İsrail-ABŞ birgə HHM və RƏM sistemləri Avropanı Fransadan qoruyur – ANALİZ

2023/10/1696602353.jpg
Oxunub: 35026     15:24     09 Oktyabr 2023    
İsrailin Almaniyaya 4 milyard avro dəyərində “Arrow-3” tipli ballistik raketdən müdafiə sistemi satması ABŞ-nin Təl-Əvivin müdafiə texnologiyası istehsalındakı rolunu gündəmə gətirib.

İsrail sentyabrın 28-də Almaniya ilə imzaladığı müqaviləni “ölkə tarixində rekord qıran müdafiə satışı” kimi elan edib. Almaniya isə 2022-ci ilin avqustunda start verilən və 19 Avropa ölkəsinin iştirak etdiyi müştərək “Avropa Hava Qalxanı Təşəbbüsü”ndə (Sky Shield) “Arrow-3”dən istifadə ediləcəyini və NATO-ya inteqrasiya ediləcəyini açıqlayıb.

“Israel Aerospace Industries” (IAI) və ABŞ-nin “Boeing” şirkəti arasında birgə istehsal edilən “Arrow-3” layihəsi 2008-ci ildə ABŞ Müdafiə Nazirliyinin Raketdən Müdafiə Departamentinin maliyyə dəstəyi ilə başlayıb. “Arrow-3”ün istehsalçısı, özəl-dövlət tərəfdaşlığı olan IAI sistemin təxminən 2400 kilometr məsafədən atılan ballistik raketləri əngəlləyə biləcəyini bildirir. Qeyd olunur ki, sistem 2017-ci ildən İsraildə tətbiq edilir.

- İsrailin müdafiə sənayesində ABŞ-nin rolu

ABŞ Dövlət Departamenti 2021-ci ilin iyul ayında verdiyi yazılı açıqlamada Vaşinqtonun 1948-ci ildən İsrailə 125 milyard dollardan çox hərbi yardım etdiyini açıqlamışdı.

ABŞ-nin keçmiş Prezidenti Barak Obamanın hakimiyyəti dövründə Vaşinqton 2019-2028-ci illər arasında İsrailə ümumilikdə 38 milyard, yəni ildə təxminən 3,8 milyard dollar hərbi yardımı təsdiqləyib. Bu rəqəmin 5 milyard dolları müştərək istehsal layihələrinə, xüsusən də raket və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ayrılıb.

Son zamanlar İsrailin müdafiə sənayesi ixracatında önə çıxan “Dəmir Günbəz”, “David's Sling”, “Arrow-3” kimi hava və raketdən müdafiə sistemləri ABŞ ilə birgə istehsal edilib. İsrail bu sistemləri ixrac edərkən ABŞ-nin icazəsini almalıdır.

- ABŞ-nin satışa veto qoyma hüququ var

Məlumdur ki, ABŞ keçmişdə İsrailin bəzi hava və raketdən müdafiə satışı müqavilələrinə veto qoyub. ABŞ qlobal müdafiə sənayesi rəqabətində monopoliya rolunu saxlamaq istəyir və Birləşmiş Ştatlar şirkətlərinə üstünlük verir.

Polşanın 2014-cü ildə 13 milyard dollar dəyərində hava və raketdən müdafiə sistemlərinin alınması ilə bağlı tenderində Vaşinqton İsrailin “David's Sling” sisteminin satışına icazə verməyib. Polşanın tenderini ABŞ şirkətlərinin istehsal etdiyi “Patriot” HHM sistemi qazanıb. Bu dövrdə mətbuata açıqlama verən İsrail Müdafiə Nazirliyinin rəsmisi deyib: “Üzərimizdə təzyiq var. İstədiyimiz hər şeyi sata bilmərik. Bu satışdan amerikalılar qazandılar, polyaklar sevinirlər, bizə heç bir şey qalmadı”.

Bənzər şəkildə ABŞ Ukraynada “Dəmir Günbəz” HHM sistemini quraşdırmaq istədikdə, İsrailin Rusiyadan qorxaraq, bu sistemin transferinə iyun ayında veto qoyduğu bildirildi. Qeyd olunur ki, İsrail Almaniyaya satışının bütün mərhələlərində ABŞ-ni məlumatlandırıb və onun razılığını alıb. İsrail avqust ayında Vaşinqtonun orta və uzun mənzilli “David's Sling” HHM sisteminin Finlandiyaya 316 milyon avro dəyərində satışını təsdiqlədiyini açıqlamışdı.

- Avropada müharibə müdafiə büdcəsini artırdı

Rusiya-Ukrayna müharibəsinin kölgəsində Almaniya və bir çox digər Avropa ölkələri müdafiə büdcələrini artırmaq qərarına gəldilər. Almaniya 2022-ci ilin iyununda müdafiə xərcləri üçün 100 milyard avro ayırdığını açıqlayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı məlumatlara görə, müdafiə sənayesi ixracatında dünyada səkkizinci, həcm baxımından isə birinci olan İsrail Avropada hərbi xərclər trendindən faydalanmaq istəyən ölkələr sırasındadır.

İsrail Müdafiə Nazirliyinin açıqlamalarına görə, İsrailin müdafiə sənayesi ixracatı 2022-ci ildə 12,5 milyard dollara yüksələrək, ölkə tarixindəki ən yüksək səviyyəyə çatıb. Müdafiə Nazirliyi illik hesabatında Rusiya-Ukrayna müharibəsinin yaratdığı “geostrateji dəyişikliyi” və İsrailin normallaşma müqaviləsi imzaladığı ərəb ölkələrinin tələbini hərbi ixracatın artmasına səbəb kimi göstərib.

- Almaniyanın “Arrow-3” sistemini alması Fransanı narahat etdi?

Almaniyanın İsraildən təxminən 4 milyard avro dəyərində hava və raketdən müdafiə sistemləri almasının Parisi narahat etdiyinə dair xəbərlər var.

Fransa Almaniya başda olmaqla 19 Avropa dövlətinin iştirak etdiyi “Hava Qalxanı Təşəbbüsü”ndə iştirakdan imtina edib. Mətbuatda əksini tapan məlumata görə, Fransa “layihənin Avropanın müstəqilliyini qorumadığına” etiraz edərək, Avropa istehsalı əvəzinə ABŞ-İsrail HHM sistemlərindən asılılığın artdığını bildirib.

Almaniya “Arrow-3” üçün danışıqlar apararkən, Fransa Prezidenti Emmanuel Makron Paris Hava və Kosmos Sərgisində etdiyi çıxışda deyib: “Biz təhlükənin nə olduğunu bilməliyik. Sonra biz avropalılar olaraq nə istehsal edə biləcəyimizə baxmalıyıq. Bundan sonra nə almalıyıq? Rəflərdə nə varsa, almağa tələsməməliyik”.

ABŞ istehsalı olan müdafiə texnologiyalarından asılılıq barədə xəbərdarlıq edən Makron deyib: “Niyə biz tez-tez amerikalılardan almalıyıq? Çünki amerikalılar bizdən daha çox standartlar müəyyən ediblər və onların federal agentlikləri öz milli şirkətlərinə böyük dəstək verirlər”.

Fransa-İtaliya istehsalı olan “Mamba” raketdən müdafiə sisteminə işarə edən Makron bu sistemin Ukraynada quraşdırıldığını ifadə edərək qeyd edib: “Bu, həqiqətən Avropanın Avropanı qorumasıdır”.

Makronun sözləri Almaniyanın “Arrow-3” alışına mesaj kimi şərh edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arrow-3   İsrail   ABŞ   Almaniya   Fransa   HHM  


Bizi "telegram"da izləyin