Almaniya kansleri ölkəsinin Hörmüz boğazında tranzit marşrutlarının təmin olunmasında iştirak şərtlərini açıqlayıb

2026/04/1776354508.jpg
Oxunub: 494     19:51     16 Aprel 2026    
Almaniya prinsip etibarilə Hörmüz boğazında tranzit marşrutlarının təmin olunmasında hərbi əməliyyatlar dayandırıldıqdan və BMT mandatı alındıqdan sonra, arzuolunan halda isə Almaniya parlamentinin təsdiqindən sonra iştirak etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu kansler Fridrix Merts bildirib.

“Biz hələ bütün bunlardan çox uzağıq”, - deyə Merts Almaniyanın hansı rol oynaya biləcəyi ilə bağlı suala cavabında qeyd edib.

O, Hörmüz boğazı ilə bağlı açıqlamanı Parisdə keçiriləcək danışıqlardan bir gün əvvəl verib. Onun sözlərinə görə, həmin danışıqlarda ABŞ qüvvələrinin iştirakı müzakirə olunacaq.

Eyni zamanda Almaniya kansleri nəşrin Berlinin minalardan təmizləmə və dəniz nəzarəti sahəsində ekspert bilikləri təqdim etməyə hazır olması barədə məqaləsinə dair suala konkret cavab verməkdən imtina edib.

Merts irlandiyalı həmkarı ilə birgə mətbuat konfransında çıxış edərək vurğulayıb ki, Hörmüz boğazında istənilən missiyadan əvvəl ən azı müvəqqəti atəşkəs zəruridir. O, həmçinin İranın hərbi nüvə proqramının dayandırılmalı olduğunu bildirib.

İrana qarşı ABŞ-nin və İsrailin müharibəsi bütün dünyada neft və qaz tədarükündə görünməmiş pozuntulara səbəb olub. Nəticədə Hörmüz boğazında gəmiçilik dayanıb. Halbuki adətən dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi buradan daşınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Hörmüz  


Bizi "telegram"da izləyin