Amerikalı ekspertlərdən biri Lavrovun reaksiyasını “gərgin” kimi qiymətləndirib. Məlumdur ki, Lavrov ABŞ dövlət katibinə bildirib ki, Ukrayna nizamlanması “münaqişənin səbəblərinin aradan qaldırılması əsasında” baş verməlidir, yəni Rusiyanın irəli sürdüyü şərtlərlə. Bu şərtlər isə məlumdur: “yeni ərazilərin” Rusiyaya məxsusluğunun tanınması, Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, onun bloklara qoşulmayan statusunun təsdiqlənməsi və “denasifikasiya” – konstitusiya dəyişikliyi və “drakonik qanunların ləğvi”.
Bu çıxılmaz vəziyyətdə, “Bloomberg”in diplomatik mənbəsinin məlumatına görə, Vaşinqton Moskvaya son bir siqnal göndərib ki, Krım üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır. Bu barədə dolayı yolla ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof da danışıb. O deyib ki, Rusiya müəyyən əraziləri əldə edə bilər. “Bloomberg”in məlumatına görə, Ukraynanın müdafiə naziri Umerov bildirib ki, Kiyev ABŞ tərəfindən təqdim olunmuş çərçivə sazişinin 90 faizini qəbul edir.
ABŞ prezidenti Donald Tramp isə tərəflər atəşkəsin təmin olunmasına dair son təşəbbüsü qəbul etməsələr, vasitəçiliyi dayandıracağı və danışıqlardan çıxacağı ilə hədələyib. Moskva açıq-aydın Ukrayna nizamlanmasına Avropa “üçlüyü” – Fransa, Almaniya və Böyük Britaniyanın cəlb olunmasından narazıdır. Sergey Lavrov bildirib: “Hansı ad altında olsa da, Ukraynada NATO elementlərinin peyda olması konstruktiv ola bilməz”.
Əgər Rusiya-ABŞ “razılaşması” baş tutmasa – ki, bunun ehtimalı olduqca yüksəkdir, çünki ərazi məsələlərində və Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi mövzusunda Moskva barışmazdır – Vladimir Putin, böyük ehtimalla, məsuliyyəti Ukrayna prezidenti Zelenskiyə, Donald Tramp isə avropalılara yükləyəcək. Görünən odur ki, Böyük Britaniya, Fransa və Almaniya Krımın ilhaqının leqallaşdırılmasına qəti şəkildə qarşıdırlar.
Mövcud vəziyyətin “incəliyi” ondadır ki, avropalılara qarşı sərt tənqidlərə baxmayaraq, ABŞ prezidenti geopolitik baxımdan son dərəcə vacib olan bu məsələdə Böyük Britaniya, Fransa və Almaniyanın maraqlarını ya nəzərə almaqdan imtina edə bilməyib, ya da bunu istəməyib. Görünən odur ki, alternativ variant – “Avropa üçlüyü”nün hərbi-siyasi alyans yaratmaq ehtimalı – Vaşinqtonu ayıldan amil olub.
Əgər Vaşinqton Ukrayna üzrə nizamlanma planını “Avropa üçlüyü” ilə razılaşdırsa, lakin Rusiya bu şərtləri qəbul etməsə, nə baş verəcək? ABŞ vasitəçiliyi dayandıracaq? Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkədə paylaşım edərək bildirib ki, ABŞ və Avropa İttifaqı Ukraynadan “əllərini çəkərsə”, Rusiya özü sülhü təmin edəcək.
Öz sələfini kəskin tənqid edərək və “Mən müharibə başlamıram, mən müharibəni bitirirəm” şüarı ilə prezident olan Donald Tramp dörd ay ərzində ABŞ üçün azı iki ciddi sınaq yaradıb: Ukrayna üzrə nizamlanma vasitəçiliyi və İranın nüvə proqramı ilə bağlı “sökülmə danışıqları”. Birincisi açıq-aydın çıxılmaz vəziyyətdədir, ikincisinin uğuru isə olduqca şübhəlidir. Bu baxımdan, münaqişələrin və regional müharibələrin alovlanması təhlükəsi azalmır, əksinə, kəskin şəkildə artır. “Sülh göyərçini” Trampın trumfu bitmək üzrədir.
Asif Cəfərov
Ordu.az