediləcəyini öyrənmək üçün hökumət və İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə əlaqə yaratmağa çalışıblar. Lakin bir çox hallarda ya cavab ala bilməyiblər, ya da məsul şəxslərin məsələ ilə bağlı məlumata malik olmadığı bildirilib.

Bunun nəticəsində çoxsaylı təsərrüfat subyektləri özlərini qeyri-müəyyənlik və risk şəraitində hiss edirlər. Onların qiymətləndirməsinə görə, ictimai narazılıq da artmaqda davam edir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Kəndli  


Bizi "telegram"da izləyin