Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qərar Virciniyanın Şərq Dairə Məhkəməsinin hakimi Leoni Brinkema tərəfindən qəbul edilib.
Qərara əsasən, əlavə hüquqi arqumentlər araşdırılana qədər administrasiyaya fondun yaradılması və fəaliyyəti istiqamətində hər hansı addım atmaq qadağan olunub.
ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Trampın vergi məlumatlarının sızdırılması ilə bağlı ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı iddianın nizamlanması çərçivəsində “Siyasiləşdirməyə Qarşı Fond”un yaradıldığını elan etmişdi.
1,776 milyard dollar həcmində nəzərdə tutulan fonda beş nəfərlik komissiya nəzarət etməli idi. Fondun vəsaitləri “hüquqi təqib” və “siyasi təqib” qurbanı olduqlarını sübut edən şəxslər arasında bölüşdürülməli idi.
Bu terminlər Tramp və onun tərəfdarları tərəfindən ona və müttəfiqlərinə qarşı aparılan istintaq və cinayət işlərini xarakterizə etmək üçün istifadə olunur. Məhkəmənin qərarı bir qrup şəxsin iddiasından sonra qəbul edilib.
Həmin şəxslər bildiriblər ki, özləri Tramp administrasiyasının hədəfinə çevriliblər və fond yaradılarsa, mümkün ödənişlərdən məhrum olacaqlar. İddiaçılar fondun ayrı-seçkilik xarakteri daşıdığını bildiriblər.
Təşəbbüs siyasi dairələrdə də mübahisələrə səbəb olub və bəzi respublikaçılar tərəfindən tənqid edilib.
Onlar narazılıqlarını belə əsaslandırıblar ki, potensial ödəniş alanlar arasında 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak etmiş şəxslər də ola bilər və onların fikrincə, həmin şəxslər vergi ödəyicilərinin vəsaiti hesabına kompensasiya ala bilərlər.
Sevinc Əliyeva
Ordu.az