“Fars”: Trampın İranla mümkün razılaşma barədə açıqlamaları “həqiqət və yalanın qarışığıdır”

2026/05/1779712104.jpg
Oxunub: 393     22:10     29 May 2026    
ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma barədə səsləndirdiyi fikirlər “həqiqət və yalanın qarışığıdır” və vəziyyəti ABŞ-nin siyasi qələbəsi kimi təqdim etmək cəhdidir.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyinə danışan məlumatlı mənbələr bildiriblər.

Mənbələrin sözlərinə görə, “öhdəlik müqabilində öhdəlik” prinsipi əsasında hazırlanmış razılaşma layihəsi hazırda İranda yekun müzakirə mərhələsindədir, lakin onunla bağlı hələ son qərar qəbul edilməyib.

Onlar qeyd ediblər ki, Trampın açıqlamaları sənədin məzmunu ilə ziddiyyət təşkil edir.

ABŞ Prezidenti yekun razılıq əldə olunmadığı halda belə, dəniz blokadasının artıq dayandırıldığını bəyan edib.

Mənbələr Trampın mümkün razılaşmanın əsas müddəalarını təhrif etdiyini iddia ediblər.

Onların sözlərinə görə, Tramp İranın Hörmüz boğazını gəmilərin sərbəst və ödənişsiz keçidi üçün açmağa razılaşdığını bildirib.

Lakin mənbələr vurğulayıblar ki, memorandum layihəsində belə bir müddəa yoxdur.

Onların iddiasına görə, İran yalnız blokadanın dayandırılmasından sonra boğazı özünün müəyyən etdiyi qaydalar çərçivəsində açmağa hazır olduğunu təsdiqləyib.

Bu tədbirlərə gəmilərin monitorinqi və yoxlanılması, təhlükəsizliyin təmin edilməsi və müşayiət xidmətlərinin göstərilməsi daxil ola bilər. Mənbələr bildiriblər ki, Tehran artıq bunun üçün müvafiq infrastrukturu hazırlayır.

Tramp həmçinin İranın nüvə materiallarını ləğv etməyə və ya məhv etməyə razılaşdığını bəyan edib. Lakin məlumatlı mənbələr bu iddianı tamamilə əsassız adlandıraraq layihədə belə bir bəndin olmadığını vurğulayıblar.

Bununla yanaşı, onların sözlərinə görə, Tramp sənəddə yer alan bir sıra əsas şərtlərdən ümumiyyətlə bəhs etməyib. Mənbələr layihənin əsas müddəalarından birinin İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal Tehrana ödənilməsi olduğunu bildiriblər.

Onların sözlərinə görə, bu məbləğ birdəfəlik köçürülməli və həmin şərt yerinə yetirilənə qədər İran danışıqların növbəti mərhələsinə keçmək niyyətində deyil.

Bu öhdəliyin yerinə yetirilməməsi ABŞ tərəfindən razılaşmanın pozulması kimi qiymətləndiriləcək. Bundan başqa, layihədə Livanda “Hizbullah”ın mövqeyinə uyğun şəkildə tam atəşkəsin təmin olunması ilə bağlı müddəanın da yer aldığı bildirilir.

Mənbələr qeyd ediblər ki, yalnız bu şərtlər yerinə yetirildikdən sonra İran bütün sanksiyaların ləğvi və nüvə proqramının gələcək aspektləri barədə müzakirələrə hazır olacaq.

Onlar vurğulayıblar ki, bu müzakirələr yalnız İranın “qırmızı xətləri” çərçivəsində aparılacaq. İran rəsmiləri də bildiriblər ki, istənilən yekun razılaşma İran İslam Respublikasının prinsipləri və şərtləri əsasında formalaşdırılacaq, eyni zamanda ABŞ-yə qarşı tam etimadsızlıq nəzərə alınacaq.

Onların sözlərinə görə, Vaşinqton əldə olunacaq razılaşmaları pozacağı təqdirdə Tehran dərhal cavab tədbirləri görəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin