Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti sabiq hərbi qulluqçu Tsolak Xaçatryanın məzuniyyət pulunu və tərxis edilməsinə görə birdəflik müavinətini ödəməyi düşünmür.
Söhbət təqribən 10 milyon dramdan gedir. Daha öncə erməni hərbi qulluqçu hökumət binası yanında 17 gün davam edən aclıq aksiyası keçirib. İyulun 24-də probleminin həlli ilə məşğul olacağını vəd edən Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan onunla görüşüb. Ermənistan ordusunun sabiq mayoru aclıq aksiyasını dayandırsa da, məcbur olaraq 5 gün sonra yenidən davam etdirib. 2-ci aclıq aksiyasının ilk günlərindən sabiq hərbi qulluqçunun səhhətində problemlər yaranıb, təzyiqi kəskin aşağı düşüb. Təcili tibbi yardımın müdaxiləsindən sonra səhhəti bir az yaxşılaşıb.
Onun sözlərinə görə, hərbi xidmət dövründə (1995-2014) təqribən 277 istifadə edilməmiş məzuniyyət günlərinə görə, Müdafiə Nazirliyi pul vəsaitini ödəməyib.
“Ödəniləcək vəsaitin həcmi 6 milyon dram təşkil edir. Bundan başqa gecikdirilən vəsaitə görə, qanuna əsasən tətbiq edilən cərimə də hesablanıb ki, nəticədə nazirliyin mənə 10 milyon dramadək borcu var. Qanuna görə, tərxis edildikdən sonra əmək haqqımın 15 misli həcmində birdəfəlik vəsait də ödənilməlidir. Bu vəsaiti də indiyədək almadığımdan aclıq aksiyası keçirirəm. 2-ci aclıq aksiyam uzun zaman davam etməyib.
Aclıq aksiyasının növbəti günü, iyulun 30-da yenə də hökumət nümayəndələri mənə yaxınlaşaraq aclıq aksiyasını dayandırmağa çağırdılar. Məni əmin etdilər ki, Müdafiə Nazirliyi onun işi ilə məşğuldur. Yaxında məsələyə müsbət cavab veriləcək. Bu dözülməz istidə oturmaq və ac qalmaq istəyim olmadığına görə bu insanlara inanaraq, daha bir neçə gün onlara vaxt verməyə qərar verdim. Əgər yenə də heç bir dəyişməzsə avqustun 5-dən etibarən aclıq aksiyasını bərpa edəcəm. Aclıq aksiyasının yaxşı qərar olmadığını başa düşürəm, lakin başqa çıxış yolum yoxdur. Problemim həll edilməzsə, həddindən artıq kəskin tədbirlərə əl atmağa hazıram”, - deyə Xaçatryan bildirib.
Keçmiş erməni zabit Müdafiə Nazirliyindən öz pulunu almaq üçün artıq 5 ildir mübarizə aparır. O, bütün orqanlara, məhkəmə qurumlarına müraciət etdiyini qeyd edir.
Məsələ ilə bağlı ötən həftə Ermənistan Müdafiə Nazirliyinə rəsmi sorğu göndərilsə də, hələlik heç bir cavab daxil olmadığı vurğulanır.
Alpər Mövludoğlu
Ordu.az