Erməni politoloq: “Paşinyan daxili legitimliyin azalmasını Tramp və Makronun dəstəyi ilə ört-basdır etməyə çalışır”

2026/06/1780642257.jpg
Oxunub: 248     15:10     05 İyun 2026    
“ABŞ və Fransanın açıq dəstəyi Nikol Paşinyan üçün xarici legitimlik görüntüsü yaratmağa hesablanıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vazgen Hovhannisyan deyib.

Erməni politoloq xatırladıb ki, təxminən bir həftə əvvəl ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında Nikol Paşinyana dəstəyini ifadə edərək onu “Ermənistana sülh gətirən lider” adlandırmışdı, bundan əvvəl isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfəri zamanı Paşinyana açıq dəstək nümayiş etdirmişdi.

Hovhannisyanın sözlərinə görə, bu cür bəyanatların seçkilərdə Paşinyana əlavə səs qazandırıb-qazandırmayacağını dəqiq söyləmək çətindir.

“Trampın, Makronun Paşinyana açıq dəstəyi, həmçinin ABŞ dövlət katibinin Ermənistana səfəri siyasi elm baxımından təhlil edilərsə, bütün bunlar ‘xarici legitimlik pərdəsi’ adlanır. Bu, xüsusilə daxili legitimliyin zəiflədiyi ölkələrdə tətbiq olunan klassik formuldur.

Düşünürəm ki, seçkilərdən sonra, hətta Nikol Paşinyan yenidən hakimiyyətdə qalsa belə, onun daxili legitimliyi daha da zəifləyəcək. Buna görə də o, indidən özünə xarici legitimlik görüntüsü formalaşdırmağa çalışır”, - deyə erməni politoloq bildirib.

Onun fikrincə, Paşinyan daxili legitimliyin azalmasını Tramp və Makronun dəstəyi ilə ört-basdır etməyə çalışır.

“Hazırda Paşinyan üçün əsas məsələ Ermənistanın ABŞ və ya Rusiya ilə münasibətləri deyil. Bu gün Nikol Paşinyan üçün əsas sual hansı xarici güc mərkəzlərinin onu daha çox dəstəkləməsidir. Məqsəd xarici legitimliyin təmin edilməsidir. O, daha çox buna fokuslanıb, nəinki Ermənistanın strateji maraqlarına”, - deyə Hovhannisyan vurğulayıb.

Erməni politoloq ABŞ dövlət katibi Marko Rubionun Ermənistana son səfərinə də toxunub və onun əhəmiyyətinin şişirdildiyini düşünür.

“Mən hesab etmirəm ki, Marko Rubionun səfəri xüsusi əhəmiyyət daşıyırdı. O, mayın 26-da Ermənistana gəldi və ABŞ Konqresində çıxışı zamanı hətta Nikol Paşinyanın tutduğu vəzifəni düzgün ifadə edə bilmədi, onu Ermənistan prezidenti adlandırdı.

Bu o deməkdir ki, ABŞ dövlət katibi Ermənistanın parlament idarəetmə sisteminə malik olduğunu belə bilmir. ABŞ-nin yüksək vəzifəli rəsmisi Ermənistanda cəmi 40 dəqiqə qaldı, hava limanını belə tərk etmədi və yalnız üç memorandum imzalamaq üçün gəlmişdi”, - deyə o qeyd edib.

Hovhannisyan hesab edir ki, imzalanan memorandumlar strateji əhəmiyyət daşımır.

“Bu sənədlər dövlətlərarası əməkdaşlıq üçün ciddi hüquqi baza formalaşdırmır. Belə baza uzun danışıqlar nəticəsində əldə edilən və addım-addım fəaliyyət mexanizmini müəyyən edən konkret müqavilələrlə yaradılır.

Memorandumlar isə daha çox siyasi jest xarakteri daşıyır və onların real strateji məzmunu məhduddur”, - deyə erməni politoloq bildirib.

Onun sözlərinə görə, bütün bu addımların əsas ünvanı Ermənistan deyil, Rusiyadır.

“Burada əsas mesaj Ermənistana deyil, Rusiyaya göndərilir. Açıq şəkildə görünür ki, ABŞ və digər Qərb ölkələri Nikol Paşinyana dəstək verirlər. Bu da tamamilə məntiqlidir, çünki söhbət müxtəlif xarici güc mərkəzləri arasında geosiyasi mübarizədən gedir. Hazırda müşahidə etdiyimiz proses də məhz həmin qarşıdurmanın təzahürüdür”, - deyə Vazgen Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovhannisyan   Ermənistan  


Bizi "telegram"da izləyin