Döyüş hazırlığının təşkili məsələlərindən biri də öyrətmənin (tədrisin) formasıdır. O, öyrətmənin məqsədlərindən, öyrənənlərin tərkibindən, hazırlıq səviyyəsindən asılıdır və aşağıdakıları müəyyənləşdirir:
- məşğələnin quruluşunu;
- məşğələlərin (məşqin) yerini və müddətini;
- məşğələ rəhbərinin və öyrənənlərin rolunu;
- texnikanın, təlim maddi-texniki baza istifadəsini.
Öyrətmənin formaları aşağıdakı əlamətlərə görə bölünür:
- hazırlığın istiqamətinə görə - nəzəri və praktiki;
- öyrənənlərin tərkibinə görə - kollektiv, qrup və fərdi;
- keçirilmə yerinə görə - sinif və çöl;
- xidmət prosesində yerinə görə - planlı, planlı-xidməti və xidmətdən kənar.
Planlı öyrətmə formaları – nəzəri, praktiki məşğələlər və məşqlər, döyüş atışları və təlimlər üçün tətbiq olunur.
Planlı-xidməti öyrətmə formaları – park-təsərrüfat (park) günləri və reqlament işləri günlərində, texniki təhlükəsizlik üzrə planlı təlimatlandırma, xüsusi təlimatlar və müşavirələrin keçirildiyi zaman istifadə olunur.
Xidmətdənkənar öyrətmə formaları – konfranslarda, müxtəlif növ yarışlarda, konkurslarda və s. tətbiq olunur.
Məşğələlərin keçirilmə formalarına bir neçə öyrətmə metodları daxil ola bilər. Öyrətmə metodları – döyüş hazırlığının məqsədlərinə nail olmanın fənd və üsullarıdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində aşağıdakı öyrətmə metodlarından istifadə olunur:
- şifahi izah etmə;
- müzakirə (söhbət, seminar);
- göstərmə (nümayiş);
- məşq;
- praktiki iş (çöldə, parkda, atəş mövqeyində və s.);
- müstəqil (sərbəst) hazırlıq.
Bunlar ümumi metodlarlardır, bunlardan başqa digər forma və metodlar da hazırlanıb tətbiq oluna bilər.
Forma və metodların seçimi:
- tədris fənnindən,
- şəxsi heyətin hazırlıq səviyyəsindən,
- məşğələnin mövzu və məqsədlərindən,
- tədris suallarından,
- təlim maddi-texniki bazanın varlığı və vəziyyətindən asılıdır.
Hər metod özünə müxtəlif öyrətmə fəndlərini daxil edə bilər, həmçinin fərqli metodlara eyni fəndlər daxil ola bilər. Metod ayrı-ayrı fəndlər toplusu deyil - onların qarşılıqlı vəhdəti nəticəsində yaranan sistemdir. Hərbi qulluqçuların öyrətmə metodları və fəndləri hərbi texnikanın və döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi ilə əlaqədar dəyişərək inkişaf edə bilər. Mürəkkəb hərbi texnikanın və döyüş fəaliyyətlərinin fənd və üsullarının mənimsənilməsində bütün mümkün öyrətmə metodlarının tətbiq edilməsi məqsədəuyğundur.
Öyrətmə metodlarının seçilməsi və tətbiqi aşağıdakı şərtlərdən asılıdır:
- şəxsi heyətin qruplaşdırılması;
- qrupların tərkibində öyrənənlərin hazırlıq səviyyəsi;
- məşğələyə ayrılmış zaman;
- tədris avadanlığının varlığı və onun vəziyyəti;
- məşğələ yeri;
- məşğələ rəhbərinin peşəkar və metodiki hazırlıq səviyyəsindən.
Tədris materialının şifahi izah edilməsi metodu:
- danışma,
- təlimatlandırma,
- nəql etmə,
- mühazirəni əhatə edir.
Materialın şifahi izah edilməsində söz və ifadələr aparıcı məlumat mənbəyidir, eyni zamanda tədris vəsaitlərinin istifadəsini də istisna etmir.
İzahetmə - hadisənin baş vermə səbəblərini açıqlayır, prosesin və fəaliyyətin “nə üçün?”, “necə?” icra edilməsi suallarını çavablandırır.
Təlimatlandırma - öyrənənə müəyyən fəaliyyətin yerinə yetirilməsi üçün aydın, qısa və dəqiq göstərişləri ifadə edir.
Nəqletmə - nəticələrin və faktların çatdırılması məqsədi ilə materialı hekayə və ya təsvir edilməklə ifadə edir.
Nəqletmədə aşağıdakı fəndlər istifadə edilir:
- hekayə - ardıcıl, məntiqi əlaqəli şifahi ifadə;
- təsvir - xarici görkəmin, texniki obyektin quruluşunun, hadisələrin gedişatının sözlərlə ifadəsi,
- mühakimə - fikrin, nəticəyə gəlmənin, ümumiləşdirmənin istifadəsi.
Mühazirə - öz aralarında əlaqələri olan müəyyən tədris suallarının elmi analizi, sübutları, yekun və nəticələrini açıqlayan və ümumiləşdirən nəzəri məlumatdır. Mühazirə, nəzəri və praktiki problemləri dərindən şərh edən bir metoddur. Bu öyrətmə metodunda:
- təsvir,
- hekayə,
- sübutların, faktların və nümunələrin izahı,
- ümumiləşdirmə,
- nəticə kimi fəndlər bir-biri ilə ahəngdarlıq təşkil edir. Mühazirədə adətən 2 saat ərzində 2-3 sual açıqlanır.
Mühazirənin əsas tipləri aşağıdakılardır:
1. Giriş mühazirəsi - öyrədilən fənnin quruluşuna, onun tapşırıqlarına və əsas problemlərinə həsr edilir, tədris mərhələsində müəyyən biliyin əldə edilməsinə tapşırıqlar qoyulur; 2. Mövzu üzrə mühazirə - müəyyən mövzunun əsas məlumatlarını, yekunlarını, nəticələri, tövsiyələri əhatə edir; 3. Yekun mühazirə - hər hansı fənn və ya fənnin bölməsi üzrə məlumatların vahid sistemə yönəldilərək birləşdirilməsini nəzərdə tutur. Bu zaman yekunlar, nəticələr və tövsiyələr verilir; 4. Problem mühazirəsi - hər hansı tədris fənninin xarakterik probleminə həsr edilir. 5. Sahələrə nəzər salma mühazirəsi- döyüş hazırlığının bir neçə fənni üzrə əsas və ən mürəkkəb sualları əhatə edir, qalan sualların öyrənilməsinə tövsiyələr verir.
Materialı şifahi izahetmə metodunun uğurlu tətbiq edilməsi, daha çox məşğələ rəhbərinin materialı nə qədər dərindən bilməsi, təcrübəsi, metodiki hazırlıq səviyyəsi, öyrənənlərdə materiala maraq yaratmaq, onlarda düşünərək anlamağı stimullaşdırmaq bacarığından asılıdır.
Öyrənilən materialın müzakirəsi metodu komandir hazırlığı və ictimai-siyasi hazırlıq mövzularının tədrisində geniş istifadə edilməlidir.
Söhbət – şəxsi heyət tərəfindən əvvəlcədən verilmiş sualların müzakirəsi, əvvəlcədən məlum olan suallara cavabların verilməsi vasitəsi ilə öyrətmə üsuludur.
Söhbət, tədris materialının müzakirəsinin əsas növlərindən biridir və seminarın sadələşdirilmiş formasıdır. Söhbət, nəzəri hazırlığı aşağı və orta səviyyəli olan hərbi qulluqçuların öyrədilməsində tətbiq edilir.
Söhbətin məqsədi - əvvəllər öyrədilən biliklərin sistemləşdirilməsi və dərinləşdirilməsi, həmin biliklərdə yeni anlayışların və təsəvvürlərin yaradılmasıdır. Bundan əlavə söhbət zamanı, öyrənənlərin fikirlərini sözlə ifadə etmə bacarıqları inkişaf edir, öz biliyinə inam artır.
Söhbətin aşağıdakı növləri mövcuddur:
1. Geniş-açıq: sərbəst fikir mübadiləsinə, canlı mübahisəyə, fərqli baxışların söylənməsinə xüsusi əhəmiyyət verilir, öz fikrini söyləmək və öz mövqeyini müdafiə etmək, ünsiyyət qurmaq və müzakirə etmək vərdişləri formalaşır. Məşğələnin sonunda məşğələ rəhbəri müzakirəyə yekun vurur; 2. Nəzarət-yoxlama: əsas məqsədi keçirilmiş materialın qavranmasını şifahi sorğu ilə yoxlamaqdır; 3. Məlumat vermə: məlumat verilir və öyrənənlərin müstəqil olaraq düzgün nəticələrə gəlib çıxmasına yönəldən suallar qoyulur.
Söhbət metodundan istifadə etdikdə məşğələnin nəticəsinin, çıxışların müzakirəsinin, ümumi yekunun düzgün açıqlanması vacibdir. Məşğələ rəhbəri çıxışları obyektiv qiymətləndirməli, əsas səhvləri araşdırıb səbəblərini ümumiləşdirməli, gələcək məşğələ üçün tapşırıqlar verməlidir. Söhbətin uğurlu alınmasını təmin etmək məqsədilə müzakirə sualları əvvəlcədən hazırlanmalıdır.
Seminar - öyrənənlər tərəfindən əvvəlcədən verilmiş müstəqil iş və sualların müzakirəsini nəzərdə tutan, biliklərin dərinləşdirilməsini, genişləndirilməsini və sistemləşdirilməsini təmin edən, öyrənənlərdə dərk etmə qabiliyyəti və yaradıcılıq təcrübəsi formalaşdıran, hərbi problemlərin əsaslandırılmış analizini, həlli yollarının kollektiv axtarılmasını və tapılmasını təqdim edən tədris formasıdır. Seminar tədris problemini müstəqil həll edə bilən, müəyyən hazırlığı və xidmət təcrübəsi olan öyrənənə keçirilir. Amma təəssüf ki, çox vaxt məşğələ rəhbərləri bir neşə öyrənən təyin edir, hər birinə bir sual verir, təyin olunmuş şəxslər həmin suallar üzrə hazırlaşır və seminarda çıxış edir. Bu çıxışlar əsasən məşğələ rəhbərinin dediklərini təkrar etməkdən ibarət olur. Çox sayda tədris sualı seçildiyindən müzakirələrə zaman qalmır. Çıxış edən şəxsdən başqa qalan öyrənənlər passiv rol oynayır.
Qrup məşğələləri − silah və hərbi texnikanın istismarı, təmiri, istifadə etmə qaydalarının taktiki fəaliyyət növləri üzrə tapşırıqların həllini mənimsəmək məqsədilə keçirilən tədris formasıdır. Məşğələ xüsusi siniflərdə, çöl tədris bazasında köməkçi avadanlıq və vasitələrdən maksimum istifadə etməklə keçirilir. Qrup məşğələləri mühazirə və fərdi hazırlıq saatlarında alınan biliklərin dərindən mənimsənilməsinə yardım edir. Bundan başqa qrup məşğələləri dəqiq hesablamalarla müəyyən tapşırıqların həlli üçün vacib vərdişləri məşq etdirməklə silahların, texnikanın, texniki vasitələrin və bölmələrin imkanlarının incəliklərinin öyrənilməsinə şərait yaradır.
Göstərmə – öyrənənlərdə müxtəlif fənd və hərəkətlərin reallığa çox yaxın olan şəklini formalaşdırmaq məqsədi ilə tətbiq edilir. Bu metoddan istifadə etməklə öyrənənlərin görmə yaddaşında lazım olan fəaliyyətlər həkk olunur.
Məşğələlərdə aşağıdakı göstərmə növlərindən istifadə edilir:
- öyrənilən fənd və fəaliyyətlərin rəhbər tərəfindən göstərilməsi;
- silah və hərbi texnikanın göstərilməsi;
- hərbi texnikanın, silahların modellərinin (şəkli, maketi və s.) göstərilməsi;
- film, animasiya vasitələri ilə (video, səsyazma və s.) nümayişlər.
Məşğələnin məqsədi və tərkib hissəsindən asılı olaraq, göstərmə əvvəlcədən hazırlanmış və təlimatlanmış öyrənənlərlə (bölmələrlə) icra edilə bilər (nümunəvi, metodiki məşğələlərdə və ya təlim filmlərinin nümayişi ilə). Fərdi göstərmə metodunun mahiyyəti “Mənim kimi et!” cümləsi ilə xarakterizə edilir. Göstərmə nümunəvi olmalıdır. Bəzi hallarda əks göstərmə fəndindən istifadə etmək olar (yəni, əvvəl düzgün icra edilməyən, sonra isə düzgün, yol verilən səhvlər nəzərə alınmaqla). Tədris filmləri və digər əyani göstərmə onların savadlı, səlis izahı ilə müşayiət edilməlidir.
Çalışma (məşq) – metodunun mahiyyəti öyrənənlərdə vərdiş bacarıq və vacib peşə keyfiyyətlərinin formalaşması məqsədilə müəyyən fəndlərin dəfələrlə təkrar edilərək lazım olan səviyyəyə çatdırılmasıdır. Hər bir fənd sadəcə təkrar edilməli, tədricən çətinləşdirilməsi nəzərdə tutulmalıdır.
Öyrətmədə (tədrisdə): sıra, fiziki, atış, texniki, taktiki hazırlıq və kompleks çalışma növlərindən istifadə edilir və çalışmalar giriş (başlanğıc), əsas və məşq çalışmalarına bölünür.
Giriş çalışmaları, örənənlərə və bölmələrə lazım olan fənd və fəaliyyətlərin yavaşıdılmış tempdə dəqiq icra edilməsini təmin etməyə xidmət edir.
Əsas çalışmalar, öyrənənlərdə və bölmələrdə yüksək peşəkar səviyyədə vərdiş və bacarıq formalaşdırmaq və inkişaf etdirmək məqsədi daşıyır.
Məşq, hər hansı bir fəaliyyəti (fəndi) şüurlu olaraq dəfələrlə təkrarlamaqla öyrənənlərin vərdiş və bacarıqlarını təkmilləşdirmək və möhkəmləndirmək üçün istifadə edilir.
Alınan biliklərin yüksək səviyyədə mənimsənilməsi üçün çalışma metodu ən vacib metodlardan biri sayılır, döyüş hazırlığının gedişində vərdiş və bacarıqların formalaşması üçün isə əsas rol oynayır.
Bütün qoşun növlərində silah, hərbi texnika və texniki vasitələrə xidmət, onların istismarı və digər fəaliyyətlərin icrasının təmin edilməsi üçün çalışmalar hazırlanmalı və məşq edilməlidir. Çalışmalar fərdi və qruplarla keçirilə bilər, həmçinin çalışma müstəqil metod kimi digər metodlara da daxil edilə bilər.
Çalışma metodunun uğurlu keçirilməsinə nail olunur:
- keçirilməsinin vacibliyi dərk ediləndə (cəzalandırmaq və ya əziyyət vermək üçün deyil);
- fənd və fəaliyyətlər dərk edilərək icra ediləndə (təfəkkür və aktivlik prinsiplərinə əsaslanaraq) – bacarıq və vərdişlərin formlaşması üçün kifayət qədər təkrarlandıqda;
- çalışma zamanı diqqətin yayınmaması təmin edildikdə;
- tam öyrədilmə təmin edilərək, hər bir fəaliyyətlərin vaxta görə bölüşdürülməsində (yaxşı təşkilatçılıq);
- müsbət emosional əhval-ruhiyyə yaradıldıqda;
- çalışmalar biri-birindən fərqləndikdə, öncə keçirilən çalışmalara fərqli tərəfdən yanaşdıqda;
- fərdi yanaşma tələblərinə riayət edildikdə;
- səhv fəaliyyətlərin təkrarına yol verilmədən, səhv vərdişlərin formalaşmasının qarşısı dərhal alındıqda;
- çalışmada qavrama tələblərinə riayət edildikdə.
Praktiki işin məqsədi - fənlər və ya fənlər qrupu üzrə, həmçinin vəzifə təyinatları nəzərə alınmaqla öyrənənlərdə qazanılmış biliklərin möhkəmlənməsi, praktiki vərdişlərin əldə edilməsi və təkmilləşdirilməsidir.
Praktiki işin əsas növləri:
- hərbi texnikaya və silahlara xidmət və onların təmiri,
- taktiki təlimlər,
- döyüş atışları,
- uçuşlar və sair praktiki məşgələlərdir.
Hərbi qulluqçuları öyrətmə metodları sistemində şəxsi heyətin müstəqil hazırlığı əsas rol oynayır. Bu metod bütün digər öyrətmə metodlarının müvəffəqiyyətinin əsasını təşkil edir.
Müstəqil hazırlıq – öyrətmənin vacib metodu olaraq, özündə müştərək fənd və üsulları əks etdirir. Bunları tətbiq etməklə öyrənənlər rəhbərin bilavasitə iştirakı olmadan əvvəllər qazanılmış bilik, bacarıqlarını və təcrübələrini zənginləşdirir və həmçinin yeni biliklərə yiyələnirlər.
Nəticə:
1. İldə bir neçə çağırışın olması və bölmələrin müxtəlif çağırışdan olan əsgərlərlə komplektləşdirilməsi səbəbindən şəxsi heyət fərqli hazırlıq səviyyəsinə malikdir. Döyüş hazırlığı məşğələlərinin forma və metodları seçilərkən buna diqqət yetirilməsi məşğələlərin daha effektiv olmasına zəmin yaradır.
2. Bir şeyi öyrənərkən insanın daha çox hissiyyat orqanları iştirak edərsə, daha asan öyrənər və öyrəndikləri daha uzun müddət yadda qalar. Odur ki, şəxsi heyətin eşitməsi, görməsi, özünün deməsi, özünün icra etməsi və s. kimi üsullardan istifadə etməni məşğələlərə daxil etmək məqsədəuyğundur.
3. Öyrətmənin əsas məqsədi şəxsi heyəti döyüşə hazırlamaqdır. Odur ki, nəzəri məşğlələrə minimal yetərincə vaxt ayıraraq, əsas metod kimi çöldə və texnika üzərində praktiki məşğələlərə üstünlük verilməlidir. İnsan nəyi mükəmməl öyrənirsə ekstremal vəziyyətlərdə yalnız onu icra edə bilir.
4. “Mənim kimi et” prinsipinə kifayət qədər yer vermək şəxsi heyətdə tələb olunanın mümkünlüyü, komandirinə güvən kimi hissləri yaradır. Bu da həm öyrənməyə, həm də tədris və tərbiyənin vəhdətinə kömək etmiş olur.
5. Məşğələlərin əsas ruhunu “öyrənək ki, qalib gələk” təşkil etməlidir, bezdirmək və ya cəzalandırmaq deyil.
6. Əsas məsələ tədris sualına və ya məşğələyə ayrılan vaxta əməl etmək deyil, öyrənməkdir. Odur ki, öyrətməyə ehtiyac olan qədər vaxt sərf etmək lazımdır. Buna məğələ vaxtını uzatmaqla deyil, qalan sualları gələn məşğələyə keçirməklə, məşğələ vaxtından əvvəl bitərsə qalan vaxtı sərbəst hazırlıq və ya dincəlmək üçün istifadə etməklə nail olunur.
7. Məşğələ vaxtı şəxsi heyətin təhlükəsizliyi təmin olunmalıdır. Amma şəxsi heyətin zədələnmə hallarına görə məşğələ rəhbərinin cəzalandırılması yolverilməzdir. Çünki bu, məşğələlərin sadələşdirilməsinə və praktiki məşğələlərin nəzəri məşğələlərə çevrilməsinə gətirib çıxaracaq.
8. Məşğələ rəhbərlərinə məşğələlərin forma və metodlarını seçmək öyrədilməlidir. Əks təqdirdə səhv planlaşdırma hədəfə çatdırmayacaq.
9. Seminarların keçirilməsi bir neçə nəfərin hazırlaşıb çıxış etməsindən, əksər hallarda məşğələ rəhbərinin dediklərini təkrar etməkdən ibarət olmalı deyil, bütün iştirakçıların canlı və sərbəst müzakirəsinə çevrilməlidir.
10. Məşğələlər üçün bütün mümkün olan hallarda taktiki şərait yaratmaq lazımdır ki, öyrənmə prosesi bütövlükdə döyüş tapşırığının yerinə yetirilməsinə xidmət etsin.
Mənbələr:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
http://www.compancommand.com/index/formy_i_metody/0-703
https://studopedia.ru/12_142640_sistema-boevoy-podgotovki-formi-i-metodi-obucheniya.html
https://studbooks.net/1202757/bzhd/formy_metody_poryadok_organizatsii_moralno_psihologicheskogo_obespecheniya_boevoy_podgotovki
http://militaryarticle.ru/vestnik-akademii-voennykh-nauk/2005-vavn/10551-osnovnye-formy-i-soderzhanie-metodiki-boevoj
https://med-books.info/psihologiya-pedagogika-voennaya/formyi-metodyi-organizatsii-provedeniya.html
http://voenservice.ru/boevaya_podgotovka/metodicheskaya_podgotovka/formyi-i-metodyi-obucheniya/
http://allrefs.net/c13/4dv72/p7/
https://revolution.allbest.ru/war/00364656_0.html
http://voenservice.ru/boevaya_podgotovka/metodicheskaya_podgotovka/glavnaya-tsel-i-osnovnyie-zadachi-boevoy-podgotovki-printsipyi-obucheniya/
http://goup32441.narod.ru/files/ogp/001_oporn_konspekt/2012/2012-06-3.htm