İlk uçuşun yerdəki sınağı: KAAN tam ölçülü statik sınağı

2026/04/1777193480.jpg
Oxunub: 647     12:49     26 Aprel 2026    
Bir təyyarədə tam ölçülü statik sınaq yalnız möhkəmlik təsdiqi deyil, eyni zamanda layihənin təsdiqi, model uyğunluğu, sertifikatlaşdırma infrastrukturu və uçuş təhlükəsizliyi baxımından strateji mərhələdir.

Müasir döyüş təyyarəsinin ilk uçuşu çox zaman səmada görünən qısa müddətli uğur kimi qəbul olunur. Lakin mühəndislik baxımından həmin uçuşun arxasında uzun proses dayanır və səma ilə ilk görüşün təməli yerdə aparılan sınaqlarla qoyulur. 5-ci nəsil, yüksək manevr qabiliyyətli və aşağı radara görünmə qabiliyyətli platformadan söhbət gedirsə, uçuşdan əvvəl aparılan tam ölçülü statik sınaqlar (Full Scale Static Test/FSST) ən kritik təhlükəsizlik baryerlərindən biri sayılır.


TUSAŞ tərəfindən yayımlanan GÖKVATAN jurnalının 144-cü sayında Tam Ölçülü Statik Sınaq barədə texniki məlumatlara yer verilib. TUSAŞ tərəfindən hazırlanmış Milli Döyüş Təyyarəsi KAAN kimi yüksək struktur performansı tələblərinə malik təyyarədə tam ölçülü statik sınaq yalnız möhkəmlik təsdiqi deyil, eyni zamanda layihənin təsdiqi, model uyğunluğu, sertifikatlaşdırma infrastrukturu və uçuş təhlükəsizliyi baxımından strateji mərhələdir. Tam ölçülü statik sınaq üçün KAAN struktur baxımından uçacaq versiyanın eyni nüsxəsi kimi istehsal olunub.


KAAN-ın minlərlə fut yüksəklikdə, yüksək G qüvvələri altında, çoxsaylı çətin şərtlərdə parçalanmadan, əyilmədən və funksional itki yaşamadan vəzifə yerinə yetirə bilməsi üçün yerdəki sınaq qurğusunda sərhədləri yoxlanılıb. KAAN-a tətbiq edilən tam ölçülü statik sınaq proqramının əsas diqqət mərkəzləri bunlardır:

Limit yükün təsdiqi: Əməliyyat zamanı qarşılaşa biləcəyi ən yüksək yüklərin sınağı
Son yük: Limit yükün 1,5 qatı altında strukturun təhlükəsizlik marjasının (FoS) sübut olunması
FEM uyğunluğu: Rəqəmsal mühitdəki Sonlu Elementlər Modeli ilə fiziki reallığın üst-üstə düşməsi
Sertifikatlaşdırma: Uçuş zərfinin təhlükəsiz şəkildə açılması üçün hüquqi sübut təqdim olunmasıdır.


KAAN gövdəsinə düşən aerodinamik yükləri simulyasiya etmək nəhəng mexaniki orkestri idarə etməyə bənzəyir. Statik sınaq qurğusu təyyarənin hər nöqtəsinə müxtəlif bucaqlardan qüvvə tətbiq edən mürəkkəb arxitekturaya malikdir. Qurğuda istifadə olunan 200-dən çox yüksək tutumlu hidravlik piston qapalı dövrə idarəetmə sistemi ilə sinxron işləyir. Lakin bu nəhəng qüvvələrin təyyarəyə zərər verməməsi üçün yüklər 300-dən çox xüsusi layihələndirilmiş yükləmə yastığı (load pad) və kürəşəkilli oynaqlı yükləmə ağacı bağlantıları vasitəsilə səthə havada süzülürmüş kimi yayılır. Nizamlı işləyən bu hidravlik piston orkestri havadakı bütün şərtləri yerə endirərək pilotların təyyarəni məcbur edə biləcəyindən daha çoxunu etmək üçün hazırlanıb.

Statik sınaq yalnız kənardan basmaq və çəkmək deyil, təyyarəni daxildən də şişirtməkdir. Tam ölçülü statik sınaq ilə:

Daxili yanacaq çənləri hava/maye ilə doldurularaq strukturların bu təzyiqə davamlılığı yoxlanılır.
Yüksək hündürlükdəki təzyiq fərqi (diferensial təzyiq) simulyasiya edilərək gövdə panellərinin möhkəmliyi təsdiqlənir.

Ölçmə infrastrukturu

5 minə yaxın gərginlikölçən (Strain Gage) kanalı: Kritik birləşmə nöqtələri, qanad kökləri və analiz qrupunun kritik hesab etdiyi bütün sahələrdə gərginliyi ölçəcək şəkildə yerləşdirilən cihazlardan milyonlarla məlumat alınır.

LVDT sensorları: Struktur elastikliyini ölçmək üçün həm hidravlik pistonların üzərində, həm də ayrıca təyyarədə müəyyən edilmiş nöqtələrə yerləşdirilərək məsafə dəyişiklikləri izlənir. Beləliklə, qanad ucundan kökünə qədər hər bölmədə hansı yük altında nə qədər əyilmə olacağı qeydə alınır.

Yük elementləri və təzyiq sensorları: Tətbiq olunan qüvvənin düzgünlüyünü təsdiqləyir.

Bu nəhəng məlumat axını əsas gərginlik istiqamətlərini, lokal bükülmə davranışlarını və yük ötürmə mexanizmlərini canlı izləməyə imkan verir. Bütün bu ölçmələr KAAN-ın havada məruz qalacağı yüklərə qarşı verəcəyi reaksiyaları mühəndis heyətinin yerdə anlamasına şərait yaradır.

Sınaq zamanı KAAN minlərlə sensorla əlaqə qurur. Statik sınağın ürəyini təşkil edən və strukturun sinir sistemi kimi işləyən 5 min kanallı məlumat toplama sistemi təyyarənin struktur reaksiyalarını anlıq olaraq rəqəmsal məlumata çevirir.

Risk idarəetməsi və limitlər

Bu statik sınaq yüksək risk daşıyır. Gözlənilməz lokal axma və ya pistonlarda millisaniyəlik sinxronizasiya itkisi prototipə zərər verə bilər. Buna görə yükləmələr çox yavaş şəkildə və mərhələli yükləmə metodu ilə həyata keçirilir. Mühəndislər hər mərhələdə həm yükləmələrin düzgün getdiyini, həm də təyyarənin statik olaraq düzgün vəziyyət və mövqedə olduğunu yoxlayırlar.

Pistonların müəyyən olunmuş yüklərdən kənara çıxmaması üçün yük limitləri çox detallı işlərlə müəyyən edilir. Limitlərdən kənara çıxıldığı anda sistem avtomatik dayanır. Sınaq məlumatları ekranlarda anlıq izlənir. Məlumatlar layihə göstəriciləri ilə canlı müqayisə olunur və mümkün anomaliyalar əvvəlcədən görülərək tədbir görülə bilir.


Tam ölçülü statik sınaqlar başlayanda ortaya çıxan mənzərə qabaqcıl mühəndislik işini əks etdirir. 200-dən çox piston, 5 min sensor və tonlarla yük altında KAAN yerdə hərəkətsiz dayansa da, əslində həmin anda ən çətin vəzifəsini yerinə yetirir. İlk uçuşu mümkün edən böyük etibar əslində sınaq binasında əldə olunan minlərlə məlumatın işığında, səma ilə görüşdən çox əvvəl qazanılır. KAAN-ın statik sınaq uğuru Türkiyənin aviasiya tarixində ən böyük struktur təsdiqi qələbələrindən biri kimi qeydə düşəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   Türkiyə  


Bizi "telegram"da izləyin