Fransa: “Tiger” helikopterləri “Shahed” PUA-larına qarşı 100 faiz uğur qazanıb

2026/01/Ekran-1767777492.jpg
Oxunub: 207     14:42     05 İyun 2026    
Fransanın “Tiger” hücum helikopterlərinin İran istehsalı olan “Shahed” kamikadze pilotsuz uçuş aparatlarına qarşı həyata keçirilən əməliyyatlarda tam uğur əldə etdiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Fransa Silahlı Qüvvələri və Fransa Müdafiə Satınalmaları Agentliyinin rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, “Tiger” helikopterləri Fransa və müttəfiq qüvvələri “Shahed” pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq məqsədilə istifadə olunub.

Əməliyyatlar zamanı helikopter heyətləri onlara təyin edilmiş bütün hədəfləri aşkar edərək məhv edib. Nəticədə tapşırılan bütün “Shahed” pilotsuz uçuş aparatları vurulub.

Fransa ordusunun qiymətləndirməsinə görə, yüksək manevr qabiliyyəti, inkişaf etmiş elektro-optik sensorlar və 30 mm çaplı avtomatik top “Tiger” helikopterlərinə bu missiyalarda yüksək effektivlik qazandırıb.

Rəsmilər qeyd ediblər ki, döyüş təyyarələri ilə müqayisədə helikopterlər nisbətən aşağı sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarını daha uzun müddət izləyə və optimal nişanalma məsafəsində məhv edə bilir.

Bununla yanaşı, Fransa “Tiger” platformalarının modernləşdirilməsini davam etdirir. Bu çərçivədə helikopterlərə qısa mənzilli “Mistral 3” hava hücumundan müdafiə raketlərinin inteqrasiyası həyata keçirilir.

Məlumata görə, Fransa 2026-cı il martın ayında pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı mübarizə məqsədilə “Tiger” helikopterlərini Yaxın Şərqə yerləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Tiger   Shahed  


Bizi "telegram"da izləyin