ASELSAN “Göksur”: “Polad Günbəz”in dənizlərdəki ən əhəmiyyətli elementi (FOTO)

2024/12/1734765840.jpg
Oxunub: 1559     10:22     04 Yanvar 2025    
Türkiyənin təbəqəli Hava Hücumundan Müdafiə (HHM) sistemi “Polad Günbəz”in (Çelik Kubbe) dənizlərdəki ən əhəmiyyətli elementlərindən biri olan ASELSAN-ın Yaxın HHM Raket Sistemi “Göksur” donanmanı havadan gələn təhdidlərdən qoruyacaq.

“Göksur” “Mavi Vətən”i (Türkiyədəki dənizlər – red.) gəmi əleyhinə və qanadlı raketlər, müşahidə/zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA), döyüş təyyarələri və helikopterlər kimi təhdidlərə qarşı qoruyacaq.

Dənizlərdəki “Polad Günbəz”in yeni üzvü

ASELSAN Yaxın HHM Raket Sistemi “Göksur” gəmi əleyhinə raketlər, müşahidə/zərbə tipli PUA-lar, qanadlı raketlər, döyüş təyyarələri və helikopterlər kimi təhlükələrə qarşı Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hava və raketdən müdafiə missiyasını yerinə yetirəcək.


ASELSAN xüsusilə səthə yaxın uçan təhdidlərə qarşı inkişaf etdirilən “Göksur”u “Polad Günbəz”in dənizlərdəki ən əhəmiyyətli elementi” olaraq xarakterizə edir.

ASELSAN “Göksur” 360 dərəcə təhlükə məhv etmə bacarığı, yeni nəsil IIR axtarış başlıqlı idarəolunan mərmi və çoxlu hədəfi önləmə qabiliyyəti ilə seçilir. Müstəqil və ya platformaya inteqrasiya olunmuş şəkildə missiya yerinə yetirə bilən sistem məlumat bağlantısı vasitəsilə ara mərhələ idarəetməsi və yüksək tək atışı önləmə imkanı kimi bir çox funksiyanı ehtiva edir. ASELSAN eyni zamanda “Göksur”u modulyar dizayn yanaşması ilə fərqli konfiqurasiyalara sahib həllər kimi də təqdim edəcək.

Bundan əlavə, sistem önləyici raket olaraq TÜBİTAK SAGE tərəfindən dəniz platformalarının HHM ehtiyaclarına uyğun olaraq hazırlanan “Göksur” IIR raketindən istifadə edir. “Bozdoğan” “hava-hava” raketinin dəniz platformalarına uyğunlaşdırılması, iki istiqamətli məlumat bağlantısı və şaquli atış qabiliyyəti kimi xüsusiyyətlərin əlavə edilməsi ilə dizayn edilən “Göksur” IIR raketində kritik mərhələlərdən bir olan külək tuneli sınaqları TÜBİTAK SAGE infrastrukturundan istifadə olunaraq tamamlanıb.

Prosesin sonrakı mərhələlərində atış sınaqlarına keçid olacaq. Atış sınaqlarından sonra “Göksur”un qısa müddətdə Türkiyə HDQ Komandanlığının xidmətinə verilməsi hədəflənir. Ümumiyyətlə, “Göksur” ABŞ istehsalı olan RAM Sisteminə alternativ olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Göksur   HHM  


Bizi "telegram"da izləyin