HHM birləşmə, hissə və bölmələrində taktiki hazırlıq - ANALİZ (HƏRBİ EKSPERT)

2019/12/345-4730253174.jpg
Oxunub: 5259     16:17     23 Dekabr 2019    
HHM hissə və bölmələrinin döyüş hazırlığının əsasını taktiki hazırlıq təşkil edir. Taktiki hazırlığın əsas tapşırıqları aşağıdakılardan ibarətdir:

- öz qoşunlarımız və düşmənin hava qüvvələrinin döyüş imkanlarının və taktiki fəaliyyətlərinin öyrənilməsi;
- düşmənin hava qüvvələrinin qısa müddətdə tam qiymətləndirilməsi üzrə komandir və qərargahların hazırlığı;
- HHM hissə və bölmələrinin idarə olunması, döyüş fəaliyyətlərinin hərtərəfli təminatının təşkili və qarşılıqlı əlaqənin yaradılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi;
- mürəkkəb radioelektron şəraitdə düşmənin hava qüvvələrinə qarşı etibarlı döyüş fəaliyyətlərinin aparılması üzrə HHM hissə və bölmələrinin döyüş uzlaşması;
- öyrənənlərə yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətlərin aşılanması;
- HHM hissə və bölmələrinin tətbiqinin üsul və qaydalarının təhlili, düşmənin silahlandırmasında olan və gələcəkdə ola bilən hava hücum vasitələrinə qarşı daha mübarizə üsul və qaydalarının araşdırılması;
- müharibə və təlimlərin təcrübəsinin araşdırılması, təhlili və qoşunların fəaiyyətində tətbiqi.



HHM hissə və bölmələrində taktiki hazırlığın əsasını aşağıdakılar təşkil edir:

- taktiki-sıra məşğələləri;
- taktiki təlimlər;
- atəşin idarə olunması üzrə təlimlər;
- hava hücumundan müdafiə təlimləri.


Taktiki-sıra məşğələləri

Taktiki-sıra məşğələləri taktiki hazırlığın, ümumiyyətlə bölmələrin döyüş uzlaşmasının ilk pilləsidir və adətən taqım və batareyalarla keçirilir. Bu məşğələlərdə müxtəlif döyüş növlərində qoşunların, düşmənin hava zərbələrindən müdafiəsi üzrə HHM hissə və bölmələrinin fəaliyyətinin fənd və üsullarının yerinə yetirilmə texnikası öyrədilir və məşq etdirilir, onların ilkin uzlaşdırılması həyata keçirilir, həmçinin qarşıdan gələn təlimlərə hazırlıq üzrə vacib məsələlər işlənilir.


Taktiki-sıra məşğələlərində hər bir tədris sualı üçün taktiki şərait yaradılır. Yerüstü düşmən fəaliyyətinin göstərilməsi üçün təlim sahələrinin avadanlığından, hava şəraitinin yaradılması üçün isə aviasiyanın və pilotsuz uçuş aparatlarının real uçuşlarından, müxtəlif məşq qurğularından, radio ilə idarə olunan hədəflərdən və hava hədəflərinin yamsılayıcılarından istifadə olunur.

Taktiki-sıra məşğələləri, adətən bilavasitə komandirlər tərəfindən keçirilir. Məşğələnin davamiyyəti proqramlarda təyin olunur. Hər məşğələdə 3-5 tədris sualı işlənə bilər.

Taktiki-sıra məşğələlərinin hazırlığına daxildir:

- ilkin məlumatların dəqiqləşdirilməsi və təyin edilməsi;
- məşğələnin planının işlənilməsi;
- məşğələ rayonunun və maddi təminatın hazırlanması;
- rəhbərin və bölmənin məşğələyə hazırlanması.


Məşğələnin keçirilməsi üçün ilkin məlumatlar aşağıdakılardır:

- mövzu;
- tədris məqsədləri;
- tədris sualları;
- öyrənənlərin tərkibi;
- davamiyyət;
- məşğələnin keçirilmə yeri;
- motoehtiyatların sərfi normaları (texnika üzərində keçirilən məşğələlər üçün);
- təqlid və digər maddi vasitələr.



Məşğələyə hazırlaşarkən rəhbər məşğələnin mövzusunu aydınlaşdırır, məşğələnin gedişində taktiki şəraitin hansı mərhələsində hansı fənd və fəaliyyətlərin işlənməsini, mövzunun nə ilə başlanıb, nə ilə bitməsini təyin edir. İlkin məlumatları təyin etdikdən və dəqiqləşdirdikdən sonra təlim rəhbəri məşğələnin planını hazırlayır.

Taktiki-sıra məşğələsinin planı sxem, yaxud xəritə üzərində hazırlanır və ona daxildir:

- ilkin məlumatlar;
- hər bir tədris sualı üçün taktiki şərait;
- vaxt hesabı;
- komandirin fəaliyyətləri;
- düşmənin təqlid edilməsi;
- xəbərdaretmə və qarşılıqlı əlaqə siqnalları;
- ümumi taktiki şərait.

Yaradılan taktiki şərait məşğələnin təlim məqsədlərinə cavab verməli, öyrədici xüsusiyyətlərə malik olmalı, nəzərdə tutulmuş fənd və fəaliyyətlərin tam işlənilməsini təmin etməlidir.

Taktiki şərait yaradılarkən xəritədə göstərilməlidir:

- müdafiə olunan qoşunların vəziyyəti, fəaliyyət xarakteri və döyüş tapşırığı;
- öyrədilən bölmənin döyüş tapşırığı;
- hər bir tədris sualının işlənilməsi üçün yaranmış taktiki vəziyyət (müdaxilələr) və digər məlumatlar.



Məşğələnin keçirilmə planı, məşğələ rəhbəri tərəfindən imzalanır və onun bilavasitə rəisi tərəfindən təsdiqlənir.

Məşğələ rayonun hazırlanmasına və məşğələnin maddi təminatına daxildir:

- hava və yerüstü düşmənin fəaliyyətlərinin işarələnməsi üçün qüvvə və vasitələrin, qayda və üsulların təyin edilməsi;
- atəşin yamsılanması;
- maddi vasitələrin sayının və onların hazırlıq vaxtının müəyyənləşdirilməsi, silah və texnikanın hazırlanması;
- şəxsi heyətin qidalanması və tibbi təminatının təşkili.


Məşğələyə hazırlıq zamanı bölmə komandiri:

- mövzu və normativləri öyrənməli;
- rəhbəredici sənədlərin mövzuya aid müddəaları və təhlükəsizlik qaydaları üzrə komandir heyəti ilə metodiki məşğələ keçirməlidir.


Taktiki-sıra məşğələsinə şəxsi heyət öz silah və texnikası ilə çıxarılır. Məşğələ rəhbəri məşğələyə, mövzu və məqsədlərini elan etməklə başlayır, tədris suallarını, onların ardıcıllığını, taktiki şəraiti çatdırır, bölməyə tapşırıq verir və praktiki fəaliyyətə başlayır.


Şəxsi heyət və bölmələrin müxtəlif döyüş növlərində fəaliyyətinin fənd və üsulları əvvəl aşağı tempdə və elementlər üzrə, sonra tam şəkildə normativlərə uyğun bütövlükdə yerinə yetirilir. Normativlər, fənd və üsullar öyrənənlər tərəfindən düzgün yerinə yetirilənə qədər təkrarlanır, sonra növbəti təlim sualı işlənilir. Nöqsan aşkar olunduqda rəhbər məşğələni dayandırır, nöqsanları göstərir, düzgün yerinə yetirməni izah edir və yenidən məşq etdirir.

Hər tədris sualından əvvəl məşğələ rəhbəri bölmə komandirlərini ərazidə səmtləşdirir, onları şəraitlə tanış edir və tapşırıqlar verir.


Hər tədris sualından sonra məşğələ rəhbəri qısa təhlil keçirir, öyrənənləri qiymətləndirir və yol verilmiş nöqsanları göstərərir, məşğələnin sonunda isə ümumi təhlil keçirir.

Batareyada təhlil bütün şəxsi heyətlə, divizionda əvvəl zabitlərlə, sonra isə bütün şəxsi heyətlə keçirilir.

Təhlil zamanı məşğələ rəhbəri mövzu, tədris sualları və məqsədlərini xatırladır, hər bir tədris sualı üzrə bölmələrin fəaliyyətini təhlil edir, müsbət cəhətləri və nöqsanları, normativlərin yerinə yetirilməsi, hədəflərin vaxtında aşkar edilməsi və atəşin açılması, kütləvi qırğın silahının təsirindən müdafiə olunma, döyüşə hazırolma, uzlaşma və hazırlıq səviyyəsini qeyd edir. Təhlilin sonunda rəhbər, təlim məqsədlərinə nail olunma səviyyəsini çatdırır, bölməni qiymətləndirir, nöqsanların aradan qaldırılması, texnika və əmlaklara qulluq qayda və vaxtlarını təyin edir.

Taktiki təlim


Taktiki təlim HHM hissə və bölmələrinin çöl məşğələlərinin əsas formasıdır. Təlimlər, döyüş hazırlığının yüksəldilməsi üçün təsirli vasitədir və qoşunları müasir döyüşün aparılmasına daha məqsədyönlü hazırlamağa imkan verir. Təlimə ayrılan vaxtın əsas hissəsi döyüş fəaliyyətlərinin praktiki icrasına ayrılır, vaxtın ən azı 30%-i gecə fəaliyyətlərinə sərf edilir.

Hissə və bölmələr təlimlərə tam tərkibdə, ştat silahları və yetərli sayda texnika ilə çıxarılır. Döyüş atışlı taktiki təlimlərə divizion və batareyalar tam tərkibdə döyüş texnikası ilə çıxarılır.



Taktiki təlimlərdə əsas tədris üsulu öyrədilənlərin öz vəzifə borclarını yerinə yetirmək üzrə praktiki işidir. Təlimlərin gedişində bölmə komandirləri həm özləri öyrənir, həm də bölmələrini öyrədirlər. Bölmələr mürəkkəb şəraitdə döyüş aparmağa hazırlaşır, düşmənə atəşlə zərərvurma vərdişləri təkmilləşdirilir və yeni üsullar araşdırılır, silah və texnikanı tam tətbiq etməyi öyrənirlər. Bölmələr, mövqelərin mühəndis cəhətdən hazırlanması, maskalanma, kütləvi qırğın silahlarından mühafizə, onun tətbiqindən sonra nəticələrinin aradan qaldırılması və yaranmış şəraitə uyğun digər tədbirləri praktiki olaraq kompleks şəkildə yerinə yetirirlər.

Taktiki təlim döyüş tapşırığına uyğun mövzuda keçirilməli və bölmələrin çöl vərdişlərinin və döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsini təmin etməlidir. Mövzunun tərkibinə digər döyüş növlərinin sualları da daxil edilə bilər.

Taktiki təlimin təşkili və keçirilməsi üçün aşağıda göstərilən sənədlər hazırlanmalıdır:


- təlimin niyyəti izahedici mətn ilə;
- təlimin planı;
- təşkilatı göstərişlər;
- taktiki tapşırıq, ilkin döyüş sərancamı, döyüş əmrləri və hər iki tərəfə sərəncamlar;
- döyüş aviasiyasının uçuşları üçün tapşırıqlar, müavinlərin, təlim rəhbərinin köməkçilərinin və vasitəçilərinin fərdi planları;
- maskalanma planı, düşmənin texniki kəşfiyyat və nəzarət vasitələrinə qarşı əks tədbirlər planı, radioelektron maneəqoyma, obyektiv nəzarət, imitasiya planları və digər sənədlər.


Təlimin planı xəritə üzərində hazırlanır və orada ilkin məlumatlar, taktiki niyyət və keçirilən təlimin təqvimi əks olunur.


Təlimin niyyətində, ümumqoşun taktiki təlimindən fərqli olaraq xəritədə hava hücumu vasitələrinin yerləşdiyi bazalar, ehtimal olunan zərbə istiqamətləri, HHM vasitələrin radioelektron maneəqoyma həddi və düşmənin hücum aviasiyasını, atəş dəstəyi helikopterlərinin tətbiq etməsinin ehtimal olunan həddlərini, qoşunların cəmləşmə rayonu və himayə olunan qoşunların (obyektlərin) döyüş tapşırıqları, komandirlərin niyyətləri, yaxın start (atəş, radiolokasiya) movqeləri, HHM qüvvə və vasitələrin birgə fəaliyyətini idarəetmə məntəqələri, zenit texniki raket bazasının açılması rayonu, qırıcı aviasiya bazaları, onların havada növbətçilik zonaları, qırıcı aviasiyanın və zenit vasitələrinin birgə fəaliyyət zonaları, HHM hissələrinin üzərindən bizim aviasiya üçün uçuş dəhlizləri əks olunur.

Təlimin niyyəti təlim rəhbəri, qərargah rəisi tərəfindən imzalanır və təlimin başlanmasına ən azı üç həftə qalmış bilavasitə komandir (rəis) tərəfindən təsdiqlənir.

Təlimin planı təlim rəhbərliyinin qərargah rəisi tərəfindən imzalanır və təlimin rəhbəri tərəfindən təsdiqlənir.

Zenit-raket artilleriya batareyası ilə keçirilən təlimin planı xəritədə hazırlanır və orada ilkin məlumatlar, taktiki niyyət, təlimin keçirilmə təqvimi və təlimin əsas göstəriciləri əks olunur.

Plan təlimin başlanmasına ən azı bir həftə qalmış təsdiqlənir.


HHM hissələri üçün taktiki tapşırıqda əlavə olaraq göstərilir:

- ümumi şəraitdə - yerüstü və hava düşməni haqqında məlumatlar, öz qoşunlarımızın vəziyyəti və tapşırıqları (tabor səviyyəsində);
- fərdi şəraitdə - himayə edilən qoşunlar haqqında tam məlumat və tapşırıqları, öyrədilən hissələrin (bölmələrin) tapşırıqları və vəziyyətləri, qonşuların HHM vasitələrinin tapşırıqları və vəziyyətləri, yuxarı rəislərin və qırıcı aviasiya vasitələri.


HHM hissə və bölmələrinə təlimin ümumi qiyməti iki göstəriciyə görə hesablanır:

- qərargahın qiyməti;
- bölmələrin taktiki fəaliyyətinin qiyməti.

Atəşin idarə olunması üzrə təlimlər

Atəşin idarə olunması üzrə təlimlər döyüş uzlaşmasının bir formasıdır, HHM hissə və bölmələrinin döyüş hazırlığının yüksəldilməsi və atəş qabiliyyətinin artırılması məqsədi ilə keçirilir.

Bu təlimlərə birlik və birləşmə HHM rəisləri və batareya komandirləri öz kəşfiyyat və idarəetmə bölmələri ilə, zenit-raket divizionu komandiri qərargahı ilə, taqım komandirləri öz qəbul etmə, xəbərdaretmə, tanınma və təlim kompleksləri ilə cəlb olunurlar. Ehtiyac olduqda batareyadan (diviziondan) 1-2 döyüş maşını cəlb oluna bilər.

Təlimin mövzusu taktiki tapşırıqdan, HHM bölmələrinin hazırlığından və uzlaşmasından, döyüş aviasiyasının təlimə ayrılmış resursundan və döyüş tapşırıqlarından asılı olaraq yuxarı rəislər tərəfindən təyin olunur.


Təlim zamanı əsas diqqət öyrənənlərin paralel işinə, kəşfiyyatın təşkilinə, atəş sisteminə və onun idarə olunmasına, aviasiya bölmələri ilə birgə fəaliyyətə və qarşılıqlı əlaqənin saxlanılmasına, döyüş heyətlərinin öz vəzifələrini yerinə yetirməsinə, komandirlər tərəfindən hava vəziyyətinin qiymətləndirilməsinə, qərarın qəbul edilməsinə, atəş tapşırığının verilməsinə, atış qaydalarının və aviasiya ilə qarşılıqlı fəaliyyətin yerinə yetirilməsinə yönəldilir.

Təlimdə düşmənin müxtəlif düzülüş və tərkibli bir neçə hücumunun qarşısının alınması işlənilməlidir. Bu zaman hər bölmə (maşın, qurğu) ən azı təlim məqbul atışı yerinə yetirməlidir. Düşmənin hava zərbələrinin dəf edilməsindən sonra təlim rəhbəri hücumun dəf edilməsi nəticələri və düşmən aviasiyasının gələcək fəaliyyətlərinin imkanları barədə (nə vaxt, hansı tərkibdə, hansı istiqamətlərdən təkrar zərbənin gözlənilməsi) məruzələri və komandirin (HHM rəisinin) yeni mövqe rayonuna (ehtiyat mövqelərə) yerdəyişməni (manevri) həyata keçirmə qərarını dinləyir. Hava düşməninin zərbələrinin dəf edilməsi zamanı atəş bölmələrinin və idarəetmə məntəqələrinin fəaliyyətinə təlim rəhbəri, rəhbərliyin qərargah zabitləri, vasitəçilər (nəzarət qrupları) tərəfindən nəzarət olunur.

HHM üzrə təlimlər


HHM üzrə təlimlər döyüş uzlaşmasının, HHM qüvvə və vasitələrinin döyüşə hazırlığının və çöl vərdişlərinin yüksəldilməsi üçün əsas hazırlıq formasıdır. Bu təlimlər müxtəlif əməliyyatlarda hava hücumundan müdafiənin təşkili, HHM qüvvə və vasitələrinin döyüş uzlaşmasının inkişafı, qonşular və aviasiya ilə qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün təyin olunub.

HHM üzrə təlimə HHM hissə və bölmələri tam tərkibdə, həmçinin idarəetmə qrupları cəlb olunur.

Təlimin hazırlanması və keçirilməsi üçün rəhbərlik, maneələr yaradan vasitəçilər qrupu, yoxlama qrupları (məqbul atış çalışmaları yerinə yetirilən zaman) təyin olunur. Təlimə birlik komandiri rəhbərlik edir. Təlimin rəhbərliyinə, rəhbərlik qərargahı, təlim rəhbərinin müavinləri, təlim rəhbərinin yamsılama üzrə köməkçisi daxildir.

HHM üzrə təlimə taktiki təlim üçün işlənən sənədlər hazırlanır.


Təlim, daimi dislokasiya məntəqəsində və ya bölmələr çıxarılmış ilkin rayonda başlaya bilər. Öyrənənlərə taktiki tapşırığın verilməsinin yeri və vaxtı, təlimin mövzusundan, məqsədlərindən və başlama üsulundan asılı olaraq təlim rəhbəri tərəfindən təyin edilir. Taktiki tapşırıq verildiyi andan bölmələrin fəaliyyətləri taktiki təlimdə olduğu ardıcıllıqla həyata keçirilir.

Nəticə

1. HHM qüvvə və vasitələrinin döyüş imkanları düşmən hava qüvvələrinin hücumundan qoşunları etibarlı müdafiə etmək səviyyəsinə çatdırılmalıdır. Bunun üçün HHM qüvvələrinin təchizatı və hazırlığı düşmənin silahlanmasına yeni daxil olmuş və yaxın gələcəkdə olması ehtimal olunan vasitələrin imkanları nəzərə alınmaqla həyata keçirilməlidir.
2. HHM hissə və bölmələrinin döyüş hazırlığı, qoşunların döyüş tapşırığına uyğun təşkil olunmalı, məşğələ və təlimlər ümumqoşun hissə və bölmələri ilə birgə keçirilməli, qonşular və ümumqoşun qüvvələri ilə tam qarşılıqlı əlaqəyə nail olunmalıdır.
3. Bütün HHM hissə və bölmələri simulyasiya avadanlıqları və döyüş hazırlığının təlim maddi-texniki bazası ilə təmin olunmalı, komandir heyətinin və mütəxəssislərin peşəkar hazırlığı mərkəzləşdirilmiş şəkildə təşkil edilməlidir.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
«Организация и методика боевой подготовки войск», военное издательство Баку – 1997


Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HHM   Təlim   Döyüş-hazırlığı  


Bizi "telegram"da izləyin