Fransa yeni nəsil raket sistemlərini sınaqdan keçirdi

2026/04/fence-1776425506.jpg
Oxunub: 362     15:31     17 Aprel 2026    
FLPT-150 və “Thundart” raketlərinin sınaqları Fransada başlayıb.

Ordu.az xəbər verir ki, bu sistemlərdən birinin HIMARS-ın Fransız analoqu kimi xidmət göstərə biləcəyi qiymətləndirilir.

“Forces Operations” tərəfindən yayılan məlumata görə, “Thales”/“ArianeGroup” ilə “Safran”/MBDA konsorsiumları tərəfindən hazırlanmış raketlər bir sıra sınaqlardan keçirilir. Əldə olunacaq nəticələrin Fransanın Baş Silahlanma İdarəsinə (DGA) LRU sistemlərini əvəz edəcək yeni raket buraxılış sistemini (MLRS) seçməyə imkan verməsi gözlənilir.

Fransız rəsmilərinin sözlərinə görə, sınaq atışlarından biri uğurla başa çatıb, ikinci prototiplə bağlı nəticələr isə hələ açıqlanmayıb. Sınaqların növbəti mərhələsinin gələn həftə keçirilməsi planlaşdırılır.

Bütün sınaq prosesinin tamamlanmasından sonra əldə edilən məlumatlar təhlil olunacaq və xərc ilə tətbiq qrafiki arasında ən uyğun tarazlığı təmin edəcək həll müəyyənləşdiriləcək.

LRU-nu əvəz edəcək sistem axtarışı sürətlənib

Fransa Quru Qoşunları mövcud LRU sistemlərinin 2027-ci ildən etibarən inventardan çıxarılmasının planlaşdırılması səbəbindən prosesin sürətlə başladılmasında israr edir.

Hərbi Proqramlaşdırma Qanunundakı yenilənmədən sonra proqram sürət qazansa da, təchizatın miqyası məhdud olaraq qalır. Buna əsasən, 13-26 buraxılış qurğusu ilə təxminən 300 sursatın təchizi planlaşdırılır və təhvilin 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Proqram qarşısındakı mühüm çətinliklərdən biri də hazırda Avropa bazarında mövcud olan ABŞ, İsrail və Cənubi Koreya sistemlərindən gələn güclü rəqabət kimi önə çıxır.

Layihə Uzun Mənzilli Quru Hücumu (FLP-T) proqramı çərçivəsində hazırlanır. Əsas hədəf 150 kilometrdən artıq mənzilə çatmaq və sistemin 2030-cu ilə qədər xidmətə qəbul edilməsidir.

Uzunmüddətli perspektivdə isə zərbə mənzilinin 500-1000 kilometrə çatdırılması planlaşdırılır. Bu iddialı təqvim səbəbindən Fransa yerli sistem seriyalı istehsala çatana qədər yarana biləcək imkan boşluğunu bağlamaq üçün Hindistanın “Pinaka” MLRS sistemini müvəqqəti həll kimi dəyərləndirir.

Bu müddətdə Fransa yerli həllərini də irəlilədib. 2025-ci ilin aprelində “Le-Burje” sərgisində təqdim edilən “Foudre” MLRS ABŞ HIMARS-ı ilə eyni seqmentdə mövqeləndirilir.

Hazırlayıcıların sözlərinə görə, “Foudre” tamamilə Fransa istehsalı olan bir sistemdir və qlobal silah bazarında HIMARS-la birbaşa rəqabət apara biləcək potensiala malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Raket   Sınaq  


Bizi "telegram"da izləyin