Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri yazıb.
Nəşrə görə, Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Ermənistan Silahlı Qüvvələrinin yeni emblemini nümayiş etdirib.
Papikyan “Facebook”da paylaşdığı videoya əlavə etdiyi açıqlamada bildirib ki, 2001-ci ildə təsdiqlənmiş əvvəlki emblemində bir sıra heraldik, forma və ideoloji çatışmazlıqlar mövcud idi.
“Bu səbəbdən ordunun transformasiyası çərçivəsində emblemin modernləşdirilməsi və düzəlişi prosesi başladılıb”, - deyə Papikyan qeyd edib.
“Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur ki, Silahlı Qüvvələrin emblemi 2001-ci il yanvarın 23-də Ermənistan prezidenti və Silahlı Qüvvələrin ali baş komandanı tərəfindən təsdiqlənmişdi.
Yeni dəyişikliklərə əsasən isə emblem, onun təsviri və əsasnaməsi artıq müdafiə nazirinin əmri ilə təsdiqlənir. Bu dəyişiklik “Müdafiə haqqında” 2017-ci il noyabrın 15-də qəbul olunmuş qanunun 15-ci maddəsinə yeni bənd əlavə olunmaqla həyata keçirilib.
Qanuna əsasən, Silahlı Qüvvələrin emblemi, onun təsviri və əsasnaməsi, həmçinin hərbi geyim formaları və fərqləndirmə nişanlarının qaydaları müdafiə naziri tərəfindən təsdiqlənəcək”, - deyə nəşr bildirib.
“Factor.am” xatırladıb ki, qanuna dəyişikliklər 2026-cı il mayın 11-də qəbul olunub, prezident tərəfindən isə mayın 25-də imzalanıb.
Nəşr qeyd edib ki, mayın 23-də Respublika Meydanında “Respublika günü” yazılmış bannerlər yerləşdirilmişdi və onların üzərində Ermənistan ordusunun yeni embleminə bənzər simvol təsvir olunmuşdu.
“Papikyanın bu gün nümayiş etdirdiyi emblemdən məlum olub ki, həmin bannerlərdə məhz Ermənistan ordusunun yeni emblemi əks etdirilib. Beləliklə, yeni emblem qanunun rəsmi qüvvəyə minməsindən əvvəl istifadə olunub”, - deyə müəllif yazıb.
“Factor.am” məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən şərh istəyib. Nazirliyin mətbuat katibi Aram Torosyan bildirib ki, emblemin dəyişdirilməsi prosesi müəyyən edilmiş prosedurlara uyğun həyata keçirilib.
“Respublika Meydanında mayın 28-də keçiriləcək hərbi paradın hazırlıq işləri təbii olaraq daha əvvəl başlanmışdı. Buraya tədbirin brendinqi də daxildir”, - deyə Torosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az