İranın IRNA agentliyi isə xəbər verir ki, Kremlin ev sahibliyi etdiyi görüşdən sonra Əraqçi Moskvadakı İran səfirliyini ziyarət edib. Orada İran İslam Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbul təşkil olunub. Tədbirdə Rusiya Silahlı Qüvvələrinin, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin diplomatları və hərbi attaşelər iştirak ediblər.
Diqqətçəkicidir ki, İranın xarici işlər naziri Vladimir Putinlə görüşü ilə bağlı bəzi detalları məhz həmin tədbirdə, Moskvada akkreditə olunmuş xarici diplomatlar və hərbi nümayəndələrin iştirakı ilə ictimai şəkildə açıqlayıb.
“Mən bu gün Moskvaya gəlmişəm ki, rəhbərimizin (Ayətullah Əli Xameneyinin) mesajını hörmətli Rusiya prezidentinə çatdırım. Onunla çox yaxşı görüşümüz oldu, mühüm fikir mübadiləsi apardıq”, - deyə Abbas Əraqçi bildirib. Onun fikrincə, İran və Rusiya arasında münasibətlər heç vaxt bu qədər güclü, yaxşı və qarşılıqlı maraqlar və hörmət üzərində qurulmuş olmayıb.
Əraqçi, həmçinin İran və Rusiya arasında bu yaxınlarda imzalanmış hərtərəfli strateji əməkdaşlıq haqqında sazişi xüsusi vurğulayıb və qeyd edib ki, bu sənəd iki ölkə münasibətlərini strateji səviyyəyə yüksəldib. O əlavə edib ki, İran Rusiyanın dostları ilə bütün beynəlxalq platformalarda sıx əməkdaşlıq və məsləhətləşmələr aparır. Əmin edib ki, İran-Rusiya tərəfdaşlığı daha da güclənəcək və intensiv şəkildə davam edəcək.
Nazirin sözlərinə görə, bu strateji saziş yaxın vaxtlarda Tehranda da ratifikasiya olunacaq və qüvvəyə minəcək. Beləliklə, İranda sazişin ratifikasiyası ilə bağlı olan son şübhələrin də aradan qalxdığı görünür.
Rusiya-İran siyasi “unison”unun elan olunması üçün seçilən zaman və məkan təsadüfi görünmür. Çünki İranın xarici işlər naziri bu bəyanatını ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkof ilə planlaşdırılan danışıqlardan iki gün əvvəl səsləndirib. Həmin vaxt ABŞ dövlət katibi Marko Rubio da Avropadakı tərəfdaşları ilə məsləhətləşmələr aparırdı.
Reallıq odur ki, Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar və ABŞ ilə İran arasında paralel proseslər artıq “eyni trayektoriyada” gedir. Həm də görünür ki, keçmiş administrasiyadan fərqli olaraq, prezident Donald Tramp administrasiyası İranın Ukrayna müharibəsində Rusiyaya dəstəyini dayandırması üçün ciddi təzyiq göstərmir. Bu baxımdan, İran və Rusiya bu paralel danışıqlarda bir növ “bir-birini tamamlayan” mövqedə çıxış edirlər. Bununla belə, Tehran üçün Moskvanın dəstəyi prinsipial əhəmiyyət kəsb edir.
İran-Rusiya strateji əməkdaşlığının əsas “bağlantı nöqtələrindən” biri Azərbaycandır. Ölkəmiz tranzit və enerji daşıyıcılarının ötürülməsi üçün əsas arteriyadır. Bu, əvvəllər bir qədər çətin görünürdü, çünki ABŞ-nin demokratik administrasiyası buna açıq şəkildə qarşı çıxırdı. Lakin indi ön plana çıxan sual Türkiyənin bu proseslərə reaksiyası ilə bağlıdır. Ankara İran-Rusiya “unisonuna” necə yanaşacaq? Çünki bu əməkdaşlığın praktik həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan çətin təsəvvür olunur.
Moskva və Tehran Türkiyəyə nə təklif edə bilər? Aydındır ki, bu əməkdaşlıq anti-Türkiyə xarakteri daşımır, amma Ankara üçün cazibədar ola biləcək format nə ola bilər? Mümkündürmü ki, Türkiyə-Azərbaycan-Mərkəzi Asiya bağlantıları, xüsusilə Zəngəzurdan keçəcək dəhliz bu kontekstdə nəzərdə tutulsun?
Asif Cəfərov
Ordu.az