Dənizdə iki mərhələli zərbə taktikası: “Triton” Rusiya donanması üçün niyə təhlükəlidir?

2026/06/Ekran-1782107641.jpg
Oxunub: 211     09:58     22 İyun 2026    
“Triton” həm Pilotsuz Uçuş Aparatı (PUA) daşıyıcısı, həm də müstəqil kamikadze tipli PUA-dır. Bu isə ona Rusiya gəmilərinə qarşı son dərəcə təhlükəli iki mərhələli zərbə endirmək imkanı verir.

Ukrayna hərbçiləri kamikadze tipli PUA-lar və “hava-hava” raketləri daşıya bilən yeni insansız dəniz platformasını təqdim ediblər. Dəniz tanrısı Poseydonun mifoloji oğlunun adını daşıyan “Triton” adlı bu insansız suüstü platforma PUA-lar və “hava-hava” raketləri daşıyan ana platforma kimi fəaliyyət göstərmək üçün hazırlanıb.

Ukraynanın “Triton”u: PUA daşıyıcısı

İstifadəyə verildiyi il: 2026
İstehsal sayı: Naməlum (Ukraynanın əməliyyat sirri)
Uzunluğu: 26 fut (7,95 metr)
Eni: 8,3 fut (2,55 metr)
Sbasımı qabiliyyəti: Konfiqurasiyadan asılı olaraq 1970-4000 kiloqram
Mühərrikləri: İki ədəd “Suzuki” DF200 AP və ya iki ədəd “Suzuki” DF325 APX
Maksimum sürəti: 40 düyün (74 km/saat)
Mənzili: 1110 kilometr (600 dəniz mili)
Silahlanması: Kamikadze konfiqurasiyasında 7,5 kiloqramlıq döyüş başlığı, istiqamətləndirmə üçün “Starlink” terminalı, “hava-hava” raketləri, 500 mərmili uzaqdan idarə olunan silah sistemi
Ekipajı: Yoxdur (sahildən uzaqdan idarə olunur)


“Triton” zərbə, müşahidə və dəstək əməliyyatları həyata keçirə bilən çoxməqsədli insansız suüstü platformadır. O, kamikadze tipli PUA-lar, “hava-hava” raketləri və hətta uzaqdan idarə olunan pulemyot daşıya bilir. İnsansız suüstü platforma əvvəlcədən proqramlaşdırılmış funksiyalar əsasında tapşırıqdan sonra bazaya qayıtmağa imkan verən avtonom missiya idarəetmə sistemindən istifadə edir.

“Triton” həmçinin birtərəfli hücum konfiqurasiyasında da istifadə oluna bilər və bu halda insansız suüstü platforma kamikadze vasitəsinə çevrilir. Bu konfiqurasiyada platforma zərurət yarandıqda özünü məhv etməyə imkan verən daxili işəsalma sistemi ilə təchiz edilmiş döyüş başlığı daşıyır.

Bu imkan platformanın faydalılığını və komandirlər üçün dəyərini artırır. Təsəvvür etmək olar ki, “Triton” öz tərkibindəki pilotsuz uçuş aparatlarını buraxdıqdan sonra özü də kamikadze tipli PUA-ya çevrilərək əlverişli hədəflərə hücum edə bilər. Belə imkan “Triton”un dəyərini xüsusilə düşmən xəttinin dərinliklərində həyata keçirilən xüsusi əməliyyatlarda, məsələn, Krımdakı və ya Rusiyanın cənubundakı limanlara hücumlarda qat-qat artırır.

Ukraynanın “Militarnyi” nəşri Parisdə keçirilən “Eurosatory” sərgisində nümayiş etdirilən platformanın texniki xüsusiyyətlərini ilk yayımlayan media orqanı olub. PUA Ukraynanın “Global Mark” müdafiə şirkəti tərəfindən istehsal olunur.

Bundan əlavə, insansız suüstü platforma kəşfiyyat vasitəsi kimi də istifadə edilə bilər, yəni məlumat toplama, müşahidə və kəşfiyyat tapşırıqları yerinə yetirə bilər. Bu məqsədlə “Triton” ön istiqamətə baxan sabit kamera və gecə-gündüz, istənilən hava şəraitində fəaliyyət göstərə bilən 360 dərəcəlik müşahidə sistemi ilə təchiz edilib. O, həmçinin operatorla etibarlı əlaqəni təmin etmək üçün “Starlink” terminalı və ehtiyat rabitə kanalı da daşıyır.

Ukrayna PUA parkını improvizə edilmiş üsullarla formalaşdırır

Bu, Ukrayna hərbçilərinin üzən buraxılış platforması kimi hazırladığı ilk insansız suüstü platforma deyil. Ukrayna qüvvələri artıq bir neçə kamikadze tipli PUA buraxa bilən üzən platforma olan “Barracuda” insansız suüstü platformasından istifadə edir.

Ukraynanın 40-cı Əlahiddə Dəniz Piyada Briqadası “Barracuda”nı Dnepr çayı deltasının dayaz sularında istifadə edərək Dneprin cənub sahilində yerləşən Rusiya komanda-idarəetmə məntəqələrini, sursat anbarlarını, müşahidə mövqelərini və logistika obyektlərini məhv edir.

“Triton”un təqdim olunması Ukraynanın PUA texnologiyaları sahəsində aparıcı gücə çevrildiyi barədə geniş yayılmış fikri bir daha təsdiqləyir. Rusiyanın 2022-ci il fevralın 24-də başladığı genişmiqyaslı işğaldan sonrakı dörd il ərzində Ukrayna hərbçiləri çoxsaylı hava, quru, suüstü və sualtı pilotsuz sistemlər təqdim ediblər.

Ən böyük diqqət hava platformalarına yönəldilib. Bu platformalar 2025-ci ilin iyununda Rusiyanın dərinliklərində həyata keçirilən “Hörümçək toru əməliyyatı” kimi cəsarətli əməliyyatlarda özlərini sübut ediblər. “Triton”un nümayiş etdirdiyi kimi, Ukrayna artıq öz PUA arsenalını dəniz sahəsində də genişləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Triton   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin