Köçəryan: “Mənə qarşı başlanmış cinayət işi ilə bağlı Antikorrupsiya Komitəsinə çağırılmışam”

2026/06/1781891620.jpg
Oxunub: 231     21:48     19 İyun 2026    
Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan ona qarşı başlanmış cinayət işi ilə bağlı açıqlama verərək ittihamları tamamilə əsassız adlandırıb.

Ordu.az xəbər verir ki, Köçəryan jurnalistlərlə görüşü zamanı cinayət təqibi ilə bağlı prosesin tamamilə absurd olduğunu bildirib.

“Mənə qarşı başlanmış cinayət işi ilə bağlı Antikorrupsiya Komitəsinə çağırılmışam”, - deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə, bu iş cəmi iki gün ərzində formalaşdırılıb. Köçəryan qeyd edib ki, üç gün əvvəl media qurumlarının rəsmi sorğularına cavab olaraq aidiyyəti dövlət orqanları onun barəsində heç bir işin olmadığını bəyan etmişdilər.

Mərkəzi Seçki Komissiyasının 22 il əvvəlki hadisə ilə bağlı onun toxunulmazlığının aradan qaldırılmasına razılıq verməsi qərarını şərh edən sabiq erməni prezident bildirib ki, 2004-cü ildə həmin məsələ üzrə yeganə fəaliyyəti hökumət qərarının texniki qaydada təsdiqlənməsindən ibarət olub.

“Həmin dövrdə qüvvədə olan 1995-ci il Konstitusiyasına əsasən prezident icra hakimiyyətinin normativ aktlarının məzmununu təsdiq etmirdi, yalnız onların dərc olunması üçün imzalayırdı. Dövlət əmlakının idarə olunması hökumətin birbaşa vəzifəsi idi və dövlət başçısının belə sənədlərin təsdiqindən imtina etməsi üçün hüquqi mexanizm mövcud deyildi”, - deyə Köçəryan qeyd edib.

Sabiq erməni prezident qeyd edib ki, həmin qərar vaxtilə tennis kortlarının yerləşdiyi ərazini plansız çoxmərtəbəli tikintidən qoruyub. O həmçinin bildirib ki, istintaq materiallarında nə onun, nə də ailə üzvlərinin 2009-cu ildə sözügedən şirkətin həyata keçirdiyi kommersiya əməliyyatları ilə əlaqəsini sübut edən hər hansı fakt yoxdur.

Köçəryan hava limanında ölkədən çıxışının qarşısının alınması və daha sonra əməliyyat çəkilişlərinin hakimiyyətə yaxın media qurumlarına sızdırılması məsələsinə də toxunub. O, Baş nazirin belə materialların Milli Təhlükəsizlik Xidməti tərəfindən yayımlanmasını məqbul hesab etməsini sərt tənqid edib.

“Genişmiqyaslı dinləmələr, şəxsi həyata müdaxilə və şəxsi məlumatların yayılması Ermənistanın avtoritar idarəetmə istiqamətində inkişaf etdiyini göstərir”, - deyə Köçəryan qeyd edib.

Sabiq erməni prezident vurğulayıb ki, 2018-ci ildən etibarən məhkəmələr onun barəsində müxtəlif qərarlar qəbul etsələr də, heç bir məhkəmə instansiyası onun ədalət mühakiməsindən yayınmaq və ya ölkədən qaçmaq riski daşıdığını təsdiqləməyib.

“Qaçış cəhdi” ilə bağlı yayılan məlumatların hakimiyyət nümayəndələrinin öz qorxularının əks olunması olduğunu bildirən Köçəryan ittihamları rədd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin