Qeyri-real ssenari: Ermənistan hakimiyyəti kimə və nəyə ümid edir?

2026/06/1780641986.jpg
Oxunub: 209     14:45     05 İyun 2026    
“Ermənistan hakimiyyətinin Avrasiya İqtisadi Birliyindən uzaqlaşaraq Avropa İttifaqına yaxınlaşmaq siyasətinin mümkün nəticələri ilə bağlı müzakirələr davam edir. Bu fonda Ermənistanın enerji təhlükəsizliyi və iqtisadi gələcəyi ətrafında yeni suallar meydana çıxır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Qeyri-real ssenari: Ermənistan hakimiyyəti kimə və nəyə ümid edir?” başlıqlı məqaləsində yazıb.

Nəşr “RİA Novosti” agentliyində dərc olunan “Ermənistan problemlərini Azərbaycanın köməyi ilə həll etməyə ümid edir” başlıqlı məqaləyə istinadən qeyd edir ki, Rusiya Ermənistana xəbərdarlıq edib ki, əgər ölkə Avrasiya İqtisadi Birliyindən Avropa İttifaqına keçid siyasətini davam etdirsə, 2013-cü ildə qaz, neft məhsulları və almazın güzəştli tədarükü ilə bağlı imzalanmış razılaşmalar ləğv oluna bilər.

“İki tərəfdə eyni vaxtda olmaq mümkün deyil, seçim etmək lazım gələcək. Avropa İttifaqının üzvü olan ölkə Avropa məhsullarını rüsumsuz şəkildə idxal edib, daha sonra onları Avrasiya İqtisadi Birliyi ölkələrinə yenidən rüsumsuz sata bilməz. Bu, ilk növbədə geosiyasi absurddur. Digər tərəfdən, Rusiya və Avrasiya İqtisadi Birliyinin digər üzvləri niyə öz istehsalçılarının vəziyyətini pisləşdirməlidirlər?”, - deyə məqalədə qeyd olunur.

Müəllif vurğulayır ki, ABŞ öz istehsalçılarını qorumaq üçün tarif müharibələri aparır, lakin Ermənistandan sənaye və kənd təsərrüfatı maraqlarını unutması tələb olunur.

“Əgər Ermənistan Avrasiya İqtisadi Birliyi qarşısında götürdüyü öhdəlikləri pozursa, Rusiya niyə ona bazar qiymətindən aşağı qiymətlərlə qaz və neft məhsulları satmağa davam etməlidir? Ermənistan hazırda min kubmetr qazı 177 dollara alır və bu qiymət Rusiya və Belarus istisna olmaqla, dünya üzrə misilsiz hesab olunur.

Hazırda Avropa İttifaqında min kubmetr qazın qiyməti 560 dollardan artıqdır. Elə dövrlər olub ki, qiymətlər bir neçə min dollara qədər yüksəlib və bunun bir daha təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Ermənistan üçün qazın qiymətinə Gürcüstan ərazisindən tranzit xərcləri də daxildir və bu xərcləri də Rusiya öz üzərinə götürür”, - deyə nəşr yazıb.

Müəllifin fikrincə, müqavilənin ləğvi yalnız qazın bazar qiyməti ilə alınmasına deyil, həm də Rusiyadan qaz tədarükünün tam dayandırılmasına gətirib çıxara bilər.

“Əgər “Qazprom Ermənistan” qazı Rusiyadan daha yüksək qiymətə almağa məcbur olsa, sənaye müəssisələri və əhali üçün tariflərin artırılması qaçılmaz olacaq. Bu isə Ermənistan hakimiyyəti üçün olduqca çətin addımdır və sosial narazılığa səbəb ola bilər”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edir ki, alternativ variant kimi dövlət büdcəsindən qiymət fərqinin kompensasiya edilməsi mümkündür.

“Lakin yerli hesablamalara görə, bunun üçün təxminən 400 milyon dollar tələb olunur. Kasıblaşmış Ermənistan bu vəsaiti haradan tapacaq? Avropa İttifaqının belə xərcləri qarşılamağa hazır olacağı da inandırıcı görünmür”, - deyə müəllif vurğulayıb.

Məqalədə daha sonra Ermənistanın Azərbaycan qazına ümid etməsinin də real görünmədiyi qeyd olunur.

“Ermənistan ümid edir ki, Azərbaycan qazını ona da güzəştli qiymətlərlə sata bilər. Məntiq belədir ki, əgər Gürcüstan bu qazı aşağı qiymətlərlə alırsa, Ermənistan niyə eyni imkanlardan yararlanmasın? Lakin bu, tamamilə qeyri-real ssenaridir.

Birincisi, Azərbaycanın Ermənistan üçün əlavə qaz ehtiyatı yoxdur. İkincisi, Bakı qazı Avropaya bazar qiymətləri ilə satır. Hazırkı qiymətlər Ermənistanın Rusiyaya ödədiyi məbləğdən təxminən üç dəfə yüksəkdir. Belə olan halda Azərbaycan üçün hansı daha sərfəlidir: qazı Avropaya bazar qiymətinə satmaq, yoxsa Ermənistana güzəştli qiymətlərlə vermək? Cavab aydındır”, - deyə nəşr qeyd edib.

Müəllif Gürcüstan nümunəsinin də Ermənistan üçün uyğun olmadığını bildirib.

“Gürcüstan Azərbaycan qazının əsas tranzit ölkəsidir. Türkiyə və Avropaya qaz nəqli məhz onun ərazisindən həyata keçirilir. Buna görə də Bakı üçün Tbilisinin loyallığı strateji əhəmiyyət daşıyır. Ermənistanın isə güzəştli qiymətlər müqabilində Azərbaycana nə təklif edə biləcəyi böyük sual olaraq qalır”, - deyə məqalədə vurğulanıb.

Nəşr hesab edir ki, İran qazı ilə bağlı ümidlər də kifayət qədər zəifdir.

“Ermənistan İrandan məhdud həcmdə qaz alır və bu, adi bazar sövdələşməsi deyil, enerji resurslarının mübadiləsi formatında həyata keçirilir. Üstəlik, İran özü qış aylarında qaz çatışmazlığı ilə üzləşir və hətta Rusiyadan qaz tədarükü barədə danışıqlar aparır. Hazırda Tehran üçün prioritet məsələ öz geosiyasi və hərbi problemləridir”, - deyə müəllif qeyd edib.

“Beləliklə, Ermənistan hansı istiqamətə baxsa da, qaz təchizatı baxımından çıxılmaz vəziyyətlə üzləşir. Mövcud vəziyyətlə müqayisə edilə biləcək və ya onu əvəz edə biləcək alternativ variant yoxdur. Buna baxmayaraq, son illərdə beynəlxalq arenada milli maraqların siyasi məqsədlər naminə qurban verildiyi çoxsaylı nümunələr görmüşük. Ermənistan da həmin siyahının növbəti bəndinə çevrilməyə hazır olub-olmadığını müəyyən etməlidir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB    


Bizi "telegram"da izləyin