Artıq Ukraynada davam edən müharibənin üç ili tamam olub. 2022-ci il fevralın 24-də Rusiya qonşusuna qarşı genişmiqyaslı hücuma başlayaraq dünya ictimaiyyətini təəccübləndirdi. Rusiya ordusu aylarla Ukrayna sərhədi boyunca qoşunlarını yerləşdirmişdi. Lakin həmin vaxt bir çoxları düşünürdü ki, Rusiya prezidenti Vladimir Putin sadəcə blef edir və son anda qoşunlarını geri çəkəcək.
Təbii ki, Putin belə etmədi və nəticədə İkinci Dünya Müharibəsindən sonra Avropa torpağında ən böyük münaqişə başladı.
Artıq üç ildir davam edən amansız müharibə nəticəsində hər iki tərəf ağır itkilər verib. Mövcud açıq mənbə məlumatlarına görə, Rusiya Ukraynadan iki dəfədən çox canlı qüvvə itirib. Lakin iki ölkənin əhali və ərazi baxımından fərqli potensiallarını nəzərə alsaq, Rusiyanın döyüş meydanına daha çox əsgər göndərmək və daha böyük strateji ehtiyat qüvvəsinə sahib olmaq imkanı var.
Tərəflərin itkiləri nə qədərdir?
Üç ilə yaxın davam edən döyüşlərdən sonra hər hansı sülh danışıqlarında ən vacib məsələlərdən biri hər iki tərəfin verdiyi insan itkisidir.
Ən son mövcud məlumatlara görə, Rusiya hərbi qüvvələri, yarımhərbi dəstələri və rusiyapərəst separatçı qruplar ümumilikdə təxminən 863 min nəfər canlı qüvvə itirib (ölü və yaralı). Bundan əlavə, Rusiya qüvvələri on minlərlə ağır silah sistemini, əsas döyüş tanklarını, zirehli personal daşıyıcılarını, artilleriya qurğularını, piyadaların döyüş maşınlarını, pilotsuz uçuş aparatlarını, taktiki nəqliyyat vasitələrini və təyyarələri itirib. Bu məlumatlar Ukrayna Müdafiə Nazirliyinin gündəlik açıqladığı hesabatlara əsaslanır. Bəzi dairələr bu rəqəmlərə şübhə ilə yanaşsa da, Qərb hərbi kəşfiyyat xidmətləri və orduları dəfələrlə bu məlumatların kifayət qədər doğru olduğunu təsdiqləyib.
Ukraynanın itkilərini dəqiq hesablamaq isə daha çətindir. Çünki Ukrayna rəsmi olaraq itkilərini çox vaxt açıqlamır, Qərb ölkələri isə siyasi səbəblərdən bu barədə öz hesablamalarını geniş ictimaiyyətlə bölüşməkdən çəkinir. Rusiya tərəfi tez-tez Ukrayna itkiləri barədə məlumatlar yayır, lakin Kremlin bu məlumatları əksər hallarda qeyri-dəqiqdir və əsasən daxili auditoriyanı sakitləşdirmək və psixoloji müharibə məqsədləri üçün hazırlanır.
Bununla belə, Ukrayna bəzən öz itkiləri barədə məlumatları ictimaiyyətə açıqlayır. Prezident Volodimir Zelenski bir müsahibəsində Ukrayna ordusunun ümumi itkilərinin təxminən 400 min nəfər olduğunu bildirib. Onun sözlərinə görə, bunlardan 46 mini öldürülüb, 380 mini isə yaralanıb. Amma çox ehtimal ki, bu rəqəmlər əsl rəqəmlərdən daha aşağıdır.
Orduya yeni qüvvələrin cəlb edilməsi məsələsi
Tərəflərin canlı qüvvə ehtiyatlarını yenidən formalaşdırma qabiliyyətləri də mühüm əhəmiyyət kəsb edir.
Məsələn, təkcə 2024-cü il ərzində Rusiya ordusu təxminən 400 min nəfər şəxsi heyətini itirib (ölü və yaralı). Lakin həmin dövrdə Rusiya ordusu təxminən eyni sayda – 400 min nəfər yeni əsgəri ordu sıralarına cəlb edə bilib. Beləliklə, itkiləri və yeni qoşulanları müqayisə etsək, Rusiyanın balansı birə-bir nisbətindədir. Nəticə etibarilə, Rusiyanın yüksək itkiləri strateji baxımdan dağıdıcı olmayıb, cəbhədəki rus komandirlər əməliyyatları üçün zəruri canlı qüvvə çatışmazlığı ilə ciddi şəkildə üzləşməyib.
Burada siyasi iradə və ictimai dəstək faktoru da əhəmiyyətlidir. Rus ordusu 2024-cü il ərzində itirdiyi demək olar ki, hər əsgəri yenisi ilə əvəz edə bilib. Kreml həm də daha böyük sayda insan və texnika itkisinə dözmək üçün lazımi siyasi gücə və ictimai dəstəyə malikdir. Demokratik cəmiyyətlərdə belə yüksək itkilər hökumətləri daha tez sülh danışıqlarına vadar edə bilərdi.
Ukraynanın əsas problemi isə məhz canlı qüvvə ehtiyatlarını yeniləmə qabiliyyətinin zəif olmasıdır. Ukrayna ordusu artıq xroniki şəkildə silah-sursat çatışmazlığı ilə üzləşsə də, kifayət qədər yeni hərbçi cəlb edə bilməməsi Rusiya qüvvələrinin bir neçə istiqamətdə yavaş-yavaş irəliləməsinin əsas səbəblərindən biridir. Zelenski Ukraynanın səfərbərlik qanunvericiliyində islahatların aparılması ilə bağlı çağırışlara hələ də müqavimət göstərir. Mövcud qanunlarla 25-60 yaşlı kişilər hərbi xidmətə cəlb edilir, amma 25 yaşdan aşağı olanlar hərbi xidmətdən istisna olunur. Ukrayna rəsmiləri bu qərarı ölkənin gənclərini qorumaq və onları iqtisadiyyatda saxlamaq zərurəti ilə müdafiə edir. Amma nəticədə Ukrayna ordusu ciddi canlı qüvvə çatışmazlığı ilə üz-üzə qalır, bu isə döyüş meydanında vəziyyətə mənfi təsir göstərir.
Asif Cəfərov
Ordu.az