Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Ramştayn toplantısında həmkarlarına müraciəti zamanı açıqlama verib.
Adıçəkilən ölkələr bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün belə silahların təchiz edildiyini rəsmi şəkildə açıqlamamışdılar.
Nazir deyib: “PURL proqramı çərçivəsində verdikləri dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirəm. “Patriot” raketləri üçün Almaniyaya, Niderlanda, İspaniyaya və Polşaya, tərəfdaşların lazımi önləyici raketləri ala bilməsinə şərait yaratdığına görə isə ABŞ-yə təşəkkür edirəm”.
Ukrayna qısa müddət əvvəl “Patriot” hava hücumundan müdafiə sistemləri üçün yeni zenit raket partiyası təhvil alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, tərəfdaşlar bu hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti üçün sursat təchizatını davam etdirirlər.
Zelenski deyib: “Hazırda tərəfdaşlar “Patriot” raketlərini transfer edirlər. Xüsusilə son günlərdə yeni partiya çatıb. Hava hücumundan müdafiənin təmin olunması üçün bütün tərəfdaşlarla işləməyə davam edirik”.
Avropadan gələn önləyici raket paketi
Bundan əvvəl Almaniya NATO üzrə tərəfdaşları ilə birlikdə Ukrayna üçün Rusiya ballistik raketlərini vurmaq məqsədilə “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən istifadə olunan PAC-3 önləyici raket paketini hazırlamışdı.
“Spiegel” nəşrinin məlumatına görə, müxtəlif Avropalı tərəfdaşlardan təxminən 30 önləyici raket tədarük edilib.
Bu paket çərçivəsində Almaniya Ukraynaya beş ədəd PAC-3 təhvil verib.
Buna əlavə olaraq, İspaniya hökuməti də Ukraynaya beş ədəd PAC-2 təqdim edəcək.
Sözügedən PAC-2-lər İspaniya Dəniz Piyadaları bazasının yerləşdiyi Valensiyadakı zenit artilleriya alayının inventarında mövcuddur.
Sevinc Əliyeva
Ordu.az