Ordu.az xəbər verir ki, şirkət bütün əsas obyektlərdə genişmiqyaslı təhlükəsizlik yoxlamalarına başladığını açıqlayıb.
Məlumata görə, xüsusi təhlükəsizlik auditlərinin və əməkdaşlar üçün təlimlərin keçirilməsi məqsədilə kritik proseslər istisna olmaqla, bütün vacib olmayan istehsal fəaliyyətləri iki gün müddətinə dayandırılıb.
“The Korea Herald” nəşrinin məlumatına əsasən, iyunun 4-də Cənubi Koreya polisi və əmək müfəttişliyi şirkətin müəssisələrində birgə yoxlamalar aparıb.
Hüquq-mühafizə orqanları Daejeondakı istehsal obyektində, yaxınlıqdakı tədqiqat və inkişaf mərkəzində, eləcə də Seuldakı baş qərargahda axtarış və sənədlərin götürülməsi əməliyyatları həyata keçiriblər.
Bildirilir ki, istintaq orqanları partlayışın səbəblərini və təhlükəsizlik prosedurlarına əməl olunub-olunmadığını müəyyən etmək üçün əldə edilmiş materialları araşdıracaq.
Partlayış nəticəsində beş işçi həlak olub, daha iki nəfər yaralanıb. Hadisənin baş verdiyi müəssisədə raketlər, raket mühərrikləri və kosmik daşıyıcılar üçün hərəkətverici sistemlər hazırlanır.
Şirkətin istehsalı dayandırmaq qərarı Daejeon, Boeun, Yeosu və Çanvon şəhərlərində yerləşən doqquz müəssisəni əhatə edir. Bundan başqa, Daejeon, Panqyo və Asandakı tədqiqat və inkişaf mərkəzlərində də yoxlamalar aparılır.
“Hanwha Aerospace” bildirib ki, xüsusilə partlayıcı maddələrin emal edildiyi müəssisələrdə təhlükəsizlik tədbirlərinə ciddi nəzarət olunacaq və istehsal proseslərində insansız avtomatlaşdırma sistemlərinin tətbiqi imkanları nəzərdən keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az