İsrail və ABŞ yeni müdafiə tərəfdaşlığı üzrə danışıqlara başlayıb

2026/06/1780655549.jpg
Oxunub: 187     14:37     05 İyun 2026    
İsrail və ABŞ 2028-ci ildə başa çatacaq hərbi yardım sazişini əvəz edəcək yeni müdafiə tərəfdaşlığı mexanizmi üzrə rəsmi danışıqlara start verib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər 2028-ci ildə qüvvədən düşəcək ikitərəfli müdafiə yardımı sazişinin yerinə yeni təhlükəsizlik tərəfdaşlığı çərçivəsinin hazırlanmasını müzakirə edirlər.

Məlumata görə, ilk görüş bu həftə keçirilib, növbəti görüşlərin isə yaxın həftələrdə həm İsraildə, həm də ABŞ-də təşkili planlaşdırılır. Danışıqlar İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişi ilə başlayıb.

Tərəflər tədqiqat və inkişaf layihələrinə, eləcə də müdafiə sənayesi istehsalına yönəlmiş birgə investisiyaların genişləndirilməsi yolu ilə İsrailin hərbi imkanlarını artırmağı və iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirməyi hədəfləyirlər.

Qeyd olunub ki, İsrail və ABŞ arasında ilk təhlükəsizlik sazişi 1998-ci ildə imzalanıb və sonradan təxminən hər on ildən bir yenilənib.

Müvafiq sazişlər çərçivəsində ABŞ İsrailə 1998-ci il sazişi üzrə 21,3 milyard dollar, 2008-ci il sazişi üzrə 32 milyard dollar, 2016-cı il sazişi üzrə isə 38 milyard dollar həcmində hərbi yardım ayırmağa razılıq verib.

2016-cı il sazişinə əsasən ayrılmış 38 milyard dolların 33 milyard dolları hərbi texnika alınmasına, 5 milyard dolları isə hava hücumundan müdafiə sistemlərinə yönəldilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin