Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, regionda mövcud olan bütün dəniz minaları məhv edilməlidir.
Tramp bildirib ki, ABŞ daha əvvəl xüsusi sualtı minatəmizləmə vasitələrinin köməyi ilə çoxlu sayda oxşar minaları zərərsizləşdirib.
O əlavə edib ki, İran qalan minaların tam şəkildə çıxarılmasını və ya partladılmasını başa çatdırmalıdır.
ABŞ Prezidenti qeyd edib ki, onun sözləri ilə desək, “misli görünməmiş dəniz blokadası” səbəbindən boğazda ilişib qalan gəmilər artıq geri qayıda biləcəklər.
“Mənim adımdan, sizin sevimli prezidentinizdən həyat yoldaşlarınıza, valideynlərinizə və ailələrinizə salamlar çatdırın”, - deyə Tramp yazıb.
Nüvə proqramına toxunan ABŞ Prezidenti bildirib ki, onun “nüvə tozu” adlandırdığı və dağıdılmış dağların dərinliklərində yerləşdiyini iddia etdiyi zənginləşdirilmiş material ABŞ tərəfindən çıxarılmalıdır.
Trampın sözlərinə görə, bu, “11 ay əvvəl B-2 bombardmançı təyyarələrinin güclü zərbələrindən” sonra mümkün olub.
O qeyd edib ki, ABŞ bu cür əməliyyatların həyata keçirilməsi üçün unikal texniki imkanlara malikdir. Tramp əlavə edib ki, Çin də oxşar imkanlara sahibdir və Vaşinqton bu məsələ üzrə İran İslam Respublikası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birlikdə fəaliyyət göstərəcək.
ABŞ Prezidenti vurğulayıb ki, həmin material məhv edilməlidir. O həmçinin bildirib ki, hazırda hər hansı maliyyə ödənişi nəzərdə tutulmur, daha az əhəmiyyətli digər məsələlər üzrə isə artıq razılıq əldə olunub.
Tramp sonda qeyd edib ki, yekun qərarın qəbul edilməsi üçün Vəziyyət Otağına yollanır.
Sevinc Əliyeva
Ordu.az