Köçəryan İran ətrafında baş verən inkişaflar barədə: “Ermənistan üçün ekzistensial problemlər yarana bilər”

2026/03/Ekran-1772906391.jpg
Oxunub: 506     21:56     07 Mart 2026    
Ermənistanın ikinci prezidenti, “Hayastan” alyansının lideri Robert Köçəryan və alyansın deputatları Aqnesa Xamoyan və Anna Qriqoryan “Böyük siyasət” podkastının ilk buraxılışı zamanı qonşu İran ətrafında baş verən inkişaflara və ABŞ ilə İsrail tərəfindən İrana hücumların nəticəsində Ermənistan üçün hansı təhlükələrin yarana biləcəyi məsələsinə toxunublar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Yəqin ki, təxminən 10 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərində hamı ən təhlükəsiz ölkədə yaşadıqlarına əmin idi, oxşar hiss yəqin ki, Qətərdə də olub. Amma hər şey dəyişdi və bu dəyişiklik bizim dəfələrlə danışdığımız kontekstdə baş verdi: dünya qarışıb, geosiyasi mərkəzlər arasında baş verənlər təhlükəlidir və gözlənilməz nəticələr doğura bilər. Bu da həmin proseslərin təzahürlərindən biridir”, - deyə Ermənistanın ikinci prezidenti qeyd edib.

O, bunu Anna Qriqoryanın İranda baş verən hadisələr fonunda Ermənistan hakimiyyətinin nümayəndələrinin tort yeyib sülh haqqında bəyanatlar verməsi ilə bağlı iradına cavab olaraq bildirib.

Robert Köçəryanın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hücumlarının hansı nəticələr verə biləcəyini anlamaq üçün əvvəlcə bu iki ölkənin hansı məqsədi güddüyünü başa düşmək lazımdır.

“Niyyət aydındır: onlar təkcə rejim dəyişikliyi yox, həm də dövlətin tipinin dəyişdirilməsini istəyirlər. Etnik azlıqları hakimiyyətə qarşı çıxmağa çağırırlar. Təsəvvür edin ki, İranda etnik gərginlik yaranır. Bu nə ilə nəticələnə bilər? 17-20 milyon azərbaycanlı və digər millətlər yaşayır, üstəlik bu bizim dost ölkəmizdir. Bu, Ermənistan üçün birbaşa təhlükədir. Söhbət sərhəd gərginliyindən yox, ekzistensial təhlükədən gedir. Xatırlayırsınızsa, son dəfə “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) haqqında danışanda demişdim ki, burada ABŞ-nin iqtisadi maraqlarını görmürəm, əsas maraq İran sərhədləri ilə bağlıdır”, - deyə Köçəryan qeyd edib.

Ermənistan parlamentinin deputatı Aqnesa Xamoyanın təhlükənin nədən ibarət olması, Ermənistanın müharibəyə cəlb oluna biləcəyi və ya İrandan çox sayda başqa millətlərin, o cümlədən azərbaycanlıların Ermənistana gələ biləcəyi ehtimalı barədə dəqiqləşdirici sualına Robert Köçəryan belə cavab verib:

“Təsəvvür edin ki, əgər “Tramp yolu” bu münasibətlər fonunda 5 il əvvəl işə salınsaydı, Ermənistan İrana qarşı işləyən kəşfiyyat mərkəzinə çevriləcəkdi. İran hərbi və digər bazalara qarşı nə etdi? Belə təəssürat yaranır ki, bu əməliyyatların əsas məqsədlərindən biri də İranın qonşu ərəb ölkələri ilə münasibətlərini pozmaq idi. Təsəvvür edin ki, bu zəmin üzərində İranla münasibətlərimiz pisləşir, hətta düşmənçilik səviyyəsinə qədər çatır. Bu, birinci variantdır.

İkinci variant isə odur ki, İranda etnik zəmində münaqişələr yaransın və vətəndaş müharibəsi başlasın. Bu isə Ermənistan üçün ekzistensial problem deməkdir. Ermənistan təhlükələrdən yayınmaq üçün ciddi addımlar atmalıdır”.

Robert Köçəryan xatırladıb ki, Ermənistanın tezisi həmişə böyük dövlətlərin maraqlarının toqquşma nöqtəsinə düşməmək olub. Ermənistanın ikinci prezidenti qeyd edib ki, İran ətrafında yaranmış vəziyyətlə bağlı Ermənistan qarşısında duran üçüncü təhlükə iqtisadi xarakter daşıyır.

“Bizim, məsələn, Birləşmiş Ərəb Əmirlikləri ilə kifayət qədər böyük ticarət dövriyyəmiz var. Yük maşınları BƏƏ-dən İran ərazisindən keçərək gəlir. Onların taleyi nə olacaq? Heç kim bilmir bu qızğın müharibə nə qədər davam edəcək və bundan sonra İran-Birləşmiş Ərəb Əmirlikləri, İran-Qətər və digər münasibətlərin bərpası üçün neçə il lazım olacaq”, - deyə Köçəryan bildirib.

Köçəryan qeyd edib ki, Ermənistan hakimiyyətinin qonşu ölkədə baş verənlərə ilk günlərdə verdiyi reaksiya qəbuledilməz idi.

“Keçmiş prezident kimi mənim üçün bu, çox ağır mənzərə idi: məsuliyyətsizlik və səhlənkarlıq. Əgər biz bu təhlükələri ciddi qəbul etmiriksə, bəs Ermənistan üçün təhlükə nədir?” - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan   İran  


Bizi "telegram"da izləyin