Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Moskvadan pis xəbər alan Paşinyan yeni vədlər verir” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, Putin telefon danışığı zamanı diplomatik və korrekt üslubu qoruyaraq Paşinyanı doğum günü münasibətilə təbrik edib ki, bu da rəsmi məlumatlarda öz əksini tapıb.
“Lakin müzakirələr Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasındakı münasibətlərə və Ermənistanın mümkün seçiminə gəlib çatdıqda, Rusiya tərəfi daha əvvəl səsləndirdiyi mövqeləri bir daha təsdiqləyib. Mənbələrin bildirdiyinə görə, bu mesajlar diplomatik formada səsləndirilsə də, kifayət qədər aydın olub”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, yayılan məlumatlara əsasən, telefon danışığından dərhal sonra baş nazir iqtisadi blokun məsul şəxslərinə yaranmış vəziyyətdən çıxış yollarının axtarılması istiqamətində işləri aktivləşdirmək tapşırığı verib.
“Nəşrin həmsöhbətlərinin qiymətləndirməsinə görə, hakimiyyətdə Ermənistan məhsullarının ixracı ilə bağlı yaranmış problemlərin yaxın gələcəkdə aradan qalxmayacağı, hətta bəzi hallarda daha da dərinləşə biləcəyi ilə bağlı ciddi narahatlıq mövcuddur”, - deyə məqalədə vurğulanıb.
“Bu fonda son günlər İqtisadiyyat Nazirliyinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Ermənistan məhsulları üçün alternativ bazarlar, o cümlədən Avropa istiqamətində yeni imkanlar axtarılır. Eyni zamanda hakimiyyət nümayəndələri mövcud çətinliklərin idarəolunan olduğunu və problemlərin həlli yollarının tapılacağını bildirirlər”, - deyə nəşr yazıb.
Müəllifin sözlərinə görə, hakimiyyətin tənqidçiləri bu açıqlamaların hələlik praktiki nəticələrlə təsdiqlənmədiyini düşünürlər.
“Onların fikrincə, ixrac bazarlarının qısa müddətdə yenidən istiqamətləndirilməsi olduqca mürəkkəb prosesdir. Hakimiyyət nümayəndələrinin səsləndirdiyi optimist qiymətləndirmələr isə daha çox seçkiqabağı xarakter daşıyır və real iqtisadi imkanları tam əks etdirmir.
Beləliklə, ixrac problemləri ətrafında müzakirələr xüsusilə seçki prosesləri ərəfəsində Ermənistanın siyasi gündəminin əsas mövzularından biri olaraq qalmağa davam edir”, - deyə məqalədə qeyd olunub .
Alpər Mövludoğlu
Ordu.az