Ordu.az xəbər verir ki, ABŞ ordusu bu məqsədlə “Griffon Aerospace” şirkəti ilə 67,9 milyon dollar dəyərində müqavilə imzalayıb.
Müqaviləyə əsasən, şirkət yeni nəsil “Outlaw Gen 3” insansız hava hədəf sistemlərini tədarük edəcək. ABŞ ordusunun Müqavilələr Komandanlığı tərəfindən verilən sifarişin 2027-ci il martın 30-dək tamamlanması planlaşdırılır.
Məlumata görə, müqavilədə 2026-cı il fevralın 28-də başlanmış və ABŞ ilə İsrailin İranın hərbi infrastrukturuna qarşı genişmiqyaslı əməliyyatlarını əhatə edən “Operation Epic Fury” əməliyyatına dəstək məqsədi xüsusi vurğulanıb.
Bildirilir ki, əməliyyat ABŞ hərbi qüvvələrinin bəzi kritik imkan çatışmazlıqlarını üzə çıxarıb. Xüsusilə pilotsuz uçuş aparatlarına qarşı müdafiə və mina əleyhinə tədbirlər sahəsində problemlər müəyyən edilib.
“Griffon Aerospace” 20 ildən artıqdır ki, ABŞ ordusuna hədəf pilotsuz uçuş aparatları təqdim edir. Şirkət indiyədək ABŞ Müdafiə Nazirliyi və digər müştərilər üçün 6 mindən çox pilotsuz uçuş aparatı istehsal edib.
Hazırda “Outlaw Gen 3” sisteminin texniki xüsusiyyətləri açıqlanmayıb. Bununla belə, yeni platformanın ABŞ ordusunun təlim imkanlarını əhəmiyyətli dərəcədə artıracağı bildirilir.
Sevinc Əliyeva
Ordu.az