Liviyada Güc Mübarizəsi: Böhranın Siyasi və Hərbi Anatomiyası (ARAŞDIRMA+FOTOLAR)

2024/12/1734764438.jpg
Oxunub: 1878     13:29     04 Yanvar 2025    
Uzun müddətdən sonra Liviyada gərginliyin səviyyəsi və mümkün münaqişə ehtimalı yenidən gündəmə gəlib. Avqust ayında yaşanan hadisələr Liviyada davam edən siyasi qeyri-müəyyənliyin kövrək xarakterini göstərdi və tərəflər arasında fikir ayrılıqlarını alovlandırdı.

Ozamankı prezident Müəmmər Qəddafiyə qarşı üsyanın Fevral İnqilabına çevrilməsi ilə Şimali Afrika ölkəsi siyasi, sosial və hərbi baxımdan yeni bir dövrə qədəm qoydu və bu gün də “dondurulmuş münaqişə zonası” olaraq xarakterizə edilir. 2011-ci ildən bəri keçmiş hərbçi və şərq milis qüvvələrinin lideri Xəlifə Həftər tərəfindən həyata keçirilən çevriliş cəhdləri və bu cəhdlərin törətdiyi vətəndaş müharibələri Şimali Afrika ölkəsini bir çox cəhətdən dalana sürükləyib və siyasi qütbləşməni dərinləşdirib.

İnqilabdan sonra rəqib siyasi qrupların inqilabı qəbul etmək cəhdi olaraq başlayan hakimiyyət mübarizəsi zamanla silahlı qrupların fəal aktorlar halına gəlməsi ilə hərbi qütbləşməyə çevrildi. Bu vəziyyətə səbəb olan amillər arasında beynəlxalq güclərin birtərəfli siyasətləri və Liviyada böhrana həll yolu gətirmək istəyən beynəlxalq mexanizmlərin (BMT, Aİ, NATO və s.) qeyri-kafiliyi də mühüm rol oynadı.

Lakin daha dərindən baxdıqda, Liviyada əsas problemin legitimliyin olmaması olduğu aydın olur. Xüsusilə 2014-cü ildən sonra ölkənin şərqindəki Benqazi və ətraflarında faktiki hərbi gücə çevrilən Həftər və ailəsinin qazancları bu kontekstdə diqqəti çəkir. Demokratik proseslərin arxa plana atıldığı və siyasətin hərbi qüvvələr arasında bir hakimiyyət bölüşdürülməsi məsələsinə çevrildiyi ölkədə silahlı gücü əlində saxlayan Həftər və ona bağlı sözdə Liviya Milli Ordusu (LMO) Liviyadakı Qeyri-Dövlət Silahlı Aktorların (QDSA) varlığını və həm siyasi, həm də sosial proseslərə hansı ölçüdə təsir etdiyini açıq şəkildə ortaya qoyur.

Bu kontekstdə müvafiq araşdırmada son siyasi və hərbi hadisələrin fonunu təqdim etdikdən sonra mövcud vəziyyətin formalaşmasında təsirli hesab edilən səbəblərdən bəhs edilir. Bu baxımdan ölkədə silahlı milis qruplarından yaranan problemlərin mövcud vəziyyəti xüsusi olaraq LMO kontekstində izah olunmağa çalışılır. Digər tərəfdən, 2014-cü ildən bəri keçirilməyən ümumxalq seçkiləri fonunda rəqabət aparan yerli aktorlar arasında güc bölüşdürülməsinin təsirli olduğu qəbul edilsə də, Qərb qurumlarının və ölkələrinin yanaşmalarının da tətikləyici olduğu iddia edilir.

Araşdırmanın son hissəsində gələcək mümkün ssenarilər siyasi və hərbi başlıqlar altında verilib.

İnkişafların fonu

Bu məqamda, ilk növbədə, avqustun 2-də Xəlifə Həftərin oğlu və LMO komandanı Səddam Həftər İspaniya hakimiyyətinin tələbi ilə İtaliyada saxlanılaraq dindirilib. Bildirilir ki, Səddam Həftər ötən il İspaniyada ələ keçirilən və BƏƏ-dən Liviyaya göndərilən qanunsuz silah və hərbi materialların ticarətinə görə məsuliyyət daşıyır. BMT-nin silah embarqosunu pozduğu əsası ilə son aylarda İtaliya da oxşar araşdırma aparmışdı. Benqaziyə göndərilmək üçün yüklənmiş Çin istehsalı olan Pilotsuz Uçuş Aparatları (PUA) İtaliyada ələ keçirilib və Həftər ailəsinin adı yenidən gündəmə gəlib.

Səddamın saxlanması avqustun 3-də və 4-də Həftərə yaxın qruplar tərəfindən Liviyanın cənubunda ispan şirkətinin idarə etdiyi neft obyektlərində hasilatın dayandırılmasına səbəb oldu. Qərb ölkələrinə qarşı qisas kimi qələmə verilə biləcək bu addım nəticəsində gündə 300 min bareldən çox neft hasil edən Əl-Şarara obyektində hasilat dayandırılıb və xeyli ləngiyib. Milli Birlik Hökumətinin (MBH) Baş naziri Əbdülhəmid Dibeybe bu inkişafı “siyasi zorakılıq” olaraq şərh edərkən, Həftərin verdiyi açıqlamada bildirilib ki, obyektin bağlanmasına səbəb siyasi reallıqlar deyil, obyektdə təkrarlanan texniki problemlərdir.


Məlum olduğu kimi, Haftar ailəsinin nəzarətində olan obyektlər ölkənin cənubunda və şərqində yerləşir. Rusiyanın Özəl Hərbi Kompaniyası (ÖHK) “Vaqner”dən (indiki Afrika legionu) təhlükəsizlik dəstəyini də alan bu obyektlər Liviyanın neft hasilatının 2/3 hissəsinə uyğundur. Həftər tərəfinin “texniki problemlərə görə bağlandığı” yönündəki bəyanatından sonra nisbətən yumşalan atmosfer avqustun 8-də daha böyük sınaqdan keçirildi. Belə ki, Fəzzan (cənub) və Kirenaikadakı (şərq) LMO qoşunları cənub-qərbə doğru irəliləyərək, Tripolidən 400 km cənub-qərbdə yerləşən Es Şuveyrif bölgəsinə çatıblar.

Digər tərəfdən, Liviya ordusu, MBH və Prezident Şurasına bağlı birliklər fövqəladə vəziyyətə keçərək səfərbər oldular. Misrata və Zaviyədə LMO-nun mümkün hücumuna qarşı cəmləşmələr aparıldı və müharibə hazırlıqlarına başlandı. Başda MBH olmaqla, Məhəmməd Mənfinin rəhbərlik etdiyi Prezident Şurası və Liviyanın ikinci qanunvericilik məclisi olan Ali Dövlət Şurası (ADŞ) bu aktın və qeyri-qanuni yerləşdirmənin tərəflər arasında hərbi atəşkəsi pozduğunu bildirib.

Bundan əlavə, ADŞ ordunu səfərbər etmək və lazımi addımları atmaq üçün “Baş Komandan” olaraq Prezident Şurasına hər cür dəstəyi verəcəyini açıqlayıb. Həm müvafiq qurumun yeni rəhbəri Xalid Mişri, həm də son seçkilərdə uduzan keçmiş prezident Məhəmməd Takala LMO-nun hərbi fəaliyyətini pisləyib. Bundan əlavə, BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) hadisələrin inkişafından narahat olduğunu bildirib və tərəflərə hərbi hərəkətliliyi dayandırmaları barədə xəbərdarlıq edib.

Sonrakı dövrdə LMO geri addım ataraq, qoşunların qərbdəki Əlcəzair və Tunis kimi qonşu ölkələrin sərhədinə yaxın bölgələrdə fəaliyyət göstərən radikal qruplara qarşı tədbir görmək məqsədilə müvafiq məntəqələrinə yerləşdirildiyini, hazırda LMO qoşunlarının yerləşdiyi Sebha, Qhat, Ubari, Murzuk, El Katrun, Brak ve Adiridə təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb. Bu gedişlə Həftər qanadının iki fərqli hərbi məqsədlə hərəkət etdiyini söyləmək mümkündür. Bunlardan birincisi gərgin siyasi atmosferdə Qərbə təzyiq etmək və mümkün münaqişə ssenarisi zamanı paytaxt Tripoliyə yaxın mövqelər əldə etməkdir.


İkinci bir məsələ isə Həftərin Tunis-Əlcəzair sərhədinə yaxın strateji nöqtələrdə və xüsusən də Qədamis hava limanında nəzarətini artırması ilə izah edilə bilər.

Hərbi inkişafların siyasi nəticələri daha dərin problemə işarə edir. Hərbi gərginlik zamanı Prezident Şurasına yönəldilən “baş komandanlıq” vəzifəsini tanımayan parlament sədri Akil Saleh MBH və Prezident Şurasını vəzifəyə daşıyan Cenevrə razılaşmasını rədd etdiyini və razılaşmanın öz qüvvəsini itirdiyini bildirərək, siyasi bərabərlik daxilindəki legitimlik böhranını bir daha gündəmə gətirdi.

Müvafiq qurumların səlahiyyət müddətlərinin 2021-ci ilin dekabrında bitdiyinə diqqət çəkən Saleh dəyişikliyə ehtiyac olduğunu vurğuladı. Ancaq Salehin açıqlamalarında önə çıxan başqa bir məsələ də Liviya böhranını həll etmək üçün ölkənin muxtar və bir-birindən müstəqil üç ayrı bölgəyə bölünməsi çağırışları olub. Saleh uzun müddətdir MBH və Dibeybe rəhbərliyinə qarşı yeganə məşhur aktor olaraq daha öncə Fəthi Başağa tərəfindən qurulmuş paralel Milli Sabitlik Hökuməti (MSH) Baş naziri Usamə Həmidi göstərir və paytaxtı Tripolidən Sirtə köçürməyə cəhdlər edirdi.

Tərəflər arasındakı digər böhran isə MBH və Prezident Şurasının Mərkəzi Bankın sədri Sadık Kəbiri vəzifədən uzaqlaşdırmaq cəhdləridir. Bu prosesdə Kəbirin yanında olan parlament eyni zamanda ABŞ-nin dəstəyini alan Kəbir vasitəsilə MBH-nin reputasiyasını zədələməyi hədəfləyir. ABŞ-nin Liviyadakı səfiri Riçard Norlandın da bu yaxınlarda bu müzakirələrə qoşulması və Kəbirin zorla uzaqlaşdırılmasının əleyhinə olduqlarını bəyan etməsi də diqqət çəkir. Xülasə, ölkədə davam edən qütbləşmə və siyasi hakimiyyət mübarizəsi mümkün olan hər sahədə özünü büruzə verir.


LMO və hərbi quruluşun ölçüləri

UNSMIL-in son Baş katibi Abdulay Batili istefasını təqdim etməzdən bir müddət əvvəl etdiyi çıxışda deyib: “Ölkə qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan dəstələrin hesabına mafioz dövlətə çevrilir. Bundan əlavə, ölkə daxili siyasi rəqabətlərdə istifadə edilən və onun sərhədlərindən kənarda satılan silah ticarəti üçün əsas bazara çevrilib”. Bu gün davam edən siyasi qeyri-müəyyənlik yaratdığı səlahiyyət və güc boşluğuna görə Tripoli və Benqazidə yerləşən silahlı qrupların hərbi əməliyyatları artırmasına səbəb olur.

Bu nöqtədə ölkənin qərbində milis qüvvələrinin lideri Xəlifə Həftər və onu dəstəkləyən sözdə LMO əraziyə nəzarət, yaraqlıların sayı və resursların müxtəlifliyi baxımından güclü QDSA kimi seçilir. LMO daxilində qurulan Hərbi İnvestisiya İdarəsi, İnkişaf və Yenidənqurma Fondu kimi birləşmələr vasitəsilə təkcə hərbi deyil, həm də iqtisadi sahəyə nəzarət etməyi hədəfləyən Həftər həm yerli idarəetmə, həm də ictimai xidmətlər baxımından getdikcə müstəqil bir quruluşa çevrilir.

Ötən il şərq şəhəri olan Dernada baş vermiş daşqın fəlakəti Liviyada dövlətlərarası idarəetmənin olmamasının hansı dərəcəyə gəldiyini və şərq şəhərlərinin mərkəzi hakimiyyətlə əlaqəsinin nə dərəcədə kəsildiyini göstərməsi baxımından əhəmiyyətli idi.

Lakin xəlifə Həftər son qərarı ilə yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq, üç oğlunu mühüm vəzifələrə təyin etdi. O, əvvəllər LMO daxilində terror və cinayətlə mübarizə bölmələrində və LMO-nun ən peşəkar briqadalarından biri olan “Tarik bin Ziyad” briqadasında yüksək vəzifələrdə çalışmış Səddamı ölkənin şərqinə və cənubdakı əhəmiyyətli hissəyə nəzarət edən Quru Qoşunlarının rəhbərinin müavini təyin etdi.

Digər oğlu Belkasım İnkişaf və Yenidənqurma fondlarının rəhbəri oldu. Bu təyinatlarla şərqdəki avtoritar idarəetmə formasını möhkəmləndirən və “atadan oğula” miras yanaşması ilə problemsiz bir keçidi hədəfləyən Həftərin mərkəzi Benqazi olan Liviya sərhədləri daxilində bir “Krallıq” qurmağa çalışdığını söyləmək səhv olmaz.

Belə olduğu halda, Həftər və ailəsi üçün pazlın çatışmayan yeganə hissəsinin beynəlxalq nüfuz və ya tanınma olduğunu söyləmək olar. 2019-cu ildə paytaxt Tripolidə BMT-nin dəstəklədiyi hökumətə qarşı işğal cəhdlərində Rusiya, Fransa, BƏƏ və hətta ABŞ-nin üstüörtülü dəstəyini alan Həftərin daha böyük məqsədi bu ölkələr tərəfindən hörmət edilən və diplomatik olaraq tanınan qanuni şəxsiyyətə çevrilməkdir.

Qərb ölkələrinin ziddiyyətli siyasətlərinin Liviya böhranına təsirləri

Buna əsaslanaraq, Qərbin 2014-cü ildən etibarən etdiyi birtərəfli və balanssız siyasi manevrlər Həftərin diplomatik məqsədlərinə çatmasında təsirli olub. Çünki Qərbin yanaşması dar təhlükəsizlik siyasəti ilə əhatəli siyasi kompromis axtardı. Status-kvonu əsas götürən və maraqları qorumaq üçün güzəştə gedən Qərbin yanaşmasında təhlükəsizlik siyasətinin uğursuzluğu Liviya siyasi səhnəsində sosial bazası olmayan “seçilməmiş” elitalarla danışıqların və təmasların artmasına yol açdı.

Liviyanın sülh və sabitliyi naminə, eyni zamanda mövcud status-kvonun davamlılığı naminə ölkəni legitimlik müharibəsinə sürükləyən Fransa, ABŞ və İtaliya kimi ölkələr bu prosesdə ölkənin ikiqütblü və korrupsioner idarəetmə modelinin yaranmasına səbəb olub. Bu vəziyyət təhlükəsizlik sektoru islahatlarının, xüsusən də qurumların inşa edilməsinin uğuruna əngəl olan əsas amillərdən biri kimi şərh edilə bilər. Bu “sövdələşmə” yanaşması Həftər və ailəsinə qanuni aktor olmaq yolunda ayağa qalxmağa və maneələri aşmağa imkan verdi.

2019-cu ildə Həftərin Tripoli işğal cəhdini dəstəkləyən Fransa Saheldəki maraqlarını və qazanclarını maksimuma çatdırmaq üçün Həftəri faydalı bir fiqur olaraq gördü. Belə ki, Həftərin 2014-cü ildə Liviya daxilində radikal qruplaşmalara və terrorizmə qarşı mübarizə adı altında Liviya siyasi və hərbi səhnəsinə çıxması, Saheldəki oxşar dinamiklər nəzərə alındıqda, Həftəri Fransanın gözündə mühüm müttəfiqə çevirdi.

Digər tərəfdən, İtaliya Liviyanın müxtəlif bölgələrində neft maraqlarını qorumağı qarşısına məqsəd qoymuşdu. Bunun bir nəticəsi olaraq hər hansı münaqişə mühiti təhlükəsinə qarşı xroniki problemlərə baxmayaraq, status-kvonun və legitimlik böhranının davamlılığına məhəl qoymadı.

Paralel olaraq, son vaxtlar Benqaziyə və Benqazidən müvafiq ölkələrə səfərləri qeyd etmək lazımdır. İyunun 30-da BMT-nin Liviya missiyasının müvəqqəti katibi Stefani Kouri LMO qərargahında Həftərlə görüşüb və şəkil çəkdirib. “X” hesabındakı paylaşımında o, Həftərlə Liviyada mövcud siyasi vəziyyət və qarşıdan gələn ümumi seçkilər barədə danışdığını açıqlayıb.

İyulun 3-də oxşar səfər Aİ-nin Liviyadakı nümayəndəsi və İtaliyanın Liviyadakı keçmiş səfiri Nikola Orlandodan da gəlib. Orlando və Səddam Həftər arasında danışıqların əsas mövzuları Aİ miqrasiyasının və sərhəd idarəçiliyinin təkmilləşdirilməsi üzrə əməkdaşlıq olub. 2014-cü ildən etibarən zalım hökumət və zorakılıq aktları səbəbindən Benqazidəki didərgin salınmış insanların sayını nəzərə alsaq, bu görüşün kifayət qədər əhəmiyyətli olduğunu söyləmək olar.

Digər tərəfdən, iki şəxs arasındakı görüş Benqazidəki Həftər qüvvələrinə çatdırılmaq üzrə olduğu anlaşılan Çin istehsalı “Wing Loong II” PUA-larının İtaliyanın cənub-qərbindəki bir limanda ələ keçirilməsindən qısa müddət əvvəl baş tutub. İyulun 10-da Səddam Həftər Burkina-Fasonun müvəqqəti prezidenti İbrahim Traore ilə görüşüb.

Burkina-Faso, Mali və Niger arasında qurulan Sahel Dövlətləri Konfederasiyasından sonra oğul Həftərin bu səfəri Liviya, Sahel və Böyük Səhradan cənubdakı Afrika dəhlizində formalaşmağa başlayan yeni balansda Həftər və ailəsinin tərəfini və qurmağa çalışdığı əlaqələr şəbəkəsini də ortaya qoydu. Yenə sonrakı dövrdə Böyük Britaniyanın müdafiə attaşesi polkovnik Mett Ketterer Benqazidə Səddam Həftər ilə görüşərək, terrorla mübarizə və sərhəd təhlükəsizliyi ilə bağlı məlumat paylaşdı.

İyulun 15-də keçirilən görüşdən sonra Böyük Britaniya səfirliyinin etdiyi paylaşımda görüşün şərq və qərb bölgələri arasında hərbi əməkdaşlığın artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Həmin dövrdə Yunanıstan səfiri də Benqazidə olub. Bu məqamda Qərb ölkələrinin səfərlərinə, habelə bununla bağlı müzakirələrə nəzər salmaq və görmək olar ki, Səddam Həftər Liviyada yeni güc dinamikasında təsirli fiqur olub və ya olmağa çalışır.

Ancaq daha geniş perspektivdən Aİ və Qərb ölkələrinin nəzərində sərhəd idarəetməsi və nizamsız miqrasiya ilə bağlı olduqca strateji bir mövqedə olan Liviyanın şərqində Rusiyaya Afrika Legionu (“Vaqner”dən sonra qurulan və Rusiya Müdafiə Nazirliyinə bağlı olan) üzərindən dəstəkləyici hala gələcək bir aktor ciddi təhlükə hissi yaradır. Belə ki, Afrika ilə Aralıq dənizi və Avropa arasında yerləşdiyinə görə Liviya Moskvaya Sudan, Çad, Niger, digər Sahel regionu ölkələri və mərkəzi Afrika ölkələrində hərbi, siyasi və dezinformasiya əməliyyatları üçün mühüm mərkəz kimi xidmət edir.

Digər tərəfdən, Rusiyanın şərqdəki Tobruq şəhərində nüvə sualtı qayıq bazası qurmaq istəyi tez-tez gündəmdə müzakirə olunur ki, bu da Qərb aktorlarını narahat edən digər amildir. Bu ssenaridə Aralıq dənizinin Avropada yeni münaqişə zonasına çevrilməsinin böyük ehtimal olduğunu söyləmək olar. Bu baxımdan Qərb ölkələri Liviyadakı demokratik prosesləri ciddi şəkildə pozmalarına baxmayaraq, 2014-cü ildən sonra olduğu kimi, praqmatist yanaşma ilə Səddam Həftər və LMO-uı legitimləşdirməyə çalışırlar.

Digər tərəfdən, Aİ və Qərb ölkələri, xüsusən də ABŞ Həftər ailəsinin Liviya siyasətində oyundan kənarlaşdırıldığı mümkün ssenaridə potensial “oyunpozan” (spoiler) ola biləcəyini bilirlər. Bu ssenari çərçivəsində 2014-cü ildən sonra müəyyən dövrlərdə olduğu kimi Həftərin yenidən neft tıxanmalarını tətikləməsi və bu vəziyyətin yalnız Liviya daxilində deyil, qlobal enerji təchizatı-tələb bazarında da yaradacağı təsirlər ön planda tutularaq, həm hərbi, həm də siyasi sahədəki status-kvonun davamlılığı hədəflənir.

Mümkün ssenarilər

Mövcud şərait və dinamika fonunda Liviyanı müxtəlif siyasi və hərbi ssenarilərin gözlədiyini söyləmək olar. Əvvəla, Liviya ordusunun və Həftəri dəstəkləyən qrupların hərbi səfərbərliyi son vaxtlar ölkənin üç müxtəlif bölgəsində, xüsusilə də cənubunda münaqişə ehtimalını gücləndirib. LMO-nun bu bölgələrdəki irəliləyişi milli təhlükəsizliyin təmin edilməsi və sərhəd təhlükəsizliyinin artırılması ilə qanuniləşdirilməyə çalışılsa da, bu vəziyyət Liviyanın qərbində güc balansını ciddi şəkildə sarsıtmaq potensialına malikdir.

Xüsusilə strateji əhəmiyyətli regionlarda baş verə biləcək hərbi münaqişələr təkcə yerli güclər arasında deyil, həm də beynəlxalq aktorlar arasında yeni gərginliyin yaranmasına səbəb ola bilər. Bu anda Həftər qanadı Rusiya hərbi birləşməsinin, Afrika legionunun dəstəyini ala bilər. Buna görə də Tripoliyə potensial LMO hücumları Liviyada mövcud dondurulmuş münaqişə vəziyyətini yenidən gərginləşdirmək riski daşıyır. Parlament sədri Salehin “Ölkədə siyasi həll yalnız ölkənin üç müstəqil bölgəyə bölünməsi ilə nəticələnəcək” açıqlaması Liviyanın gələcəyi ilə bağlı ən radikal ssenarilərdən birini gündəmə gətirib.

Bu ssenari ölkənin şərq (Kirenaika), qərb (Tripolitaniya) və cənub (Fəzzan) olmaqla, üç muxtar bölgəyə bölünməsini nəzərdə tutur. Tarixən bu bölgələr Liviyanın müxtəlif ictimai-siyasi strukturları və iqtisadi resursları ilə seçilib və ölkənin mərkəzi hakimiyyət altında birləşməməsi halında bölünmə ehtimalı yarana bilər. Lakin bu cür bölünmə Liviyanın milli birliyini tamamilə məhv etmək, uzunmüddətli qeyri-sabitlik və regional münaqişələrə səbəb olmaq riski daşıyır. Ölkədə etnik, qəbilə və ideoloji fərqlərin dərinləşməsi ilə belə bir ayrılıq Liviyanın qonşu ölkələri və ümumilikdə Şimali Afrika regionuna mənfi təsir göstərə bilər.

Lakin bu ssenarinin reallaşması Liviyanın həm daxili, həm də xarici siyasətində köklü dəyişikliklərə səbəb ola bilər və ölkənin indiki sərhədləri daxilində daimi sülhün əldə olunmasını çətinləşdirə bilər. Üçüncü mövzu olaraq, bu hadisələr Liviyada xalqa əsaslanan seçkilərin keçirilməsi ehtimalını azaldır və yeni hakimiyyət bölgüsü razılaşmalarına yol aça bilər. Ancaq 2022-ci ilin son rübündə və 2023-cü il ərzində müşahidə olunan münaqişə atmosferi bu güc paylaşımından kənarda olan “uduzanlar”ın nizam-intizamı pozmaq cəhdi kimi şərh edilə bilər.

Ona görə də Liviyada “dondurulmuş münaqişə” kimi xarakterizə edilə bilən bütün gərginliyə baxmayaraq, status-kvonun saxlanması güclü alternativ olaraq qalır. Nəticədə seçkilərin keçirilməməsi və ya onların keçirilməsi üçün yerli və beynəlxalq iradənin olmaması Liviyada qütbləşməni və siyasi parçalanmanı tədricən artıra bilər. Bu vəziyyət Liviya haqqında müsbət mənzərə yaratmağı çətinləşdirir və eyni zamanda qərbin göstərişlərinə əsaslanan münaqişələrin həlli yanaşmasının iflası anlamına gəlir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Hərbi-Anatomiya  


Bizi "telegram"da izləyin