“2016-cı ildə rəqibin uğur əldə etməsinə imkan verən səhvlərə yol verilib” - Ter-Qriqoyants

2019/07/Untit-1564578844.jpg
Oxunub: 10629     10:40     01 Avqust 2019    
“Aprel döyüşlərində rəqibin uğur əldə etməsinə imkan verən səhvlərə yol verilib. Əgər belə olmasaydı, bu qədər itki olmaya bilərdi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi (1992-1995), 1993-cü ildə Müdafiə naziri vəzifələrini icra edən, general-leytenant Norat Ter-Qriqoryants müsahibəsində deyib.

Ermənistanda aprel döyüşlərinin istintaqı ilə məşğul olan parlament komissiyası sentyabr ayından etibarən komissiyanın işlərinə məsləhətçi və ya ekspert statusunda sabiq və indiki yüksək vəzifəli hərbçilərin cəlb edilməsinə dair qərar qəbul edib. Komissiyanın tərkibinə cəlb edilməsi nəzərdə tutulan yüksək vəzifəli şəxslər arasında Ter-Qriqoryantsın adının da çəkilməsinə gəldikdə general bildirib ki, ona heç kim zəng etməyib.

“Ola bilər ki, komissiyanın işinə cəlb etmək istəyirlər, lakin bu barədə ilk dəfə eşidirəm. Məni bir neçə dəfə Ermənistana (hazırda Moskvada yaşayır-red.) dəvət ediblər. İlk dəfə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə ay əvvəl zəng edərək, təhlükəsizlik sahəsində bir mütəxəssis kimi bəzi şeylər deməyimi xahiş edib, 3 saatdan artıq söhbət etmişik. Daha sonra məni prezident Armen Sarkisyan da Ermənistana dəvət edib. Ermənistanda Baş nazirin arvadı, daha sonra katalikos ilə görüşdüm. Bundan başqa Ermənistandakı Rusiya səfirinin dəvəti ilə əsasını qoyduğum 102-ci hərbi bazaya getdim. Bundan başqa heç kim məni dəvət etməyib”, - deyə Ter-Qriqoryants bildirib.

Komissiya sədri Andranik Köçəryanın onu dəvət etməyə hazır olması barədə bildirməsinə gəldikdə isə o qeyd edib ki, onu çox yaxşı tanıyır: “Köçəryanın indi qeyd edilən komissiyanın rəhbəri olduğunu bilmirdim. Ümumiyyətllə bu komissiyanın nə komissiyası olduğunu, nə ilə məşgul olacağını da bilmirəm”.

“Erməni tərəfindən nöqsanlar olubmu?” deyə aprel döyüşlərinin detallarını araşdıracaq istintaq komissiyasının olduğunu bildikdə Qriqoryants dəvət olunduğu halda cavab verəcəyini ifadə edib.

“Lakin hələki mənə heç kimin zəng etməyib. Yalnız nöqsanların təkrar edilməsinə yol verməmək məqsədilə komissiyada iştirak edə bilərəm, lakin kiminsə cəzalandırılmasında heç vaxt iştirak etməyəcəm. Ümumiyyətlə aprel döyüşlərinin detallarının araşdırılmasına zərurət yoxdur. İndi Ermənistanda davam edən müxtəlif araşdırmalar, istintaqlar, bir hərbçi, bir vətəndaş kimi mənim xoşuna gəlmir. İnqilab olub, iqtisadiyyatı möhkəmləndirin, dəyişikliklər edin, danışıqları elə aparmağa çalışın ki, müharibə olmasın. Levon Ter-Petrosyan məni Silahlı Qüvvələri yaratmağa dəvət etdi, mən də getdim, yaratdım. Bəzən Silahlı Qüvvələri yaradanlardan biri deyirlər, lakin bu belə deyil, məhz Silahlı Qüvvələri yaradanın özüyəm. Rusiya Müdafiə naziri ilə əməkdaşlıq edərək ordunun əsasını qoydum.

Müharibədə çox səhvlərə yol verilir. Lakin bu o demək deyil ki, bütün səhvlərə yol verənlər güllələnməlidir. 2016-cı ildə rəqibin uğur əldə etməsinə imkan verən səhvlərə yol verilib. Bu qədər itki olmaya bilərdi. Bu nöqsan və səhvləri göstərməyə hazıram. Lakin kimisə həbsə atmaqda iştirak etməyəcəm. Belə bir axmaqlıq etməyəcəm. Günahkarı istefaya göndərmək olar, lakin mühakimə etmək olmaz. Yalnız xəyanətkarı mühakimə etmək lazımdır”, - deyə erməni general aprel hadisələrində Ermənistan ordusunun xeyli sayda itki verməsini etiraf edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin