Ordu.az Alman Xəbər Agentliyinə (DPA) istiandən xəbər verir ki, Almaniya İqtisadiyyat və Enerji Nazirliyi müxalif Sol Partiyanın (Die Linke) hökumətə təqdim etdiyi sorğu təklifinə verdiyi cavabda, ixrac məhdudiyyətlərinin aradan qaldırıldığı 2025-ci il noyabrın 24-ü ilə 2026-cı il martın 27-si arasında Almaniya müdafiə sənayesi istehsalçılarına İsrailə ümumilikdə 166,95 milyon avro dəyərində hərbi material tədarükü üçün lisenziya verildiyini bildirib.
Nazirlik həmçinin məhdudiyyətlərin qüvvədə olduğu dövrdə belə İsrailə 10,44 milyon avroluq ixrac lisenziyası verildiyini qeyd edib.
Gərginlik dövründə verilən təsdiqlər
Sorğu təklifinə verilən cavabda diqqət çəkən digər məqam isə regional gərginliklə bağlı olub. Berlin hökumətinin İsrailin İrana hücumlarının başladığı 2026-cı il fevralın 28-i ilə martın 27-si arasındakı müddətdə 6,6 milyon avroluq silah tədarükünə təsdiq verdiyi bildirilib.
Baş nazir Fridrix Merts 2025-ci il avqustun 8-də İsrailin Qəzzadakı əməliyyatlarını genişləndirmək qərarı ilə əlaqədar bölgədə istifadə oluna biləcək silahların ixracını dayandırmışdı. Lakin bu qərar təxminən 3,5 ay sonra, 2025-ci il noyabrın 24-də ləğv edilib.
Müxalifətdən sərt tənqid
Sol Partiyanın deputatı Ulrix Toden hökuməti İsrailə silah göndərərək bölgədəki müharibəni qızışdırmaqda ittiham edib. Hərbi sənayenin maraqlarının Yaxın Şərqdə sülhə xidmət etmədiyini vurğulayan Toden silah ixracının dərhal və tamamilə dayandırılmasına çağırıb.
Keçmiş satış məlumatları
Almaniyanın Təl-Əvivə silah və hərbi material satışı 2023-cü ildə 327 milyon, 2024-cü ildə isə 161,1 milyon avro olub. Ölkənin İsrailə silah və hərbi material satışı 2023-cü ildə əvvəlki illə müqayisədə 10 dəfə artmışdı.
Qərar mexanizmi
Almaniya hökuməti uzun müddətdir İsrailin “sadiq” dəstəkçisi mövqeyindədir, Almaniyanın siyasi liderləri isə bu dəstəyi İsrailə qarşı ölkənin nasist keçmişi və Holokostdan irəli gələn tarixi məsuliyyətinə istinad edərək müdafiə edirlər.
Ölkədə silah ixracı icazələri İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və Federal İqtisadi İşlər və İxrac Nəzarəti İdarəsinin birgə qiymətləndirməsi ilə qərara bağlanır. Strateji və həssas hallarda isə yekun qərar Baş nazirin və aidiyyəti nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir. Berlin hökuməti üçüncü ölkələr vasitəsilə həyata keçirilən dolayı göndərişlərlə bağlı isə məlumat paylaşmır.
Sevinc Əliyeva
Ordu.az