CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində sanksiyalar altında olan “Sevan” tankerini saxlayıb

2026/04/1776778894.jpg
Oxunub: 582     11:31     26 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri şənbə günü Ərəb dənizində sanksiyalar altında olan gəmini saxlayıb. Əməliyyat prezident Donald Tramp administrasiyasının İran enerji daşıyıcılarının ixracını bloklamaq tədbirləri çərçivəsində həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, “Sevan” tankeri ABŞ Maliyyə Nazirliyinin cümə günü sanksiya tətbiq etdiyi “kölgə donanması”na aid 19 gəmi arasında olub. Bildirilib ki, həmin gəmilər “milyardlarla dollar dəyərində İran enerji, neft-qaz məhsullarının, o cümlədən propan və butanın xarici bazarlara daşınması” ilə əlaqəlidir.

Mərkəzi Komandanlığın məlumatına əsasən, şənbə günü ABŞ Hərbi Dəniz Qüvvələri ticarət gəmisini saxlamaq üçün helikopter göndərib. Gəmi amerikalı hərbçilərin əmrinə tabe olub və müşayiətlə geri dönərək İran istiqamətinə yönləndirilib.

Daha əvvəl də İran yükləri daşıdığı bildirilən “Sevan” tankeri bu həftə Hörmüz boğazına yaxınlaşarkən müşahidə edilmişdi. Gəmi Dubayda yerləşən “Anka Energy & Logistics Co” şirkətinə məxsusdur və onun tərəfindən idarə olunur.

ABŞ Silahlı Qüvvələri İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin blokadasını gücləndirməkdə davam edir. Mərkəzi Komandanlıq bildirib ki, bu tədbirlər başlanandan etibarən 37 gəmi istiqamətini dəyişib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ  


Bizi "telegram"da izləyin