Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sarkisyan deyib
ABŞ-ın “Foreign Assistance” vasitəsi ilə Ermənistana xarici yardım büdcəsi bu qədər nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu vəsait 6.4 milyon dollar olub, 2018-ci ildə 6.80 milyon, 2017-ci ildə isə 26.41 milyon, 2016-cı ildə 23.10 milyon dollar təşkil edib. 2020-ci ildə nəzərdə tutulan vəsaitdən 100.000 dollar təhsil sahəsinə, 800.000 dollar iqtisadi inkişaf sahəsinə, 3 milyon 100.000 demokratiya və insan haqları sahəsinə, 1 milyon 500.000 dollar təhlükəsizlik sahəsinə (bu maddə üzrə münaqişələrin həlli də nəzərdə tutulur), qalan vəsait isə digər sahələrə ayrılıb. “Foreign Assistance” yolu ilə ən çox ayrılan yardım 2011-ci ildə 45.2 milyon dollar təşkil edib.

Rəqəmlərdə baş verən bu dəyişikliklərin səbəbini şərh edən Sarkisyanın sözlərinə görə, bu ilk növbədə ABŞ administrasiyasının xarici siyasətdəki prioritetlərə yanaşmasıdır və Ermənistan ABŞ üçün prioritet təşkil etmir.
“ABŞ administrasiyasının Ermənistana yardımları azaldacağı gözlənilən idi. Tramp administrasiyası dövründə yalnız prioritet təşkil edən, məsələn, İsrail, Əfqanıstan və digər dövlətlər ciddi yardım alırlar. Ermənistana gəldikdə isə kiçik bir vəsaitlə kifayətləniblər. Azərbaycana edilən yardım 2.5 milyon dollardır. Təhlükəsizliyə yardım xətti ilə Azərbaycana 100 milyon dollar, Ermənistana isə 0 həcmində vəsait ayrılır. Bu baxımdan Azərbaycan ABŞ üçün daha vacib prioritetdir. Bu ölkələr arasında yüksək səviyyədə təmaslar baş tutub, ciddi müzakirə olunan məsələlər var. Məsələn, Xarici İşlər nazirinin, Müdafiə nazirinin ABŞ dövlət katibi və Müdafiə katibi ilə birgə görüşünü göstərmək olar. Bu görüş bir il əvvəl baş tutub və təbii ki, Azərbaycan Əfqanıstan məsələsində ciddi yardım edir, bu da ABŞ tərəfindən yüksək qiymətləndirilir.
2017-ci illə müqayisədə 2018-ci il Ermənistana edilən yardımın kəskin azalması Donald Trampın hakimiyyətə gəlişi ilə bağlıdır. Tramp artıq 2017-ci ilin büdcəsinin təsdiq edildiyi bir vaxtda, 2016-cı ildə prezident olub və o, 2018-ci ilin büdcəsini təsdiq edib. Bu ABŞ-ın Ermənistana yeganə yardım xətti deyil. Konqresin nümayəndələr palatasında 40 milyon dollar yardım sənədi qəbul edilib. Bu sənəd Senatda da təsdiq edilməlidir. Yaxın vaxtlarda bu yardımın edilib-edilməyəcəyi məlum olacaq. Ermənistanda baş verən hadisələrdən sonra USAID xətti ilə edilən yardımları nəzərə almasaq, Tramp administrasiyası tərəfindən edilən yardımın həcmi artırılmayıb. ABŞ-ın ayırdığı yardımın bu həcmi bizim siyasətin dəyişməsinin səbəbi deyil. Lakin bizim hakimiyyət ABŞ-la daha fəal əməkdaşlıq edə bilərdi. Xüsusilə fəal işləməyə və miqyasını genişləndirməyə ilkin şərtlər olduğu bir vaxtda bundan faydalanmaq olardı”, - deyə Sarkisyan bildirib.
Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvü “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanın fikrincə bu rəqəmləri şərh etməyə ehtiyac yoxdur, bu sadəcə ABŞ Konqresinin qərarıdır.
“Ayrılan yardımın həcminin artırılması üçün işləmək lazımdır. Ermənistan hakimiyyəti Ermənistana yardımın azalması yox, artırılması üçün nə etdiyini deməlidir”, - deyə Marukyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az