Erməni ekspert: “İran təkzib etsə də, istisna deyil ki, Naxçıvan istiqamətinə pilotsuz uçuş aparatlarını məhz özü göndərib”

2026/03/1773942985.jpg
Oxunub: 488     14:00     27 Mart 2026    
“ABŞ bu gün çıxılmaz vəziyyətə düşüb, çünki orada çoxları İranı İraq kimi bir dövlət hesab edirdi, lakin bu, qətiyyən belə deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert, tarix elmləri namizədi Mihran Hakopyan deyib.

Onun sözlərinə görə, İran tarixdə heç vaxt imkan verməyib ki, kim olursa-olsun, rəqibi Fərat çayını keçsin.

“Resurslar baxımından konvensional müharibədə heç bir ölkə İrana qalib gələ bilməz. Qələbə üçün quru əməliyyatı lazımdır, İrana qalib gəlmək üçünsə 6-7 milyon əsgər tələb olunur ki, bunu da heç kim özünə rəva görə bilməz. İrana zərər vura bilərlər, amma qalib gələ bilməzlər. ABŞ artıq 10 milyard dollar zərər çəkib. Amerikanın iki aviadaşıyıcısı İranın onları vura biləcəyini anlayaraq geri çəkildi. Hörmüz boğazının bağlanması isə bölgəyə ciddi ziyan vurdu.

İran bu müharibəyə illərdir hazırlaşır və öncədən planlaşdırılmış strategiya ilə hərəkət edir. İranın raketləri dağlarda gizlədilib, onları aşkar etmək demək olar ki, qeyri-mümkündür. Rəhbərliyin sıradan çıxarılması İran üçün kritik nəticə doğurmayacaq, çünki orada kimi kiminlə əvəz edəcəklərini bilirlər”, - deyə Hakopyan qeyd edib.

Onun qiymətləndirməsinə görə, Trampın son mətbuat konfranslarından görünür ki, o da çıxılmaz vəziyyətdədir və nə edəcəyini bilmir.

“Trampın Putinə müraciət edərək İran rəhbərliyi ilə danışıqlarda kömək istədiyi barədə məlumatlar yayılır. Atəşkəs üçün İran bədəl istəyəcək. Müharibəni Tramp və İsrail başladıb, lakin onu bitirmək qərarını artıq təkbaşına ABŞ verməyəcək. Tramp Yaxın Şərqdə dayandırılması çox çətin olan bir müharibəyə start verib”, - deyə Hakopyan vurğulayıb.

O bildirib ki, İran təkzib etsə də, istisna deyil ki, Naxçıvan istiqamətinə pilotsuz uçuş aparatlarını məhz özü göndərib.

“Ermənistanda seçkilərə hazırlaşırlar, amma populyar xətt eynidir. Qarabağ məsələsində nə edəcəyimizlə bağlı heç bir söz yoxdur. Sanki hər şeyi həzm edib keçmişik. Erməni xalqı dövlət sahibi olmaq, yoxsa türk vassalına çevrilmək istəyir? Nikol Paşinyan baş nazir kürsüsünə yalnız geosiyasi konsensus nəticəsində yapışıb. Əgər geosiyasi maraqlar dəyişərsə, 48 saatdan sonra o, hakimiyyətdə olmayacaq.

Mən hesab edirəm ki, hakimiyyət dəyişikliyinə küçə təzyiqi, impiçment və konstitusiya yolu ilə nail olmaq lazımdır”, - deyə Hakopyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakopyan   Ermənistan  


Bizi "telegram"da izləyin