Ordu.az xəbər verir ki, qərarın son dövrdə yaşanan münaqişələrdən əldə edilən təcrübələr əsasında qəbul edildiyi və qüvvə strukturunun mövcud təhdid mühitinə uyğun şəkildə yenidən formalaşdırıldığı bildirilir.
Yeni komando birlikləri müasir konsepsiyaya uyğun yaradılacaq
Nazirliyin açıqlamasına görə, yaradılacaq yeni komando briqadalarının mövcud birliklərdən fərqli olaraq cari əməliyyat ehtiyaclarına uyğun, daha çevik və müasir quruluşda təşkil edilməsi planlaşdırılır.
Bu çərçivədə birliklərin yüksək hərəkət qabiliyyəti, sürətli intiqal, assimetrik təhdidlərə qarşı effektivlik və çoxşaxəli tapşırıqları icra edə bilmə imkanları ilə təchiz olunması hədəflənir.
Struktur dəyişikliklərinin arxasında sahə təcrübəsi dayanır
Türkiyə Silahlı Qüvvələrinin təşkilati strukturundakı bu dəyişikliyin, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə ABŞ və İsrailin İrana yönəlmiş hücumlarından sonra ortaya çıxan yeni döyüş dinamikalarından çıxarılan dərslərə əsaslandığı bildirilir.
Sözügedən münaqişələrin müasir müharibə meydanında çevik, sürətli və yüksək reaksiya qabiliyyətinə malik birliklərin əhəmiyyətini bir daha ortaya qoyduğu qiymətləndirilir.
MKE istehsal gücünü artırır
Digər tərəfdən, “Makine ve Kimya Endüstrisi” tərəfindən həyata keçirilən 2023-2027-ci illəri əhatə edən 1,5 milyard dollarlıq investisiya proqramı ilə sursat və silah istehsal gücünün artırılacağı bildirilib.
Proqram çərçivəsində 155 mm haubitsa sursatı, 76 mm “Denizhan” Milli Dəniz Topu, raket və minaatan sursatları ilə yüngül silah istehsalında mühüm artımın təmin olunması hədəflənir.
Enerji materiallarında yerli istehsal addımı
Kırıkkaledə qurulacaq Hüseyn Kahya Enerji Materialları Zavodunda nitroselüloz, barıt və raket yanacaqları ilə yanaşı, derişik nitrat turşusu və TNT kimi strateji partlayıcıların istehsal ediləcəyi bildirilir.
Bu investisiyaların Türkiyənin partlayıcı xammalında xarici asılılığı sona çatdırmağa yönəlmiş kritik addım olduğu qiymətləndirilir.
Qətər təmaslarında “Eurofighter” prosesi müzakirə olunub
Açıqlamada Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Qətər səfəri çərçivəsində müdafiə əməkdaşlığı mövzularının müzakirə olunduğu bildirilib.
Görüşlərdə Qətərdən təchiz edilməsi planlaşdırılan “Eurofighter” döyüş təyyarələri ilə bağlı son vəziyyətin də nəzərdən keçirildiyi qeyd olunub.
Türkiyə Silahlı Qüvvələrinin inventarına yeni sistemlər daxil olub
Quru Qoşunları Komandanlığının inventarına müxtəlif sayda FIRTINA-2 haubitsası ilə “Akıncı” zərbə tipli pilotsuz uçuş aparatının qəbul edildiyi bildirilib.
Həmçinin ASELSAN tərəfindən hazırlanan ACAR 300-G Quru və Pilotsuz Uçuş Aparatı Müşahidə Radarlarının da təhvil verildiyi açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az