Söhbət, ehtimal ki, Trampın Fələstin dövlətini tanımaqla bağlı açıqlama verə biləcəyindən gedir. Bu isə İsraildə təbii olaraq ciddi narahatlıq doğurur. Lakin Trampın Yaxın Şərq səfəri ilə bağlı daha bir intriqa vardı: o bəyan etmişdi ki, əgər faydalı hesab etsə, mayın 15-də İstanbulda ola bilər. Qeyd edək ki, həmin gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının başlanacağı elan edilmişdi. Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, şəxsən Vladimir Putini gözləyəcək.
Deməli, Trampın İstanbula səfəri yalnız bir halda, əgər Rusiya prezidenti də orada iştirak etsəydi mümkün ola bilərdi. Bu məqamın təsadüfi seçilib-seçilmədiyini söyləmək çətindir, lakin fakt budur ki, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri ilə demək olar eyni vaxtda Rusiya mediası məlumat yaydı ki, İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək, heyətdə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov da olacaq.
Bu isə o deməkdir ki, İstanbulda atəşkəsin elan olunması ilə bağlı qərar qəbul edilməyəcək. Çünki belə bir qərarı yalnız Rusiya prezidenti və Silahlı Qüvvələrin ali baş komandanı Vladimir Putin verə bilər.
Əslində, Vladimir Putin ABŞ prezidentinin onunla birlikdə İstanbulda olmaq və əhəmiyyətli qərar qəbul etmək təklifini rədd edib. Trampın prezidentliyinin 100-cü günü yaxınlaşır, lakin onun amerikalılara və beynəlxalq ictimaiyyətə təqdim edə biləcəyi ciddi bir uğuru yoxdur.
Güman etmək olar ki, İstanbul danışıqları tərəflər arasında ciddi razılaşmaya gətirib çıxarmayacaq. ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof müzakirə olunacaq məsələlərin siyahısını təqdim edib. Həmin siyahıda ortaq razılıq əldə olunacaq bəndlər demək olar ki, görünmür.
Tramp Ukrayna prezidentinə danışıqlar təklifini dərhal qəbul etməyi tövsiyə edərək bildirib ki, bu, Rusiyanın atəşkəsə nə dərəcədə hazır olduğunu müəyyən etməyə imkan verəcək. Amma Putinin qərarı – danışıqlarda Lavrovun rəhbərlik etməsi – göstərir ki, Kreml əvvəlcə atəşkəs, sonra isə siyasi məsələlərin müzakirəsi variantını qəbul etmir.
Əsasən, Ukrayna və Avropa dördlüyü – Fransa, Böyük Britaniya, Almaniya və Polşa – bu ssenarini daha real hesab edirdilər. Müharibəni dayandırmaq istəyinə yalnız ABŞ prezidenti inanır. Lakin Putinin İstanbula getməkdən imtina etməsi Trampı beynəlxalq səviyyədə açıq şəkildə alçaltmaq deməkdir.
Tramp bundan sonra iki seçim qarşısındadır: ya Putinin ərazi iddialarını tanıyacaq, ya da Avropa müttəfiqləri ilə həmrəylik nümayiş etdirəcək. Əgər o, birinci seçimi etsə, bu, ekspertlərin söylədiyi “Ukraynanın bölüşdürülməsi ilə bağlı ABŞ-Rusiya gizli anlaşması var” fikrini təsdiqləmiş olacaq. Bu isə Trampa həm ABŞ daxilində, həm də beynəlxalq aləmdə çox baha başa gələ bilər.
Asif Cəfərov
Ordu.az