“Radio Teknoloji” kritik infrastrukturu simsiz rabitə həlləri ilə gücləndirir - VİDEO
Oxunub: 282
15:02
26 İyun 2026
Genişzolaqlı simsiz rabitə infrastrukturu sahəsində distribütor və sistem inteqratoru kimi fəaliyyət göstərən “Radio Teknoloji Hizmetleri A.Ş.” kritik əməliyyatların fasiləsiz davam etdirilməsi üçün başdan-başa simsiz rabitə həlləri təqdim edir.
Ordu.az xəbər verir ki, şirkət “Nöqtədən Nöqtəyə” (PtP) və “Nöqtədən Çox Nöqtəyə” (PtMP) sistemləri, açıq məkan “Wi-Fi” həlləri, hərəkətdə olan nəqliyyat vasitələri üçün mobil rabitə infrastrukturu, eləcə də 4G/5G LTE həlləri vasitəsilə korporativ layihələrdə yüksək ötürmə qabiliyyətinə malik, etibarlı və genişləndirilə bilən şəbəkə infrastrukturu yaradır.
Fiber-optik infrastrukturun olmadığı və ya kifayət etmədiyi ərazilər üçün də yüksək ötürmə qabiliyyətli həllər hazırlayan “Radio Teknoloji” dövlət qurumlarından müdafiə sənayesinədək bir çox sahədə rəqəmsal transformasiya prosesinə töhfə verir.
“Radio Teknoloji”nin baş direktor müavini İlyas Pehlivanoğlu “Defensehere”ə açıqlamasında şirkətin fəaliyyəti barədə məlumat verib.
O bildirib ki, şirkətin təməli 1995-ci ilə qədər uzanan təcrübəyə əsaslanır, rəsmi olaraq isə 2015-ci ildə təsis edilib. Onun sözlərinə görə, şirkət atası Abdurrahman Pehlivanoğlu tərəfindən yaradılıb və fəaliyyət sonradan yeni komanda ilə davam etdirilib.
İlyas Pehlivanoğlu qeyd edib ki, şirkətin baş ofisi İstanbulda yerləşir və Türkiyənin 81 vilayətində təxminən 120 həll və iş ortağı fəaliyyət göstərir. O vurğulayıb ki, şirkət yalnız məhsul satışı və distribütorluqla kifayətlənmir, eyni zamanda sistem inteqratoru kimi də xidmət göstərir.
Baş direktor müavini bildirib ki, şirkətin 10 nəfərlik əsas heyəti var. Onlardan 5-i sahə əməkdaşı, 5-i isə ofis əməkdaşıdır. Həll tərəfdaşları ilə birlikdə əməkdaşların sayı 25 nəfərə çatır.
Şirkətin əsas fəaliyyət istiqamətlərindən danışan Pehlivanoğlu simsiz rabitə sistemlərinin qurulduğunu, həmçinin şirkətin öz istehsalı olan 4G GSM modeminin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 5G texnologiyası istiqamətində elmi-tədqiqat və təkmilləşdirmə işləri davam etdirilir. Bundan başqa, sənaye təyinatlı şifrələnmiş simsiz rabitə sistemləri üzrə “Nöqtədən Nöqtəyə”, “Nöqtədən Çox Nöqtəyə” və mobil həllər təqdim olunur.
O qeyd edib ki, şirkətin sistemlərindən tullantı idarəetməsi, su anbarları və nasos stansiyaları, polis, jandarma, Türkiyə Silahlı Qüvvələri, müdafiə sənayesi çərçivəsində sərhəd layihələri, bələdiyyələr, mədən müəssisələri, relsli nəqliyyat sistemləri, dəniz əməliyyatları və digər mobil rabitəyə ehtiyac duyulan sahələrdə istifadə edilir. Əsas hədəf auditoriyanı isə müdafiə sənayesi şirkətləri və dövlət qurumları təşkil edir.
İxrac fəaliyyəti barədə danışan Pehlivanoğlu şirkətin indiyədək Nigeriya, Sudan, Suriya, İraq və Somali də daxil olmaqla təxminən 10 ölkəyə məhsul ixrac etdiyini bildirib.
O əlavə edib ki, şirkətin mobil məhsulları 100 faiz yerli istehsaldır. Digər simsiz avadanlıqlar isə idxal komponentləri ilə istehsal olunur.