Hadisələrə Xankəndindən baxmağa çalışaq:
Separatçılar - Arayik Harutunyan və komandası, eləcə də onun rəqibləri üçün Bakının belə bir humanitar addım atacağı gözlənilən idi. Onlar həm də Parisdən gələn yükü gözləyirdilər. Fransadan Ermənistan-Azərbaycan sərhədinə qədər “qarlı dağlar aşan” Ann İdalqo doğma Parisdən gətirdiyi “bacı payı”nı ünvanına çatdıra bilmədi. Laçın sərhəd-buraxılış məntəqəsinin ətrafında yaranmış vəziyyət, aralarındakı münasibətin silahlı mübarizə həddinə çatdığı separatçılar arasındakı uçurumu bir az da dərinləşdirdi. “Fransız yardımı”na göz dikənlər Bakıdan göndərilən çörəyə kəm baxır, onun Xankəndiyə aparılmasına imkan verməyəcəklərini deyir. Deməli, Bakının göndərdiyi payı müəyyən bir qism erməni qəbul eləmir, “protestant”ların gözlədiyi yük sərhədi keçə bilmir, münasibətlərin düzələcəyinə ümid bəsləyən Xankəndi sakinləri isə səsini çıxarmağa ehtiyatlanır. Bu, o deməkdir ki, qruplaşmış separatçılar mövcud vəziyyətdən sui-istifadə edib “siyasi rəqib”lərini oyundan çıxarmağa çalışır.
Bütün bunların fonunda isə Strasburqun milliyətcə erməni olan meri Janna Barseqyanla birgə Laçın yoluna qədər təşrif buyuran xanım merin zəhməti, necə deyərlər, hədər gedir.
Son zamanlar KİV-lərə açıqlamalarında İrəvan və başqa havadarları tərəfindən “meydanda tək buraxıldıqlarından, Bakının tələblərini qəbul etmək məcburiyyətinə sürükləndiklərindən” şikayət edən erməni ictimai-siyasi “sima”lar çox gözəl anlayır ki, nicat Bakının uzatdığı əli tutmaqdadır.
Bunu parisli merin ölkəsində də gözəl başa düşürlər. Elə buna görə də əl-ayağa düşən fransız siyasiləri, Qarabağ məsələsində onlardan heç də fərqli düşünməyən digər erməni havadarlarını narahat edən bir məqam var: Rəsmi Bakı Xankəndidə və ətraf yaşayış məntəqələrində sözün həqiqi mənasında abadlıq-quruculuq işlərinə, erməni sakinlərin sosial-rifahının tənzimlənməsi istiqamətində proqramların icrasına başladıqdan sonra sıravi ermənilər neçə illərdi aldadıldıqlarının mahiyyətini bütün çılpaqlığı ilə dərk edəcək. Həmçinin Qarabağda yaşayan erməni sakinlər xaricdən “uzanan əllər”ə ehtiyac duymayacaq. Bununla da həmin “əllər” sahiblərinin olduğu yerə çəkilib getmək məcubiyyətində qalacaq.
Parisdəki siyasiləri Qafqaza, xüsusilə Qarabağa bağlayan nədir? Söz yox ki, Fransada erməni diasporu müəyyən çevrəyə malikdir, siyasi dairələrdə təmsil olunur, ölkənin bəzi sahələrində təsir imkanları mövcuddur. Fransa hakimiyyətinin yuxarı dairələrində erməni əsilli fiqurlar da az deyil.
Amma bu, Fransa kimi ölkənin müharibə vəziyyətində olan iki ölkəyə münasibətdəki siyasi xəttinə heç bir halda təsir edə bilməzdi... Məsələ Fransa hakimiyyətinin öz məğzindədir. İndiyədək fransızlar tərəfindən dünyanın bir çox ölkəsində həyata keçirilmiş işğalçılıq və soyqırımı faktları rəsmi Paris tərəfindən inkar edilə bilmir...
Qarabağ münaqişəsinin tənzimlənməsi üçün 1994-cü ildə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransa 44 günlük müharibədən əvvəlki dövrdə danışıqlar ətrafında heç vaxt mütərəqqi mövqe nümayiş etdirməyib. Müharibənin gedişatı boyunca da dəfələrlə Azərbaycan əleyhinə bəyanatlarla çıxış edib. Hərbi əməliyyatlar dayandırıldıqdan sonrakı dönəmdə də rəsmi Parisin mövqeyində dəyişiklik baş verməyib.
Fransa özünün geopolitik kursunda Azərbaycana qarşı sərgilədiyi münasibətdə xristian həmrəyliyinin elementlərindən tutmuş islamafobiyaya qədər bir çox ştrixləri açıq şəkildə cızıb.
Hazırda Ukraynada gedən müharibənin fonunda qütbləşmiş dünyanın Rusiya əleyhinə səngərlərində mövqelənən Paris Qafqazda da Kremlə qarşı cəbhə açmaq üçün ən münbit şərait kimi Qarabağdakı mövcud vəziyyətdən yararlanmağa çalışır. Baxmayaraq ki, Paris rəsmi Bakını hədəfə alır, amma onun əsas məqsədlərindən biri də Rusiyanın Ermənistanda mövqelərinin zəiflədilməsinə nail olmaqdır.
Mövcud Fransa hakimiyyətinin Azərbaycana qarşı çıxışlarının kökündə təkcə antitürk və islamafobik baxışlarından doğan siyasi elementlər dayanmır. Burada əsas məsələ Bakının Qafqazada sülh və sabitliyin mümkün qədər tez əldə etmək cəhdlərinə mane olmaqdır. Çünki Ukraynadakı müharibə başa çatana qədər Ermənistan və Azərbaycan arasında sülh əldə olunsa, Qərbin bəzi dairələri bölgəyə, daha doğrusu, Ermənistana təsir imkanlarını avtomatik itirməli olacaq. Rusiyanın birbaşa və ya dolayısı ilə iştirak etdiyi proseslərin bir istiqamətində sülhün əldə edilməsi Moskvanın Qərbdə planlaşdırılan “oyunlara” qarşı daha rahat fokuslanmasına zəmin yaradacaq.
Ermənistan və Azərbaycan arasında sülh reallaşsa, bu məsələdə əldə edilmiş təcrübə Cənubi Qafqazın digər tərəfindəki Abxaziya və Cənubi Osetiya problemlərinin həlli üçün “Yol xəritəsi” rolunu oynaya bilər. Hərçənd rəsmi Moskvanın bəzi ölkələrlə qonşuluq siyasəti Qərbin beynəlxalq arenada oynadığı oyunlardan çox da fərqlənmir, amma bölgənin gələcəyi naminə sülh əldə etmək imkanları tükənmiş hesab olunmur. Təbii ki, bu, Qərb üçün heç də arzuolunan deyil.
Bölgənin iqtisadi inkişafı buradakı ölkələrin, xüsusilə Gürcüstan və Ermənistanın iqtisadi cəhətdən güclənməsi onların geopolitik arenada müstəqil davranmaq imkanlarının genişlənməsinə gətirib çıxara bilər. Bu da, indiyədək Qafqaza təsir imkanlarının genişləndirmək üçün müxtəlif layihələr həyata keçirən Qərbin siyasi kursunu qane etmir.
Hazırda bu narahatlığın ən açıq ifadəçisi rəsmi Parisdir. Nəzərə alsaq ki, İrəvan Bakı ilə sülh müqaviləsinə imza atdığı təqdirdə, qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün Azərbaycan Ermənistanla iqtisadi layihələrin icrasına, ticari əlaqələrin qurulmasına və genişləndirilməsinə ciddi dəstək göstərə bilər, deməli, hazırda Ermənistanda fransızlar tərəfindən icra edilməkdə olan xeyli sayda layihə kölgə altına düşəcək.
Sirr deyil ki, fransızların Ermənistan ərazisində həyat keçirdiyi layihələrin əsl mahiyyəti iqtisadi maraqlardan ibarət deyil, Parisin Cənubi Qafqazdakı strateji planlarının pərdələnməsindən ötrüdür. Rəsmi Paris bu “pərdələnmə”ni əsaslandırmaq üçün Fransadakı erməni əslli vətəndaşlardan, Ermənistana və Qarabağdakı ermənilərə “bacı” gözündə baxmasından məharətlə istifadə edir. Əgər Fransa hakimiyyəti və ermənipərəst məmurlar Qarabağın erməni sakinlərinin sosial rifahı və problemlərinin həlli haqqında düşünmüş olsaydılar, onda, Parisdən gələn “humanitar yük”ün Xankəndiyə hansı yoldan çatdırılması onlar üçün fərq etməzdi.
Paris meri Ann İdalqonun Laçın sərhəd-buraxılş məntəqəsinə qədər gəlib oradan Gorusa, daha sonra isə İrəvana dönüb Ermənistanın baş naziri Nikol Paşinyanla tələm-tələsik görüşməsi onu göstərir ki, xanım mer Bakı və Moskva əleyhinə hazırlanmış missiyasını yerinə yetirə bilib.
Fransa prezidenti Emmanuel Makronun Azərbaycan Pespublikasının dövlət başçısı İlham Əliyevə telefon zənginin vaxtı xüsusilə diqqət çəkir. Makron azərbaycanlı həmkarına zəng edəndə Ann İdalqonun müşaiyət etdiyi “humanitar yük” artıq yolda idi, yaxud Ermənistana çatmışdı...
Bu isə o deməkdir ki, münasibətləri müharibə həddində olan Ermənistan və Azərbaycan arasında Paris merinin simasında təxribata cəhd edən və bu iki ölkənin sərhədlərinə qədər “sızan” Fransa rəhbərliyi bir zənglə özünü sığortalamağa çalışsa da, onun “diplomatik” gedişi nəticə vermədi. Nəinki beynəlxalq hüququn prinsiplərinə əsasən, hətta adi dostluq və diplomatik münasibətlərin etik kodekslərinə görə, bir ölkə başqa bir ölkə ərazisində xoşməramlı tədbir həyata keçirməyi planlaşdırırsa, həmin dövlətin müvafiq strukturlarına əvvəlcədən xəbər verir, müzakirə aparılır və tədbirin icrası razılaşdırılır.
Emmanuel Makronun bu prizmadan çıxış etməməsi sübut edir ki, rəsmi Parisin əsas məqsədi “humanitar yük”ün Xankəndiyə çatdırılması deyil. Bu addım Azərbaycanla yanaşı Rusiyanın da mövqeyinə zərbə vurmaq üçün atılıb.
Ann İdalqonun müşayiət etdiyi avtomobil karvanının Laçın sərhəd-buraxılış məntəqəsindən keçidinə icazə verilməməsinə Rusiyanın susqunluğu, yaxud bunu Azərbaycanın daxili işi kimi şərh etməsi Paris üçün imkan yaradır ki, Moskvanı humanitar yanaşma sərgiləməməyə görə qınaq atəşinə tutsun. Bunun fonunda Ermənistanda və Qarabağın erməni sakinləri arasında Rusiyanın əleyhinə ictimai rəy formalalaşsın.
Rəsmi Parisin bu istiqamətdəki maraqları həqiqətən humanitar prinsiplərə sökənsəydi, onda, fransız səlahiyyətlilər gətirdikəri yükü mütləq Ağdam-Xankəndi yolunun üzərindən ünvana çatdırmağın hüquqi yollarını tapa bilərdilər. Əgər doğrudan da, bu yükün Qarabağın erməni sakinlərinə çatdırılması ciddi zərurət idisə, heç olmaya, fransızlar “humanitar yük”ün Xankəndiyə daşınması üçün rəsmi Bakı və Moskvaya müraciət etməklə Rusiya Sülhməramlı Kontingentinin köməyindən yararlananmağa təşəbbüs göstərərdilər.
Necə ki, Bakı Xankəndinin erməni sakinlərinə göndərdiyi sözün həqiqi mənasındakı humanitar yükün ünvana çatdırılmasından ötrü Rusiya Sülhməramlı Kontingentinin bu işdə iştirakını vacib hesab etdi.
Teymur Zahidoğlu
Ordu.az