Erməni ekspert: “Rusiyanın bazar qiymətlərinə keçməsi Ermənistanda qaz tariflərini 2,5 dəfə artıra bilər”

2026/05/1779968421.jpg
Oxunub: 324     15:38     28 May 2026    
“Rusiyanın qaz satışında bazar qiymətlərinə keçməsi Ermənistan üçün ciddi enerji və iqtisadi problemlər yarada bilər”.

Ordu.az xəbər verir ki, bunu energetika sahəsi üzrə erməni ekspert Vahe Davtyan deyib.

Erməni ekspert Rusiyanın Ermənistanla qaz müqaviləsini dayandırmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib ki, Moskva daha əvvəl də qaz faktorundan digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edib.

Onun sözlərinə görə, Ermənistan onilliklər ərzində postsovet məkanında ən aşağı imtiyazlı qiymətlərlə Rusiya qazı alıb və bu baxımdan yalnız Belarusdan geri qalıb.

Davtyan qeyd edib ki, İrəvan üçün baza qiyməti hər 1000 kubmetr üzrə 165 dollar təşkil edir, kalorilik əmsalı nəzərə alındıqda isə sərhəddə bu rəqəm 177-178 dollara çatır.

“Avropanın qaz birjalarında qiymətlər artıq 700 dollara yaxınlaşıb, böhran dövrlərində isə 2500-2800 dollara qədər yüksəlib. Rusiya tərəfi məhz belə bazar prinsiplərinə keçid barədə xəbərdarlıq edir. Bazar qiymətlərinə keçid baş verərsə, daxili istehlak tarifləri 2,5 dəfə artacaq”, - deyə o bildirib.

Erməni ekspert bunun səbəbini Ermənistanda qazın yekun qiymətinin təxminən 50 faizinin və ya daha çoxunun sərhəd qiymətindən asılı olması ilə izah edib.

O qeyd edib ki, qazın alış qiymətinin üç və ya dörd dəfə bahalaşması dövlət tərəfindən böyük subsidiya ayrılmadığı təqdirdə adi istehlakçılar üçün qiymətlərin dəfələrlə artmasına səbəb olacaq. Onun fikrincə, Ermənistan büdcəsində isə bunun üçün kifayət qədər vəsait yoxdur.

“Zərbə yalnız vətəndaşların büdcəsinə deyil, bütövlükdə iqtisadiyyata təsir göstərəcək. Ermənistanda elektrik enerjisinin təxminən 40-43 faizi təbii qazla işləyən istilik elektrik stansiyalarında istehsal olunur və qazın bahalaşması avtomatik olaraq elektrik enerjisinin qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Nəzəri baxımdan Ermənistan beynəlxalq qurumlardan maliyyə dəstəyi istəyə bilər”, - deyə o vurğulayıb.

Davtyan bu baxımdan Moldovanın Rusiya qazından imtina etdikdən sonra xarici yardımlar hesabına enerji böhranından yayınmasını nümunə göstərib.

Bununla yanaşı, erməni ekspert qeyd edib ki, Beynəlxalq Valyuta Fondu sonradan Moldovaya maliyyələşməni dayandırıb, çünki Avropaya inteqrasiya ilə bağlı siyasi bəyanatlar real institusional islahatlarla müşayiət olunmayıb.

“Bu ssenari Ermənistanda da təkrarlana bilər və bunu istisna etmək olmaz”, - deyə Davtyan bildirib.

Erməni ekspert əlavə edib ki, Ermənistanın bütün qaz nəqli sistemi hələ də tam şəkildə “Qazprom Ermənistan” şirkətinə məxsusdur.

Onun sözlərinə görə, bu isə o deməkdir ki, ölkənin tarif siyasətinin iqtisadi və kommersiya əsaslarını faktiki olaraq Rusiya şirkəti müəyyənləşdirir.

“Belə şəraitdə Rusiya faktorundan yan keçmək sadəcə mümkün deyil”, - deyə Davtyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin