Aprelin 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfər edərək həmkarı Bəxtiyor Səidovla Səmərqənddə görüşüb. Bu barədə TASS Rusiya XİN-in mətbuat xidmətinə istinadla məlumat yayıb. Görünür ki, Səmərqənd Rusiya üçün “sakral” əhəmiyyət kəsb edir. Aprelin 3-4-də burada Avropa İttifaqı-Mərkəzi Asiya ilk sammiti keçirilmişdi və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Mərkəzi Asiyanı “Avrasiya qəlbi” adlandırmışdı.
Avropa İttifaqı-Mərkəzi Asiya sammitindən təxminən bir həftə sonra Lavrov Moskvada akkreditə olunmuş bir neçə Avrasiya ölkəsinin səfirləri ilə görüşərək “XXI əsrin Avrasiya müxtəlifliyinin Xartiyası”nın prinsiplərini və meyarlarını təqdim edib. Rəsmi versiyaya görə, bu sənəd Belarus tərəfindən təqdim olunub və Rusiya tərəfindən dəstəklənib.
Bu prinsiplərin və meyarların nədən ibarət olduğu haqda heç bir mənbə məlumat vermir. Lavrov isə Səmərqənddə bəyan edib ki, Rusiya və Özbəkistan arasında münasibətlər suveren hüquq bərabərliyi, qarşılıqlı hörmət və maraqların nəzərə alınması, strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və bu, hər iki ölkənin liderlərinin qərarıdır. Lavrov əlavə edib ki, tərəflər arasında “istisna dərəcədə yüksək səviyyəli etimad mövcuddur”.
Özbək həmkarına müraciətlə Rusiya XİN rəhbəri deyib: “Siz xatırlatdınız ki, biz bütün istiqamətlərdə uğurla irəliləyirik. Qarşılıqlı ticarətin artması sevindiricidir, halbuki biz qanunsuz sanksiyalar, siyasi təzyiqlər və əsasən Qərb tərəfdaşlarımızın birtərəfli addımları nəticəsində yaranmış qlobal iqtisadi qeyri-sabitlik fonunda çalışırıq”.
Aydındır ki, Lavrovun təşəbbüsü ilə gerçəkləşən “Səmərqənd desantı”nın arxasında Rusiya Prezidenti Vladimir Putin dayanır. Bu addımın məqsədi isə Avropa İttifaqı-Mərkəzi Asiya sammitində əldə olunmuş razılaşmalara qarşı Moskvanın öz alternativini təqdim etməkdir. Mayın 9-da MDB ölkələrinin liderləri Qələbə Günü münasibətilə keçirilən tədbirdə iştirak edəcəklər. Qazaxıstan və Qırğızıstandan fərqli olaraq, Özbəkistan Avrasiya İqtisadi İttifaqının üzvü deyil.
Amma “vahid və müxtəlif Avrasiya” layihəsi yalnız o zaman reallaşa bilər ki, Mərkəzi Asiya vahid və bölünməz bir regional məkan kimi inteqrasiya olunsun. Görünən odur ki, Rusiya bu inteqrasiyada ilk növbədə Qazaxıstan və Özbəkistanın iştirakını həlledici hesab edir. Mərkəzi Asiyanın digər ölkələrinin potensialı bu baxımdan məhduddur.
Regionun tarixi-sivilizasiyalı mərkəzi sayılan Səmərqənd Mərkəzi Asiyanın etnik müxtəlifliyini simvolizə edir. Bu “inteqrasiya” bir vaxtlar Çingizxan imperiyasının tərkibində mövcud olub. Daha sonra Rusiya imperiyası dövründə də bu “vahid müxtəliflik” qorunub və region Türküstan adı ilə tanınıb.
Rusiyanın Mərkəzi Asiyanı yenidən Türküstan statusuna qaytaracağına inanmaq üçün böyük təsəvvür gücü lazımdır. Amma Lavrovun “suveren hüquq bərabərliyi” ilə bağlı bəyanatının əslində diplomatik bəzəkli ifadə olduğu aydındır. Moskva Avropa İttifaqı ilə qarşıdurmasını “tranzitlə” Mərkəzi Asiyaya daşıyır. Növbəti “stansiya” isə Cənubi Qafqaz ola bilər.
Asif Cəfərov
Ordu.az